AHİK və TÜRK-İŞ-in birgə yığıncağı keçirilib
Digər xəbərlər

AHİK və TÜRK-İŞ-in birgə yığıncağı keçirilib

İyulun 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Türkdilli dövlətlərin həmkarlar ittifaqlarının rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Sonra "Fairmont Baku" otelində Ərgün Ata

layın sədrliyi ilə TÜRK-İŞ Konfederasiyası İdarə Heyətinin səyyar iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. Həmçinin TÜRK-İŞ-ə üzv təşkilatların rəhbərlərinin ötən dövr ərzində görülən işlərlə bağlı hesabatları dinlənilib, gələcək fəaliyyət planı müzakirə edilib. Ardınca həmin məkanda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı təşkil olunub. Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və perspektivlərdən danışıb.

Səttar Möhbalıyev hər iki ölkənin həmkarlar ittifaqları arasında münasibətlərin mövcud vəziyyətindən danışaraq vurğulayıb ki, dostluğumuzun davamlılığı və yaranmış qarşılıqlı inam iki ölkənin həmkarlar ittifaqlarının sıx əlaqələr qurmasına xidmət edir. AHİK sədri təklif edib ki, əlaqələrimiz təkcə konfederasiyalarımız arasında yox, həm də sahə həmkarlar ittifaqları arasında, hətta yerli həmkarlar ittifaqı səviyyəsində də təmin olunsun və inkişaf etdirilsin.

TÜRK-İŞ-in sədri Ərgün Atalay isə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə davam edən uğurlu əməkdaşlıqdan söz açıb. Bildirib ki, hər iki ölkənin niyyəti bölgədə sülh və sabitliyi təmin etmək, region ölkələri arasında əlaqələri, xüsusən iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. O, həmçinin Zəngəzur dəhlizinin açılmasının bütün region dövlətləri üçün faydalı olacağına əminliyini ifadə edib.

TÜRK-İŞ-in sədri sahə və yerli həmkarlar ittifaqları səviyyəsində əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı AHİK sədri Səttar Möhbalıyevin irəli sürdüyü təklifi dəstəklədiyini bildirib və bu istiqamətdə əməli addımların atılmasının vacibliyini vurğulayıb.

Tədbirdə digər çıxışlar da dinlənilib, fikir mübadiləsi aparılıb.

"Respublika".