Gəldikləri kimi də gedirlər
Digər xəbərlər

Gəldikləri kimi də gedirlər

44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbəmizdən sonra Azərbaycan Prezidenti İlham Əliyev  Qarabağda yaşayan erməni əsilli vətəndaşlara müraciətində qeyd etmişdi ki, "Siz Azərbaycan vətəndaşısınız, Azərbaycana reinteqrasiya etməlisiniz, Azərbaycan çoxmillətli dövlətdir və bu dövlətin tərkibində yaşayan digər xalqların malik olduğu eyni hüquq və vəzifələri daşıyacaqsınız. Əgər kimlər bunu istəmirsə, ərazilərimizdən çıxıb gedə bilərlər, öz işləridir". Bu, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqətidir. Əgər kimsə bu ölkənin qanunlarına uyğun yaşayışı qəbul etmirsə, buyurub gedə bilər. Qapılar, sərhədlər açıqdır.

Erməni separatçılarının Qarabağdan gedişi son günlər daha da aktivləşib. Artıq bir neçə gündə xeyli sayda erməni Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedib. Gedənlərin əksəriyyəti yeniyetmə və gənclərdir. Demək ki, erməni gəncliyi böyüklərdən fərqli olaraq daha məntiqli düşünürlər. Artıq onlar anlayır ki, Qarabağda qalıb boş yerə inad göstərmək mənasızdır.

Çünki bir çoxları burada yaşayış üçün Ermənistan tərəfindən heç bir perspektiv görmürlər. O üzdən də Qarabağı tərk edən ermənilər nəinki Ermənistanda qalır, əksinə, Rusiya və digər ölkələrə üz tuturlar. Gəldikləri kimi də çıxıb gedirlər. Əsrlər öncə necə gəlmişdilərsə, bu gün də eyni qayda ilə gedirlər. İllərlə haylar kölgəsində yaşadıqları dövlətlərin ianələri ilə dolanırdılarsa,  bu gün həmin dövlətlər də yalançı erməni göz yaşlarına inanmır. Anlaşılan odur ki, haylar təkcə Qarabağda deyil, elə beynəlxalq aləmin özündə də problem yaradır. Daha ermənilərə heç kim inanmır. Gəlinən qənaət belədir ki, əgər Qarabağ torpaqları haylara məxsus olsaydı, onlar işğal altında saxladıqları ərazilərdə 30 il ərzində hansısa işlə məşğul olardılar. Bölgəni söküb dağıtmaqla deyil, tikib-qurmaqla məşğul olardılar.

 Hətta bununla bağlı yaxın günlərdə erməni bloger Bella Lalayan yazırdı: "Bu iki il ərzində İlham Əliyevin gördüyü işlərin miqyasını görəndə adam dəli olur. Əliyev Füzulini, Laçını, Ağdamı, Qubadlını yenidən qurur. Sonra da deyirsiniz ki, Azərbaycan tərəfinin video və fotolarını yaymayın. Niyə? Çünki mənfur niyyətiniz üzə çıxıb? İki ildə görülən işin iki faizini 30 ildə etməmisiniz. 30 ildir ki, normal informasiya strategiyası və mübarizəsi belə formalaşdıra bilməmisiniz". Bəli, artıq ermənilər özləri açıq şəkildə etiraf edirlər ki, belə bir  siyasi gedişlə gələcəkdə  nə Ermənistanı, nə də himayə etmək istədikləri Qarabağ ermənilərini yaxşı heç nə gözləmir.

Əgər bir müddət əvvələ kimi separatçı rejim erməni əhalisinin Qarabağda yaşamasına çətinlik törədərək, insanların Azərbaycana inteqrasiya olmasına imkan vermirdilərsə, bu gün o vətəndaşlar artıq özləri qərar verirlər. Qarabağda Laçın sərhəd-buraxılış məntəqəsindən istifadə edən hər bir erməni Azərbaycan sərhədçilərinin onlarla yüksək səviyyədə davrandıqlarını, lazım gələndə hər cür yardım etdiklərini etiraf edirlər. Bəli, bu Azərbaycan dövlətinin humanistliyi, kimliyindən asılı olmayaraq, insana verdiyi dəyər, qayğı və qiymətinin göstəricisidir. Qarabağ erməniləri Azərbaycan vətəndaşı kimi qanunlarımıza uyğun şəkildə yaşamalarına davam edə bilərlər. Əks halda, heç bir separatçı, xain, xəbis erməniyə Qarabağ torpağında yer yoxdur. Yaxın günlərdə Laçın sərhəd-buraxılış məntəqəsindən istifadə edən erməni kişi ilə azərbaycanlı jurnalistin dialoqu da olduqca maraqlı alınmışdı. Jurnalist erməni kişiyə müraciətlə soruşur ki, buraxılış məntəqəsindən necə keçdiniz, hər hansı bir çətinlik, maneə ilə, qarşılaşmadınız? Azərbaycan dilini bilən erməni qarabağlı ləhcəsi ilə cavab verir: "Lap qəşəng".

