Hünər və şücaət
Region

Hünər və şücaət

Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Vətənin qeyrətli oğullarından biri də Əli Mehdizadədir. Cənub mirvarisi Lənkəranda dünyaya göz açan bu ölməz hünər sahibi yaşasaydı ömrünün 22-ci ilini yola salardı. Əlinin həyat yolu qısa olsa da, canından artıq sevdiyi Azərbaycana olan tükənməz məhəbbəti ona əbədiyaşarlıq gətirdi. Şəhid Vətən sevdalımızın doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Qəhrəmanımız haqqında söz deyən ziyarətçilər bildiriblər ki, Vətən uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu zirvəyə ucalanlar isə heç zaman ölmürlər.

Əli Mehdizadə Lənkəran şəhər 1 saylı tam orta məktəbini bitirdikdən sonra yağı düşməndən qisas almaq məqsədilə hərbi xidmətə yollanır. Gənc əsgər 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən ağır döyüşlərdə hünər və şücaət göstərir.

Qələbəyə böyük inamla yağıya qan qusduran Əli Məcid oğlu Cəbrayıl istiqamətində gedən döyüşdə çiynindən qəlpə yarası alıb və hospitala göndərilir. Müalicəsi bitdikdən sonra yenidən savaşa qayıdır. Daşaltı kəndi istiqamətində 1553 metr yüksəklikdə düşmənə sarsıdıcı zərbələrə vurmaqla xüsusi qəhrəmanlıq göstərir. 1 noyabr tarixində səhər saatlarında qəfil atılan yağı gülləsi Əlinin ömrünə nöqtə qoyur.

 Lənkəran elinin igid oğlu Əli Mehdizadə ölümündən sonra "Rəşadət" ordeninə, "Şücaətə görə", "Vətən uğrunda", "Cəsur döyüşçü", Şuşanın, Xocavəndin, Kəlbəcərin azadlığına görə medallarına layiq görülüb.

Z.ORUCOĞLU.