Anım tədbirləri
Sosial həyat

Anım tədbirləri

Bakı Mühəndislik Universiteti

Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib. İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) və BMU ərazi partiya təşkilatı ilə birgə gerçəkləşdirilən mərasimdən öncə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgi ilə tanış olublar. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardınca faciə ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov 20 Yanvar 1990-cı ilin Azərbaycanın müasir tarixində faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi yer aldığını bildirib. Rektor Ümumxalq Hüzn Gününün müstəqillik, azadlıq uğrunda mübarizəni daha da alovlandırmaqla xalqımızın yenilməz iradəsinin rəmzinə çevrildiyini diqqətə çatdırıb. Keçmiş sovet ordusunun dinc və silahsız vətəndaşlarımıza qarşı görünməmiş qətliam törətdiyini xatırladan ali təhsil ocağının rəhbəri vurğulayıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Rektor 20 Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymətin də məhz ümummilli liderin hakimiyyətə qayıdışından sonra verildiyini tarixi faktlarla nəzərə çatdırıb.

Milli Məclisin deputatı Aydın Hüseynov 20 Yanvar faciəsini şərtləndirən əsas amillərə, tarixi faktlara toxunub.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev də o dövrün totalitar rejiminin milli azadlıq, istiqlaliyyət uğrunda aparılan mübarizədə xalqın əzmini qırmaq cəhdlərinin boşa çıxmasından söz açıb. Anım tədbiri universitet tələbələrinin iştirakı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.

 

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Texnologiya Universitetində, 20 Yanvar faciəsinə həsr edilmiş "20 Yanvar hadisələri və Heydər Əliyevin cəsarətli bəyanatı" adlı tədbir keçirilib.Tədbir çərçivəsində universitet rəhbərliyi və kollektivi Gəncədə yerləşən 20 Yanvar abidəsini ziyarət edib. 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub, abidə önünə tər gül dəstələri düzüblər.

Sonra tədbir universitetdə davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov, Qanlı Yanvar hadisələrinin tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən, o dövrdə ulu öndər Heydər Əliyevin və Azərbaycan xalqının əzmindən ətraflı söhbət açıb.

Daha sonra Gəncə Şəhər İcra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Veteranlar Şurasının sədri Yusif Məmmədov, Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, ictimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, dosent əvəzi Mehriban Tağıyeva geniş çıxış ediblər. Çıxışlarda bildirilib ki, 33 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet İttifaqının qoşun hissələri Bakı şəhərinə yeridilərək dinc əhaliyə divan tutulub. Nəticədə sinəsini sipər edən yüzlərlə əliyalın insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Qeyd olunub ki, 20 Yanvar - Hüzn Günü, həm də qürur günüdür. Bu tarix milli iradənin zəfər çaldığı gündür.

Çıxışçılar faciə qurbanlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağını birmənalı bildiriblər.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələrin ifasında şeirlər səsləndirilib.

"Respublika".