Azadlıq ideyalarının təbliğatçısı
Mədəniyyət

Azadlıq ideyalarının təbliğatçısı

Azərbaycan nəsrinə yeni mövzu və mübariz ruh gətirən, yaradıcılığında azadlıq ideyalarını təbliğ edən, Şərq despotizminin iflası və qadın hüquqsuzluğunun tənqidi kimi mövzuları əsas götürən Məmməd Səid Ordubadinin anadan olmasından 152 il keçir.

Ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayan Ordubadinin müəllimləri Mirzə Baxşı və Sidqi onda şeirə, yaradıcılığa həvəsi daha da gücləndirib. Bu barədə o, öz xatirələrində deyir: “Mən şeir demək və yazıçı olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin palçıq içərisinə atılması heç də yadımdan çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir sənətindən nə kimi fəlakətlər çəkdiyi onun gözünün qabağında idi. Lakin məktəb və şeirləşmə işi özüm də hiss etmədiyim bir surətdə, məni şeir yazmağa öyrətdi”.

Şeirlərində realizmin güclənməsi, tənqidi motivlərin qabarıq nəzərə çarpması, azadlıq ideyalarının açıq təbliği şairin yüksək dünyagörüşündən xəbər verirdi. Bu irəliləyişi gözləri götürməyənlər ona qarşı təzyiqləri gücləndirirdilər. Ordubadda onun evində axtarış aparılması da təsadüfi deyildi. Təqiblərdən xilas olmaq üçün Məmməd Səid 1907-ci ildə Culfaya köçmək məcburiyyətində qalıb. O, tez-tez Təbrizə gedir, inqilabi hərəkatın gedişi ilə tanış olur, Səttarxanla görüşür, oraya inqilabi ədəbiyyat aparırdı.

Yazdığı felyeton və satiraları ilə geniş şöhrət qazanan Ordubadi bəzi şeirlərində “gül-bülbül” poeziyasına qarşı çıxır, böyük sələfi M.F.Axundzadə kimi, o da epiqonçuluğu kəskin tənqid edirdi. Şair bəzən şeirlərini açıq imza ilə versə də, bəzən “Hərdəmxəyal”, “Bəhayi”, “Məsa”, “Divanə”, “Ruhi-reyhan” və s. kimi təxəllüslə yazırdı.

Qeyd edək ki, şairin mətbuatda ilk şeiri 1903-cü ildə "Şərqi-Rus" qəzetində çıxıb. Bu şeirdə o qəzetin nəşrə başlanmasını alqışlayırdı. Şeirinin dərc olunması onu ardıcıl olaraq dövri mətbuatda çıxış etməyə həvəsləndirir. Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı bu şeir qəzetin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunub. 1906-cı ilin aprelindən nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılıq inkişafına böyük təsir göstərib. Ordubadi "Politika aləmindən" adlı felyetonu ilə jurnalın əsas əməkdaşlarından birinə çevrilib.

Felyetonlar onun yaradıcılığının mühüm bir qolunu təşkil edir. Ədib “Molla Nəsrəddin” jurnalında dərc olunan felyetonlarında dövrün bir sıra mühüm ictimai problemlərinə toxunur, gerilik və nadanlığı, zülm və ədalətsizliyi, beynəlxalq imperializmi amansız tənqid atəşinə tuturdu. Yazıçının dünyagörüşündəki bəzi ziddiyyətlərdən azad olmasında bu jurnalın böyük köməyi olub.

Ədibin arxivində olan qeydlərdən və başqa avtoqraflardan məlum olur ki, o, ən qədim dövrlərdən başlayaraq müasir həyatımıza qədər Azərbaycan tarixinin mühüm mərhələlərini müxtəlif janrlarda əks etdirmək istəyib. Böyük yazıçıya görə tarixi romanda xalqın həyatı, ruhu, mübarizəsi göstərilməli, onun bədii obrazı yaradılmalıdır. Onun fikrincə, “yazıçı xalqının çətinliklər qarşısında boyun əymədiyini, eyni zamanda bu mətanətli xalqın mərhəmətlə coşan bir qəlbə, təmiz və ülvi bir vicdana malik olduğunu göstərməlidir. Müəllifin arxivində onun Babək, Şah İsmayıl, Səttarxan və başqaları haqqında məqalələri də saxlanılır. Onun Xətib Təbrizi, Şəmsəddin Təbrizi, Nizami, Füzuli, Ağaməsih Şirvani, Vidadi, Vaqif, Sidqi, Sabir və başqa söz sənətkarları barədə yazdığı məqalələr çoxəsrlik ədəbiyyat tariximizin öyrənilməsi işində qiymətli bir mənbədir.

O illərdə Azərbaycan tarixinə aid dolğun bədii əsərlərin azlığı səbəbindən Məmməd Səid öz tarixi romanlarını yazarkən bir sıra çətinliklərlə qarşılaşıb. İlk tarixi romanı da “Dumanlı Təbriz” əsəridir ki, bu roman yazıçının yaradıcılıq üslubunu və sənətkarlıq məharətini araşdırmaq üçün zəngin material verir. Roman rus dilinə tərcümə olunduqdan sonra müəllifin ünvanına saysız məktub göndərilməsi onun oxucular tərəfindən maraqla qarşılandığını göstərir.

Əsərləri müxtəlif dillərə tərcümə edilən Ordubadi Azərbaycan SSR Ali Sovetinin (1-3-cü çağırış) deputatı seçilmiş, Lenin və "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur. Azərbaycanda bir sıra küçəyə, mədəni-maarif müəssisəsinə Ordubadinin adı verilmiş, Ordubadda və Bakıda ev-muzeyi yaradılmış, Naxçıvanda büstü qoyulmuşdur.

Məmməd Səid Ordubadinin yaradıcılığı milli mədəniyyətimizi zənginləşdirib, onun inkişafında müsbət rol oynayıb. Azərbaycan xalqının həyatında böyük iz qoyan ustad sənətkar 1950-ci il may ayının 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Röya RÜSTƏMLİ,

“Respublika”.