ABŞ-ın çirkin oyunları
Siyasət

ABŞ-ın çirkin oyunları

SSRİ imperiyasının parçalanmasından sonra keçmiş postsovet ölkələrinə ayaq açmağa çalışan ABŞ, ilk baxışdan, həmin xalqlara nicat və firavanlıq yolunu vəd etmiş kimi görsənsə də, sonrakı proseslər bəlli etdi ki, hansı dövlət ABŞ-ın təsirinə məruz qaldısa, bu günə kimi daxili və xarici savaşların məngənəsinə düşüb.

Demokratiya adı altında ölkələrin daxili işinə qarışan, legitim hakim dairələri xalq üsyanları ilə devirən ABŞ bu günə qədər həmin yolla milyonlarla insanın ölüm səbəbinə çevrilmişdir. ABŞ-dan ixrac olunan "qızılgül", "məxməri", "narıncı", "ərəb baharı" və s. inqilablar "demokratik hərəkat" adı ilə bir sıra ölkələrdə hələ də davam edən vətəndaş müharibələrinə yol açmışdır. 2003-cü ildə Gürcüstandan başlayan məxməri inqilablar dövrü siyasi elitanın dəyişməsi ilə nəticələndi. Bir il sonra Ukraynada narıncı inqilab baş verdi və burada da eyni hal təkrarlandı.

2008-ci ilin sonundan başlayaraq həmin proses müsəlman ölkələrində "ərəb baharı" adı ilə vüsət aldı. ABŞ Şimali Afrika, Yaxın Şərq və Orta Şərqdə prosesləri nəzarət altına almaq, orada onun sözünü dinləməyən hakimiyyətlərin dəyişdirilməsi üçün bu planı işə saldı. Nəticədə Tunisdə, Liviyada, Misirdə hakimiyyət dəyişiklikləri baş verdi. Suriyada davam edən qardaş qırğını indi də davam edir. Beləliklə, ABŞ-ın "demokratiya ixracı" bəşəriyyətə xoşbəxtlik deyil, yalnız bədbəxtlik gətirmiş oldu. Bir nüansı da qeyd etmək lazımdır ki, nə qədər cəhdlər olsa da, xüsusilə də 2003-cü ildə Azərbaycanda belə halların qarşısı qətiyyətlə alındı.

ABŞ-ın çirkin xarici siyasət planı təkcə bununla da başa çatmır. Ən böyük rəqibi olan Rusiyanı Gürcüstan, Ukrayna kimi ölkələrlə müharibəyə sövq etmək ABŞ beyin mərkəzlərinin ən çox üstündə çalışdığı ssenarilərdən olub. Rusiyanın Gürcüstanla münaqişəsi tez bir zamanda başa çatsa da, Ukraynada bir ildən çoxdur ki, davam edən qanlı toqquşmalar hələ də davam etməkdədir. Günahsız insanların qanı üzərindən siyasət yürütməyi məharətlə bacaran kollektiv Qərbin "başbiləni" nəinki müharibələri dayandırmağa təşviq etmək, əksinə onun daha geniş miqyas alması üçün əlindən gələni edir. Bəzi siyasi rəhbərlərin təcrübəsizliyindən yararlanıb onlara şirin vədlər verən Ağ Ev eyni kökdən gələn xalqları bir-birinə qarşı vuruşdurmaqda illərin təcrübəsinə malikdir. Məsələn, slavyanlar, koreyalılar, ərəblər bu manipulyasiyadan əziyyət çəkən eyni etnikə malik olan toplumlardı.

Sözdə dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən ABŞ bu məsələdə də özünəxas olaraq ikili standartlar tədbiq edir. Bunun əyani sübutunu 30 il ATƏT-in keçmiş Minsk qrupundakı fəaliyyətidir. Gürcüstan və Ukraynada baş qaldıran separatizmə qarşı olduğunu açıq şəkildə bəyan etsə də, Azərbaycan üçün bu yanaşma tam fərqli olub. 1992-ci ildə Ermənistanın işğalçı siyasətini qınamaq əvəzinə, ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş qəbul edildi. Bu işğala məruz qalan dövlətə ən böyük zərbə, riyakarlığın zirvəsi idi.

ABŞ-ın 31 il əvvəl qəbul etdiyi bu rüsvayçı qərardan utanması lazım olduğu halda 907-ci düzəlişi yenidən gündəmə gətirməsi isə ermənipərəst mövqeyin təzahürüdür. Belə ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində bildirib ki, Azərbaycana yardım göstərilməsini dayandıracaq. Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, heç bir təəccüb də doğurmur. Çünki bir çox konqresmenlər erməni diaspor pul kisəsindən asılıdır.

Əslində konqresmenlərin bu cür çıxışlarında Azərbaycana qarşı ciddi təhlükə yoxdur. Bu günə kimi ABŞ ölkəmizə ciddi bir hərbi yardım da göstərməyib. Bunun əksinə uzun illər müxtəlif adlarla Qarabağda fəaliyyət göstərən separatçı rejimə milyonlarla dollar vəsaitlə yardım edib. Ona görə də belə qərarlar sadəcə ABŞ-ın nüfuzuna kölgə salır. Bilinməlidir ki, Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur və Ermənistandan fərqli olaraq öz iqtisadiyyatı hesabına güclü Orduya malikdir.

İlin əvvəlindən başlayaraq Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə töhfə verəcəyini açıqlayan Vaşinqtonun neytral tərəf tutmaq əvəzinə belə bir ikiüzlü "obraz" sərgiləməsi Bakıda da xoş qarşılanmadı. Haqlı olaraq Azərbaycan birtərəfli yanaşmanın onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara biləcəyindən ehtimal edir və 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmir.

Musa BAĞIRLI,

"Respublika".