Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Füzulililər ulu öndər Heydər Əliyevin onlara göstərilən diqqət və qayğısını heç zaman unutmurlar. Füzulinin ən ağır vaxtlarında xalqımızın haqlı tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkədə baş verən anarxiyanın, dərəbəyliyin və başıpozuqluğun qarşısını almaq üçün çox gərgin fəaliyyətə başladı.

1994-cü il yanvar ayının 4-də milli ordunun hərbi hissələri Füzuli istiqamətində əks-hücum əməliyyatı keçirərək düşmənə ağır və sarsıdıcı zərbələr vurdu, Ermənistanın bu istiqamətdə hücumları dayandırıldı, 22 yaşayış məntəqəsi işğalçılardan azad edildi. Bu qələbə Füzuli camaatında böyük ruh yüksəkliyi yaratdı. Bu barədə Horadiz şəhərində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Tarix yazan əbədiyaşar lider" adlı konfransda ətraflı məlumat verilib. Konfransda rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dahi lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Konfransda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, hər zaman xalqının, millətinin firavanlığı və xoşbəxt gələcəyi naminə fədakar fəaliyyətindən bəhs edib. Bu gün sevincini və qürurunu yaşadığımız böyük Zəfərin və bütöv Azərbaycanın ümummilli lideri Heydər Əliyev siyasətinin nəticəsi olduğu diqqətə çatdırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 23 saat davam edən uğurlu antiterror tədbirləri müasir hərb tariximizin şanlı qəhrəmanlıq səhifəsidir. Sonra YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xilaskarlıq missiyasından danışıb, YAP-ın yaradılmasının ümummilli liderin siyasi iradəsi sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Tədbirin sonunda Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən dahi şəxsiyyət Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilmiş "Əbədiyaşar Lider" adlı bədii qiraət müsabiqəsinin iştirakçılarının ifasında dahi Heydər Əliyevə həsr edilmiş şeirlər dinlənilib.

***

Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli şəhəri sürətlə, keyfiyyətlə, modern üslubda inşa edilir, həyat əhəmiyyətli infrastruktur layihələr icra olunur.

Artıq Füzuli şəhərinə vaxtilə buradan didərgin düşən keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Doğma yurda qayıdan insanlara dövlət tərəfindən hər cür şərait yaradılıb, məktəblər, xəstəxanalar inşa olunub. Dövlətimizin başçısı İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Füzuli şəhərində idman kompleksi də inşa olunacaq. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə təməli qoyulan ilk idman kompleksinin ümumi sahəsi 17 hektardır. Kompleksin baş planına əsasən, burada 200 yerlik tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, badminton, minifutbol məşqlərinin və yarışların, eyni zamanda idmanın müxtəlif növləri üzrə turnirlərin keçirilməsinə imkan verən universal zal inşa ediləcək. Bundan başqa, kompleksdə 100 yerlik tamaşaçı tribunası olan üzgüçülük zalı, güləş, cüdo, boks, karate növü üzrə məşq və trenajor zalları yaradılacaq. Binada inzibati otaqlar, kafe, anbar və digər texniki sahələr də nəzərdə tutulub. Burada, həmçinin sauna və masaj otaqları, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi şərait yaradılacaq. Ərazidə süni ot örtüklü minifutbol meydançası, açıq havada idman alətləri ilə təchiz edilmiş meydança və texniki bina istifadəyə veriləcək.

Salman ALIOĞLU,

"Respublika".