Adın şərəflidir...
Region

Adın şərəflidir...

Rayon icra hakimiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları, eləcə də rayonun ictimai-siyasi həyatında fəallıq göstərmiş qadınlarla görüş keçirilib. Rayon rəhbəri Rövşən Bağırov əlamətdar gün münasibətilə qadınları, şəhid analarını təbrik edərək onlara xoşbəxtlik və səadət arzulayıb. Qeyd olunub ki, qadınlarımız ölkənin bütün ali orqanlarında və həyatın digər sahələrində əzmlə, məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün xeyirxah əməlləri bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.

Bu il Qadınlar Günü daha qürurla qeyd olunur. Çünki onların Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladlar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 illik düşmən işğalına son qoydu. Çıxış edənlər Azərbaycan qadınının tarix boyu müdrikliyi, işgüzarlığı və saflığı ilə parlaq səhifələr yazdıqlarından bəhs etdilər. Mərasim iştirakçıları ölkəmizdə qadınlara, analara göstərdikləri yüksək diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallıq göstərmiş qadınlar RİH-in Fəxri Fərmanı ilə təltif olunub və onlara qiymətli hədiyyələr verilib.

M.NƏRİMANOĞLU,

“Respublika”.