Aksiya iştirakçıları erməni faşizminin qarşısını alır
MÜSAHİBƏLƏR

Aksiya iştirakçıları erməni faşizminin qarşısını alır

Qarabağdakı erməni separatçıları tərəfindən bu regionda sərvətlərimizin talanmasına qarşı Azərbaycanın ekofəalları vətəndaş cəmiyyətinin nümayəndələri 120 günə yaxındır ki, dinc aksiya keçirirlər.

Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva söhbətində bildirdi ki, ermənilər dinc insanlarımızla yanaşı, təbiətimizə, ekologiyamıza da qarşı soyqırımı törədiblər. Erməni vəhşiləri meşələrimizi qırıb talayıb, qiymətli ağacları Ermənistana, İrana daşıyıblar. Çaylarımızın sularını çirklənməyə, zəhərlənməyə məruz qoyublar. Qarabağda separatçı Vardanyan Azərbaycanın faydalı qazıntı yataqlarını qanunsuz istismar edib. Bu yataqların yerləşdiyi ərazilərdə böyük ekoloji fəlakət yaşanmaqdadır. Təəssüflər olsun ki, bu gün beynəlxalq ekoloji təşkilatlar bu istismara göz yumur, azərbaycanlı fəalların ərazilərimizdəki təbii yataqların qanunsuz istismarına qarşı keçirdikləri bu aksiyaya reaksiya vermirlər. Aksiya iştirakçılarının yeganə məqsədi azərbaycanlı mütəxəssislərin bu yataqlarda monitorinq keçirməsinə şərait yaradılmasından ibarətdir.

Ermənistan tərəfi isə bütün dünyaya guya azərbaycanlıların Laçın-Xankəndi yolunu bağlaması səbəbindən burada humanitar fəlakət yaşanması barədə yalan qərəzli məlumatlar ötürürlər. Halbuki, hər gün Rusiya sülhməramlı qüvvələri Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar təyinatlı yüzlərlə avtomobil maneəsiz şəkildə bu yoldan keçirlər.

İştirakçıların həyata keçirdiyi bu dinc aksiya ermənilərin Qarabağa bu yolla hərbi yüklərin daşınmasının qarşısını almışdır. Azərbaycan Ordusu ermənilərin Qarabağa silah daşıdıqları bütün gizli yolları da tam nəzarətə götürüb. Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşları reallığı qəbul etməyə hazırdırlar, lakin onları burada olan silahlı separatçılar qorxu içərisində saxlayırlar. Qarabağdakı sadə ermənilər özləri separatçıları bu ərazilərdən qovmalıdırlar ki, Azərbaycan qanunları altında normal, xoşbəxt həyat sürsünlər. İstənilən halda Azərbaycan dövləti Qarabağdakı bütün ərazilərdə öz suverenliyini bərpa edəcək.

M.NƏRİMANOĞLU,

"Respublika".