ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış
Rəsmi

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzu sunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib

Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Əsas diqqəti COP29-a yönəldən Prezident İlham Əliyev bu mötəbər tədbirin Azərbaycanda keçirilməsinin önəmindən danışaraq deyib: "COP29 haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin".

COP29-un Azərbaycan üçün fürsət olacağını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: "Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Biz öz sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq".

Ölkəmizin iqtisadi uğurları barədə məlumat verən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərib. Prezident İlham Əliyev Azərbaycanın xarici borcunun çox aşağı - hətta hazırda ümumi daxili məhsulun 8 faizindən də az olduğunu diqqətə çatdırıb.

Regionda sülhün əldə olunması üçün atılan addımlardan danışan Prezident İlham Əliyev qeyd edib: "Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. Biz bunu edirik".

Dövlətimizin başçısı bu prosesdə COP29-un əla fürsət olduğunu vurğulayıb. Bildirib ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlığa yol açacaq.

Bölgədə sabitliyin pozulması cəhdlərinə də toxunan dövlətimizin başçısı vurğulayıb: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nəyi isə sübuta yetirsinlər. Biz, sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və bu gün Ermənistanın qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq".

***

Qeyd edək ki, forumda 30 ölkədən 70-dək ekspert iştirak edib (Forum haqqında daha geniş material veriləcək).

AZƏRTAC.