Ağdam-Xankəndi: ən qısa təchizat yolu
Region

Ağdam-Xankəndi: ən qısa təchizat yolu

Ermənistan tərəfinin Laçın dövlət sərhədində nümayiş etdirdiyi siyasi şoular sülh prosesinə kölgə salır. Azərbaycan tərəfi ilə razılaşdırılmadan "humanitar" yük maşınlarının əraziyə cəlb edilməsi növbəti erməni təxribatıdır. Azərbaycan tərəfi dəfələrlə humanitar yüklərin erməni əhalisinə çatdırılması üçün Ağdam-Xankəndi yolunu təklif etsə də humanizm prinsipləri çərçivəsində atılan bu addım cavabsız qalmışdır. Lakin bununla belə Ermənistan tərəfi müxtəlif manipulyasiyalarla saxta beynəlxalq fikir formalaşdırmağa cəhd edir. Revanşist Ermənistan hakimiyyəti məkrli planlarla çıxılmaz yola doğru sürüklənir.

Aprel ayından etibarən, Laçın sərhəd-buraxılış məntəqəsinin açıldığı ilk günlərdən Ermənistan hakimiyyətinin və sülhü istəməyən anti-Azərbaycan dairələrinin bu yol vasitəsilə humanitar yardım adı altında hərbi yüklərin, silah-sursatın qanunsuz daşımasının qarşısı alınmışdır.

Qarşı tərəfin göstərdiyi spekulyativ və qərəzli səbəblər isə onların xislətini bir daha sərgiləyir. Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın rəhbərliyi altında bir neçə muzdlu şəxsin Ağdamdan  Xankəndiyə gedən yolu beton plitələrlə bağlaması Ermənistanın hər vasitə ilə təxribatlara əl atması kimi qiymətləndirilir. Ölkəmizin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində bu mənfur əməllərin qarşısı dərhal alınsa da, Ermənistan tərəfi təxribatlara son vermək niyyətində deyil.

Təxribatların səbəbi aydındır. Belə ki, qarşıda sülh müqaviləsinin imzalanması kimi çox vacib bir məsələ var. Bu ərəfədə məhz Nikol Paşinyan İranın, Hindistanın və Fransanın havadarlığı ilə mövcud vəziyyəti qəlizləşdirir. Dəfələrlə Brüssel və Moskva görüşlərində bu məsələlər ətrafında fikir mübadiləsi aparılsa da, baş nazir Paşinyan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh gündəliyindən kənar bəyanatlarla prosesi uzatmaq niyyəti güdürlər. Laçın dövlət sərhəddində yaradılmış süni sıxlıq, Xankəndidəki "oturaq aksiya", bütün bunlar təxribat xarakteri daşıyır. Bununla yanaşı, dövlət rəsmilərinin bu qəbildən bəyanatları isə heç bir beynəlxalq norma və prinsiplərə uyğun gəlmir.

Laçın yolundan ermənilər daim cinayət tərkibli əməllər üçün istifadə etmişlər. Müxtəlif diversiya qruplarının hərəkəti, silah-sursatın keçirilməsi, narkotik tranziti məhz bu yol vasitəsilə reallaşdırılırdı. Digər tərəfdən beynəlxalq aləmin qərəzli siyasi şəxsləri qəsdən bu yol vasitəsilə Xankəndiyə səfərlər həyata keçirmişlər. Şükürlər olsun ki, bu gün Azərbaycan dövləti belə qanunsuz əməllərin qarşısını alıb. Laçındakı sərhəd-buraxılış məntəqəsi Azərbaycanın haqq işidir və təhlükəsizliyinin qarantıdır. Məhz sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra ərazidəki cinayət əməllərinin qarşısı alına bildi. Buna görədir ki, bu gün haylar bu yol vasitəsilə artıq öz çirkin əməllərini reallaşdıra bilmirlər deyə, Laçın dövlət sərhədində siyasi şou hazırlayıblar.

Azərbaycan öz suveren ərazilərində

 məskunlaşmış erməni əhalisinə qarşı hər cür qayğı göstərməyə hazırdır. Buna baxmayaraq, reinteqrasiya çərçivəsində danışıqların aparılması üçün Yevlaxa dəvət edilən erməni əhalisinin nümayəndə heyəti bu görüşdən də boyun qaçırdı. Onların humanitar ehtiyaclarının ödənilməsi üçün Azərbaycan tərəfi heç bir maneə törətmir, əksinə, bu cür riyakarlığa məruz qalır. Lakin Azərbaycanın təklif və tələbi qətidir. Humanitar yüklərin daşınması Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə həyata keçirilməlidir. 

2014-cü ildə Rusiya Donetsk və Luqanska humanitar maşın karvanı göndərmək istəyəndə ABŞ, BMT, ATƏT və digərləri dərhal bəyanatlarla çıxış edərək Rusiya tərəfindən atılan bu addımı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təhdid olaraq qiymətləndirdilər. Bildirildi ki, humanitar yüklərin daşınması Ukrayna ilə razılaşdırılmayıb və Ukrayna tərəfinin icazəsi olmadan belə bir addımın atılması qətiyyən yolverilməzdir. İndi də eyni şey Ermənistan tərəfindən edilir. Azərbaycanla razılaşdırılmadan ermənilər guya Qarabağda "humanitar fəlakətin" qarşısını almaq üçün onlara yardım aparmaq adı ilə çıxış edirlər. Lakin bu dəfə beynəlxalq birlik 2014-cü ildə sərgilədiyi mövqeyi, yəni Ukraynaya göstərdikləri münasibəti göstərmirlər. Əksinə, o mövqedən çıxış edirlər ki, bu, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birbaşa təhdiddir. Odur ki, ikili standartların olması faktı ortadadır.

Qeyd edək ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili iclas keçirdi. Sözügedən iclasın baş tutmasından əvvəl Ermənistan tərəfi əsaslı nəticə əldə edəcəyini güman etsə də, iclas onların diplomatik müstəvidəki növbəti fiaskosu ilə nəticələndi. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışaraq beynəlxalq ictimaiyyətə erməni yalanlarını sübuta yetirmiş oldu. Ağdam-Əsgəran-Xankəndi yolundan hayların imtina etməsiylə bağlı Yaşar Əliyev bildirdi ki: "Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə - "İpək Yolu" və ya M2 avtomobil yolu kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir".

Erməni azlığını humanitar yardımla təchiz etməyin ən qısa yolu Ağdam-Xankəndi marşrutundan istifadə etməkdir. Sovet dövründə Qarabağın humanitar təchizatı məhz bu yol vasitəsilə həyata keçirilir, onun Azərbaycan SSR-in qalan hissəsilə və SSRİ-nin digər respublikaları ilə əlaqələri təmin edilirdi. 1970-ci illərin sonlarında Azərbaycan SSR hökuməti  Yuxarı Qarabağa Bakı-Ağdam-Xankəndi dəmir yolunun tikintisini də başa çatdırdı və bu, bölgənin avtomobil rabitəsini tamamladı.

Nurlan ABDALOV,

"Respublika".