Ağdam: şəhərsalmanın yeni modeli
Region

Ağdam: şəhərsalmanın yeni modeli

Otuz ilə yaxın Ermənistanın işğalı və hərbi təcavüzü altında qalan, erməni faşistləri tərəfindən talan edilən, yağmalanan, dağıdılan qədim yurd yerlərimiz Qarabağ və Şərqi Zəngəzur Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman silahlı qüvvələrimizin bölmələrinin şücaəti sayəsində azad edildikdən sonra bu torpaqlara həyat qayıdır. İşğaldan azad olunmasından cəmi iki ildən bir qədər çox keçməsinə baxmayaraq, düşmənin Ağdamda törətdiyi xarabalıqların yerində yeni və müasir binaların ucalması firavan və xoşbəxt gələcəkdən xəbər verir. Çəkilən yeni və rahat yollar keçmiş məcburi köçkünlərin Böyük Qayıdışında müstəsna əhəmiyyət daşıyacaq. Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu, şəhərsalmanın yeni modelinin tətbiq edildiyi qədim yurd yerimiz regionun ən gözəl şəhərlərindən birinə çevriləcək.

Hazırda Ağdamda 24 çoxmənzilli bina inşa olunur, tikinti ən müasir memarlıq ənənələri əsasında aparılır, binaların ikisində tikinti işləri yekunlaşıb, qalan binalarda isə armatur-beton işləri aparılır. Qeyd edək ki, tikintidə işlər üç növbədə davam edir. Binalarda 1, 2, 3 və 4 otaqlı mənzillər, qeyri-yaşayış sahələri və yeraltı dayanacaqlar olacaq. Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub və tikinti üzrə işlərin 64 faizi yerinə yetirilib. Bərdə-Ağdam avtomobil yolunun tikintisində də işlər sürətlə aparılır, Ağdamın Qarabağda mühüm nəqliyyat qovşağına çevrilməsi istiqamətində iri layihələr icra olunur.

Qədim tarixə malik, daş kitabələri ilə məşhur olan Ağdamda XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xan ağ daşdan ev tikdirib. Şəhərin adı da buradan götürülüb. Erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən biridir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vəhşiliyinə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini dağıdıblar. İmarətdəki çinar ağaclarını kəsib, buradakı meyvə bağını məhv ediblər. Bu ərazidəki futbol stadionunu yerlə-yeksan edən ermənilər İmarəti erməniləşdirməyə də cəhd göstəriblər. Hazırda qədim imarət kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa və restavrasiya edilir. Xan qızı Natəvanın qəbirüstü abidəsi yenidən hazırlanaraq yerinə qaytarılıb.

Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Həmin məscid 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid "Qarabağ məscid memarlığı" məktəbinə aiddir. İşğal illərində ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Heydər Əliyev Fondu tərəfindən Ağdam məscidi yenidən qurulur və bərpa edilir.

Şəhərin simvollarından biri hesab edilən Ağdam Dram Teatrının binasının qalıqları açıq səma altında muzeydə saxlanılacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov teatrın işğaldan əvvəlki fotosuna istinad edərək bildirib ki, binanın qarşısındakı Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasındakı Fərhadın heykəlini zamanı gələndə öz yerinə qaytaracağıq. Şəhərin mərkəzində xarabalıqlar arasında Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. Şəhərdə yenidənqurma işləri elə bir səviyyədə həyata keçirilir ki, həm dayanıqlı, həm də düşmənə gözdağı olsun. Bu gün Ağdamda avtomobil yolları, rabitə-kommunikasiya, internet, kabel tv kimi ən müxtəlif layihələr icra edilir.

Təsadüfi deyil ki, BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu kimi mötəbər tədbirin birinci günü Ağdamda keçirilib. Qeyd edək ki,  Forumda 40-dan çox ölkənin nümayəndələri iştirak edib. Beynəlxalq tədbirdə çıxış edən Prezident İlham Əliyev ermənilərin 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurda törətdikləri vəhşiliyini, qəsbkarlığını, düşmənin barbarlığını və vandalizmini diqqətə çatdıraraq bildirib ki, biz Qarabağı və Şərqi Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır.

Bir sözlə, Ağdamda şəhərsalmanın ən yeni modeli qurulur. Bənzəri olmayacaq bir şəhər tikilir. Qədim şəhərin xarabalıqları ermənilərin vəhşi bir toplum olduğunu, yeni Ağdamın tikintisi isə azərbaycanlıların dinc, qurucu, sülhpərvər xalq olduğunu göstərir.

Salman ALIOĞLU,

"Respublika".