Ağdam-Xankəndi yolunun açılması xəbis niyyətləri pozdu
Digər xəbərlər

Ağdam-Xankəndi yolunun açılması xəbis niyyətləri pozdu

Qarabağda yaşayan erməni əsilli əhalinin, xüsusilə də Xankəndidə yaşayan ermənilərin ərzaq qıtlığı ilə bağlı heç bir çətinliyi yoxdur. Bu mövzuda qəti şəkildə böhrandan söhbət gedə bilməz. Bunu dövlət başçısı da, siyasi ekspertlər də dəfələrlə vurğulayıblar. Ermənistanın bu istiqamətdə qurduğu məlum şou sadəcə öz maraqlarına xidmət edir. Köhnə ssenarilər üzərində qurulan şoularda alətə çevrilən isə Qarabağın erməni əsilli Azərbaycan vətəndaşlarıdır.

Ermənistanın bu tip siyasi oyunları davam edir. İstər beynəlxalq təşkilatlar, istərsə də dövlətlər səviyyəsində düşmən ölkəyə havadarlıq edən, yalançı səmimiyyət göstərən qüvvələr də var. Sözsüz ki, Ermənistanın siyasi oyununun əsas məqsədi Laçın yolunun nəyin bahasına olursa-olsun açılmasına hesablanmışdı. Lakin qarşı tərəf və onları müdafiə edən xarici qüvvələr bir şeyi unudurdular ki, burada söhbət Azərbaycanın suveren ərazisindən gedir. Əlbəttə ki, Azərbaycan öz ərazilərinə, sərhədlərinə nəzarət etdiyi kimi, kənardan daxil olan hər hansı yüklərin yoxlanılmadan keçməsinə də yol verə bilməz. Bütün prinsip və normaları nəzərə alan Azərbaycan sözügedən "böhranla" bağlı daha əlverişli, qısa, həm təhlükəsizlik baxımından, həm də bir çox parametrlərə görə daha üstün olan Ağdam-Xankəndi yolundan istifadəni təklif etmişdir. Ölkəmiz dəfələrlə müxtəlif instansiyalarda həmin yolun Xankəndiyə zəruri yüklərin daşınması üçün uyğun olduğunu vurğulayıb. Ermənistan tərəfi isə havadarlarının dəstəyi ilə yalnız Laçın yolu üzərində dayanaraq şousunu davam etdirirdi.

Ermənistanın bütün oyunları kimi, bu şousu da fiaskoya uğradı. Haylara havadarlıq edən beynəlxalq qüvvələr Cənubi Qafqazda separatçılıq ocağını alovlandırmağa və bununla da öz mənfəətlərini güdməyə çalışsalar da, istər ABŞ, istər Fransa kimi digər dövlətlərdən gələn dəstəklər tarixə qovuşdu desək, yanılmarıq.

Azərbaycan özünün dəqiq və qətiyyətli siyasi mövqeyi ilə qarşı tərəfin bütün oyunlarını öz qələbəsi ilə yekunlaşdırır. Ermənistan Qarabağdakı separatizmin qorunmasına hesablanan oyunlarla, beynəlxalq müstəvidə Bakıya təzyiq edilməsinə çalışırdı. Hətta bununla bağlı məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarsalar da heç bir nəticə əldə edə bilmədilər. Proseslərdə xüsusi canfəşanlıq göstərən Fransa Ermənistanın aktiv dəstəkçisi rolunda çıxış edirdi. Lakin Azərbaycanın siyasi gücü və haqlı tələbi qarşısında heç bir cəhd nəticə vermədi və rəsmi Bakı suverenliyimiz üzərindən oynanılan bütün oyunları pozaraq yenə də qalib çıxdı.

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qırmızı Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu 1 TIR ərzaq yükü sentyabrın 12-də Ağdam-Əsgəran-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postundan keçərək Xankəndiyə çatıb. Onu da qeyd edək ki, Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndiyə keçmək üçün 2 gün idi ki, Bərdədə gözləyirdi. Bu, Ağdam-Xankəndi marşrutu üzrə ilk yükün keçidi olaraq tarixə düşəcək. Nəticə etibarilə, Ağdam marşrutunun açılması artıq öz həllini tapdı və Azərbaycanın suveren ərazisinə yüklərin öz ərazimizdən daxil edilməsinə başlanıldı. Bu, rəsmi Bakının prinsipial mövqeyinin qəbul edilməsi və praktiki mərhələdə növbəti qələbəsidir. Azərbaycan bu məsələdə təkcə Ermənistanı yox, onu dəstəkləyərək bölgədəki maraqlarını Qarabağ üzərindən həyata keçirməyə cəhd edən beynəlxalq oyunçuları da məğlub etdi. Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon söhbətində bildirmişdir ki, yalnız Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın-Xankəndi yolu açıla bilər, bu da yalnız Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə mümkün olacaq.

Beləliklə, Bakı erməni əhalisinin yaşadığı ərazilərlə bağlı tələblərindən birinə - Ağdam-Xankəndi yolunun açılmasına nail oldu. Suveren ərazilərimizdə Ermənistanın dəstəklədiyi və rəsmi şəkildə maliyyələşdirdiyi separatçı rejimin özünü buraxması, Qarabağdakı erməni silahlı qüvvələrinin bütün ünsürlərinin Azərbaycandan çıxarılması, bölgədəki qanunsuz silahlı dəstələrin tərk-silah edilməsi tələbi qalır. Rəsmi Bakının bunlarla bağlı mövqeyi qətidir.

Ramidə YAQUBQIZI,

"Respublika".