ATƏT sülhdə vasitəçi olmaq şansını itirib
Siyasət

ATƏT sülhdə vasitəçi olmaq şansını itirib

Son dövrlərdə Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına vasitəçilik etmək istəyənlərin sayı artıb. Brüssel, Moskva və Vaşinqton platformalarından sonra ATƏT formatı da gündəmə gəlib. Qurumun fəaliyyətdə olan sədri Buyar Osmani Şimali Makedoniyanın Skopye şəhərində keçirilən iclasda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını dəstəklədiyini bildirib.

Hətta vurğulayıb ki, alyans konstruktiv dialoq üçün platforma da təklif edir. Bu, Bakı və İrəvanın nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli ola bilər. Sözügedən məsələ Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma, o cümlədən qurumun baş katibi Helqa Şmid ilə görüşündə də gündəmdə olub. Amma XİN başçısı Nazirlər Şurasının 30-cu iclasında çıxışında bildirib ki, uzun illər boyu Ermənistanla sülh prosesində vasitəçilərin adekvat addımlar atmaması səbəbindən razılıq əldə olunmayıb. Hər dəfə Azərbaycanın narahatlıqlarının bağlı qapılar arxasında qəbul edilməsinə baxmayaraq, ictimai bəyanatlarda selektiv yanaşmaya üstünlük verilib: "ATƏT Ermənistanın Azərbaycana silahlı təcavüzünün aradan qaldırılması ilə vəzifələndirilmiş yeganə institut idi. Bununla belə o, illərlə Ermənistanın genişmiqyaslı qanunsuz fəaliyyətlərinin aradan qaldırılmasında qeyri-effektiv oldu. Əksinə, bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstərmək Ermənistanı daha da cəsarətləndirdi. ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirdi".

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik çağırışlarına rəsmi Bakının belə qarşılıq verməsi təəccüblü deyil. Çünki ATƏT effektiv təşkilat hesab oluna bilməz. Hətta bu qurumun formal olaraq mövcudluğunu da iddia etmək mümkündür. Böhranlı vəziyyətlərlə bağlı müzakirələr keçirib həll mexanizmlərini yaratmaq hələ heç nə demək deyil. Məsələn, Qarabağda Minsk, Dnestryanıda isə "5+2" qrupu yaradıldı ki, böhran dinc yolla həllini tapsın. Amma problem nəinki həll olunmadı, üstəlik onların siyasi müstəvidə nizamlanma prosesi daha da qəlizləşdi. Azərbaycan isə 30 ilə yaxın davam edən münaqişəni həll etdi, özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu. Yəni Azərbaycan öz qüdrəti hesabına, hərbi-siyasi yolla bu problemi həll etdi və ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Dövlət başçımız 2020-ci il dekabrın 12-də ATƏT-in keçmiş Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən bildirdiyi kimi, keçmiş Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar bir nəticə vermədi. Siyasi arenada heç bir təsiri olmayan qurum isə ən yaxşı halda "ölü" struktur adlandırıla bilər.

İndiki məqamda 30 il ərzində bölgəyə turist səfərləri etməklə kifayətlənən ATƏT-in vasitəçilik missiyası məsələsini aktuallaşdırması isə Fransa və Birləşmiş Ştatlar faktoru ilə bağlıdır. Çünki son dövrdə həm Paris, həm də Vaşinqton qərəzli mövqeyindən dolayı sülh prosesindən kənarda qalıb. Buna görə də, sözügedən dövlətlər hər vəchlə çalışırlar ki, hər hansı bir formada bölgəyə daxil olsunlar. Odur ki, nazirin ATƏT-lə bağlı çıxışı həm də Bakı ilə İrəvan arasındakı sülhdə vasitəçilik niyyəti olan qərbə mesaj kimi dəyərləndirilə bilər. Çünki İlham Əliyevin də gündəmə gətirdiyi kimi, bölgədə sülh danışıqları prosesinin aparılması regional müstəvidə davam etdiriləcək.

Bu reallığın fonunda ATƏT ən yaxşı halda təbliğat tribunası ola bilər. Eynilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu toplantısında çıxışını bütünlüklə Azərbaycana qarşı təbliğata həsr etdiyi kimi. İrəvan rəsmisi iddia edib ki, doqquz aydan çox davam edən qeyri-insani mühasirədən sonra, sentyabrın 19-da Azərbaycan guya Qarabağ əhalisinə qarşı növbəti genişmiqyaslı hərbi hücum həyata keçirib və bu, yerli əhalinin kütləvi surətdə "məcburi köçkün"ə çevrilməsinə səbəb olub. Mirzoyan guya yaşanılan humanitar fəlakətə baxmayaraq, Ermənistanın Cənubi Qafqazda yeni sülh dövrünün açılmasına sadiq olduğunu da vurğulayıb. Amma görünən odur ki, Paşinyan hökuməti belə yalançı iddialarla sülhün imzalanması prosesini gecikdirir. ATƏT-in saxta bəyanatların səsləndirildiyi platforma olduğu üçün vasitəçilik missiyasını yerinə yetirməsi mümkün deyil.

Jalə QASIMZADƏ,

"Respublika".