O da məlumdur ki, bölgəni tərk edən ermənilərin bir qismi də  keçmiş hərbçilərdir. Mülki geyimdə Laçın sərhəd-buraxılış məntəqəsindən keçib gedirlər. Buna misal olaraq, yaxın zamanlarda Azərbaycan sərhəd xidməti tərəfindən ələ keçirilən hərbi cinayətkar Vaqif Xaçaturyanı misal göstərə bilərik.  Hazırda Qarabağda 10 minə yaxın qanunsuz erməni silahlısı var. Artıq onlar da anlayır ki, Azərbaycan dövləti ilə mübarizə aparmaq vaxt itkisi deməkdir. Qarabağı tərk edənlər də əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan və ona dəstək verməyə çalışan qüvvələrdir. Görünür, separatçılar anlayır ki, artıq Azərbaycana qarşı hər hansı bir çirkin oyunun sonu yoxdur. Dünya birliyi, beynəlxalq təşkilatlar həqiqətin nədən ibarət olduğunu gözəl bilirlər. Rəsmi İrəvan Qarabağda hər hansı hərbi birləşmənin olmadığını və Qarabağın separatçı hakimiyyətinə hərbi dəstək vermədiyini açıqlayıb. Azərbaycan tərəfi isə son zamanlar Ermənistanla sərhəd rayonlarda bir neçə hərbçisinin, eləcə də mülki əhalinin minaya düşdüyünü əsas gətirərək, Ermənistandan humanitar yardım adı altında Qarabağa silah-sursat daşındığı iddialarını səsləndirib. Buna görə də Azərbaycan Laçın dəhlizi ilə yalnız Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus maşınların hərəkətinə icazə verib və humanitar yardımların isə Ağdam-Xankəndi yolu ilə daşınmasını təklif edib.

Əli hər yerdən üzülən hayların son dövr "humanitar böhran", "blokada", "soyqırımı", TIR şousu "fəaliyyətlərinin" şahidi oluruq. Xankəndidə "gərgin humanitar vəziyyət" adı ilə yeni "tamaşalar" oynayırlar. Lakin bütün bunlar hamısı əsassızdır. Azərbaycan tərəfi Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu kimi digər marşrutlardan istifadə edilməsi təklifini irəli sürdü. Hayların şousu yenə bitmədi. Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili iclas keçirdi.  İclasda Azərbaycanın haqlı olduğu bir daha sübut olundu, Ermənistanın iddiaları isə puç oldu. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi ərazidə olan bütün separatçı qüvvələrin niyyətlərini alt-üst etdi. Ötən 30 illik işğal dövründə Ermənistan dövləti müxtəlif ölkələrdən bir qisim hayların Qarabağ ərazisində məskunlaşmasını həyata keçirmişdi. Bu gün bölgəni tərk edənlər sırasında həmin ermənilər də çoxluq təşkil edir. Bəli, bu gün əksəriyyəti Rusiya vətəndaşı olan ermənilər Qarabağı tərk edir.

Bir vaxtlar erməni işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş azərbaycanlılar öz doğma, əzəli, əbədi torpaqlarına qayıdırlar. İndi Laçında, Ağalıda, Füzulidə, Talışda, Zabuxda yerli sakinlər - azərbaycanlılar yaşayır. Proses uğurla davam etdirilir. Hələ neçə-neçə kəndlərimiz, şəhərlərimiz öz sakinlərini doğma ünvanlarda qarşılamağa hazırlaşır. Ölkə başçısının da dediyi kimi, Qarabağda yaşayan  erməni əsilli vətəndaşlar da qalıb yaşaya bilər. Çünki onlar da Azərbaycan vətəndaşıdır. Lakin erməni əsilli əhalinin bir qismi bölgəni tərk etmək, digər qismi Azərbaycan vətəndaşlığı altında rahat yaşamaq istəyir.

Ramidə YAQUBQIZI,

"Respublika".