Ağstafa xəbərləri: Şəhidlərin orden və medalları ailələrinə təqdim edilib
Bölgələr

Ağstafa xəbərləri: Şəhidlərin orden və medalları ailələrinə təqdim edilib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında Prezident İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli müvafiq Sərəncamı ilə ölümündən sonra təltif olunmuş ağstafalı şəhidlərin orden və medalları ailə üzvlərinə təqdim olunub. 44 günlük Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan, işğal altında olan torpaqlarımızı azad edən şəhidlərin xatirəsi əbədi olaraq xalqımızın qəlbində yaşayacaq.

Ağstafa rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağstafa Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Anar Hüseynov və RİH başçısı aparatının məsul əməkdaşları iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vətən oğullarının ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Muğanlı kəndində keçirilən səyyar qəbul-görüş sakinlərin məmnunluğuna səbəb olub

 

RİH başçısının növbəti səyyar qəbulu rayon mərkəzindən 50 kilometr məsafədə yerləşən Muğanlı kənd tam orta məktəbinin akt zalında baş tutmuşdur. Rayon mərkəzi ilə kəndi müasir standartlara cavab verən Ağstafa-Sadıqlı asfalt yolu birləşdirir. Kənddə 2020-ci ildə əsaslı təmir olunmuş tam orta məktəb, Ailə Sağlamlıq Mərkəzi, poçt şöbəsi, EATS fəaliyyət göstərir.

Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, icra aparatının əməkdaşları, hüquq-mühafizə orqanları və idarə, müəssisə rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad olunub. İcra başçısı çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda, o cümlədən Ağstafada həyata keçirilən layihələrdən, inkişaf və tərəqqidən geniş bəhs etmişdir.

Muğanlı kənd sakini Nəbi Mursaquluyev kəndin içməli su təminatının yaxşılaşdırılması, digər sakin Ayxanım Paşşanova isə kənddə körpələr evi-uşaq bağçasının açılması ilə bağlı müraciət etmişdir. Qəbulda vətəndaşların irəli sürdükləri təklif və müraciətlər dinlənilmiş, bəzi məsələlər yerindəcə həllini tapmış, bəziləri isə aidiyyəti orqanlara ünvanlanmışdır.

Sakinlər kənddə keçirilən səyyar qəbul-görüşləri yüksək qiymətləndirirlər.

Vəli VƏLİYEV,

"Respublika".