Unudulmayan mərd oğullar
Region

Unudulmayan mərd oğullar

Bərdədə Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Nərimanov İdris Nazim oğlunun doğum günü qeyd olunub.

Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Mehdili İƏD üzrə nümayəndəliyinin, Ə.Dadaşov adına Xanağalı kənd orta məktəbinin rəhbərliyi, şəhidin ailə üzvləri və kənd ictimaiyyəti iştirak etmişdir. Şəhidin məzarı ziyarət olunmuş, qəhrəman Azərbaycan əsgərinin şücaətindən bəhs edən çıxışlar olmuşdur. Şəhidin ailə üzvləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

İdris Nərimanov 10 iyul 2000-ci ildə Bərdə rayonu Xanağalı kəndində anadan olub. 2018-2020-ci illərdə müddətli əsgər kimi Azərbaycan Ordusunda hərbi xidmət keçib. Xidmətdən qayıtdıqdan sonra yenidən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına qarşı başlanan əks-hücum əməliyyatı zamanı İdris Nərimanov Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibə zamanı baş atıcı kimi hərbi xidmətini yerinə yetirib. 10 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətindəki döyüşlərdə şəhadətə ucalıb. Bərdə rayonu Xanağalı kənd qəbiristanlığında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Nərimanov İdris Nazim oğlu ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Vətən müharibəsi zamanı İdrislə bərabər qardaşı Sədi də tankçı kimi döyüş əməliyyatlarında iştirak edib. Hazırda hərbi xidmətini davam etdirir.

Vəli VƏLİYEV,

"Respublika".