Aİ ölkəmizlə bağlı mövqeyini dəqiqləşdirməlidir
Siyasət

Aİ ölkəmizlə bağlı mövqeyini dəqiqləşdirməlidir

Bu gün bəzi böyük güclər ölkəmizin regionda yaratdığı yeni geosiyasi durumu qəbullanmaq istəmirlər. Son dövrlər Avropada ermənipərəst dövlətlərin təsiri nəticəsində anti-Azərbaycan siyasəti davam edir.

Başqa sözlə desək, Avropa İttifaqındakı (Aİ) Fransa, Almaniya kimi erməni havadarlarının mövqeyi dəyişməz olaraq qalır. Lakin qurumdakı "parazit"lər fəaliyyətlərini genişləndirməyə nə qədər çalışsalar da, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin inkişafına mane ola bilmirlər. Mövcud real vəziyyət isə hər kəsə məlumdur. Bu gün Azərbaycanın Avropaya ehtiyacı yoxdur. Əksinə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Belə vəziyyətdə Fransa və Almaniya kimi ölkələr reallığı gözardı edib öz mövqelərində qalırlarsa, deməli, onlar özləri Aİ-nin maraqlarına uyğun hərəkət etmirlər.

Məlumdur ki, Azərbaycan Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edir. Sözügedən qurum məhz ölkəmiz vasitəsilə Mərkəzi Asiya ilə əməkdaşlıq üçün strategiya qurmaq imkanı qazanır. Çünki Mərkəzi Asiyaya gedən yol Azərbaycandan keçir. Bu baxımdan, ermənidən daha çox ermənilik edən Fransanın qurumla ölkəmiz arasındakı əlaqələrə zərər vurmaq niyyətindən əl çəkməsi labüddür.

Qeyd edək ki, ölkəmizin başçısı Qranada və Brüsselə getməkdən də imtina etməklə Avropanın yanlış mövqeyinə qarşı məqsədyönlü addım atdı. Quruma olan inamın itməsində əsas məsuliyyət elə Aİ-dəki ermənipərəst dairələrin üzərinə düşür. Ona görə də İttifaq daxilindəki "parazitlərə" dərs verməklə öz mövqeyini bəlli etməlidir. Bu zaman qurumun fəaliyyəti ilə bağlı sual ortaya çıxır. O, Azərbaycanla münasibətlərin tərəfdaş, dostluq çərçivəsində inkişafına maraqlıdır, yoxsa Ermənistanın terrorçu siyasətini dəstəkləyir?

Bu gün rəsmi Paris Aİ-nin regional maraqlarına cavab vermir. Bu baxımdan, İttifaqın mövqeyini dəqiqləşdirməsi vacibdir. Hər halda, qurum Azərbaycanın regionun aparıcı və önəmli dövləti olduğunu unutmaz. Yəni Aİ-nin maraqları ölkəmizlə hesablaşmadan nəinki Cənubi Qafqaz regionunda, hətta Mərkəzi Asiyada təmin oluna bilməz.

Məlum olduğu kimi, hazırda Cənubi Qafqazda regional məsələlər "3+3" formatında müzakirə olunur. Əvvəllər bu format Azərbaycanla İran arasında gərginlik olduğu üçün fəaliyyətə başlamırdı. Amma Cənub qonşumuzla münasibətlər yoluna qoyulduqdan sonra dövlətimiz dərhal "3+3" formatını canlandırdı. Şübhəsiz, bundan sonra bütün regional məsələlər məhz bu şəkildə həll ediləcək.

Yeri gəlmişkən, Azərbaycan-Çin əlaqələri də hazırda dinamik şəkildə inkişaf edir. Çin şirkətinin Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkında açılışında ölkə başçımızın iştirakı da bunu deməyə əsas verir. Xatırladaq ki, Çin Azərbaycana təqribi 81 milyon manat investisiya qoyub. Amma Aİ ölkələrindən heç biri dövlətimizə bu məbləğdə yatırım etməyib. Çünki onların əsas niyyəti ancaq Azərbaycanın təbii resurslarından yararlanmaqla Avropa şirkətlərinin regionda podratçı rolunda iştirak etməsinə nail olmaqdır. Bu gün istər almanlar, istərsə də fransızlar maraqlarına uyğun şəkildə iri şirkətlərini öz siyasətlərinə müvafiq istiqamətləndirirlər. Onların Azərbaycanda bunu etməmələrinin əsas səbəbi isə respublikamızın inkişafı, sənaye və iqtisadi potensialının artırılmasının öz maraqları ilə üst-üstə düşməməsidir.

Xüsusi vurğulamaq lazımdır ki, bu gün Avropa texnologiyasının daha ucuz və keyfiyyətli növü Çində də mövcuddur. Ölkəmizin Çinlə münasibətlərinin inkişaf etdiyi bir dövrdə dövlət başçımızın Çinin lideri Si Cinpin ilə Səmərqənddə görüşü, onun Prezident İlham Əliyevi Çinin "böyük dostu" adlandırması da qarşılıqlı etimadın göstəricisidir. Bununla yanaşı, ölkəmizin Birləşmiş Ərəb Əmirlikləri ("Masdar" şirkəti) və Səudiyyə Ərəbistanı ("Aqua Power" şirkəti) ilə böyük layihələri var. Həmin layihələrdə Avropa şirkətləri iştirak etsələr də, rəsmi Bakı qardaş ölkələrin fəaliyyətini daha üstün tutub. Həmçinin dövlətimizin öz daxili investisiya resursları və Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ kimi tərəfdaşları var. Bütün bunlar bir daha Azərbaycanın Aİ-yə texnoloji və iqtisadi baxımından ehtiyacı olmadığını söyləməyə imkan verir.

Nəzrin ELDARQIZI,

"Respublika".