Fərdi sahibkarların sayı 1 milyon 275 mini ötüb
Digər xəbərlər

Fərdi sahibkarların sayı 1 milyon 275 mini ötüb

İyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 275 mini ötüb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən "Respublika" bildirir ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçmişdir.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,0 faiz), Lənkəran-Astara (10,2 faiz), Qazax-Tovuz (7,8 faiz) və Mərkəzi Aran (7,0 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 77,6 faizini kişilər, 22,4 faizini isə qadınlar təşkil edib. Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 34,1 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 25,0 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 21,3 faizini təşkil edir. Sahibkar qadınların 29,2 faizi Bakıda, 10,3 faizi Lənkəran-Astara, 9,5 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (27,2 faiz), Gəncə-Daşkəsən (25,5 faiz), Naxçıvan Muxtar Respublikası (24,8 faiz), Bakı (24,2 faiz), Lənkəran-Astara (22,5 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.