ASİMANA UCALAN ŞƏHİDLƏR
Sosial həyat

ASİMANA UCALAN ŞƏHİDLƏR

Şəhidlik ən ali, uca zirvə olduğu kimi, həm ən həssas məqamdır. Şəhidlərin şücaətindən, döyüş yolundan qədər yazılsa, yenə azdır. Onlar qəhrəmanlıqlarını, igidliklərini öz əməlləri ilə tarixin ən şərəfli səhifəsinə yazıblar. Rauf İlyasoğlunun "Asimana ucalan şəhidlər" kitabı da bu mənada böyük əhəmiyyət kəsb edir.

Şəhidlərin döyüş yolundan bəhs edən kitab müəllifin oxucularla sayca 17-ci görüşüdür. Kitabda istər 1990- illərdə, istər Aprel döyüşlərində, istərsə 2020-ci il Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Vətən oğullarının bir qisminin döyüş yolu qəhrəmanlığı yer alır. Kitabda müəllifin ayrı-ayrı dövrlərdə müxtəlif mətbuat səhifələrində şəhidlər haqqında yazdığı məqalə şeirlər toplanmışdır.

Birinci Qarabağ müharibəsində şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Teymur oğlu Bağırovun şərəfli döyüş ömür yolu, həmçinin, Azərbaycan gəncliyinin stimuluna çevrilən şəhid Mübariz İbrahimovun qəhrəmanlığından söhbət açılır. Azərbaycan əsgərinə əsl nümunə olan general-mayor Polad Həşimovun həyat fəaliyyəti, Əliyar Əliyev, Aqil Quliyev, Bayram Məmmədov, polkovnik Raqub Orucov, Pəncəli Teymurov, Şükür Həmidov kimi bir çox şəhid qəhrəmanlarımızın döyüş yolu kitabda geniş şəkildə verilmişdir. Kitabın fərqli cəhətləri bunlarla bitmir. Burada 20 Yanvar faciəsi, Birinci Qarabağ 44 günlük Vətən müharibəsi, həmçinin 30 illik işğal dövründə ordumuzun verdiyi qurbanlardan da söhbət açılır. Müəllif qazilərimizi, veteran döyüşçülərimizi yaddan çıxarmamışdır.

Onu da qeyd edək ki, müəllifin qardaşı oğlu gizir Asiman Allahverdiyev ərazilərimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmışdır. "Asimana ucalan şəhidlər" kitabında şəhid Asimana bir sıra qələm sahiblərinin həsr etdikləri şeirlər yer alır.

Ramidə YAQUBQIZI,

"Respublika".