Azadlıq odunda yanan oldunuz
Region

Azadlıq odunda yanan oldunuz

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov,  hüquq-mühafizə orqanlarının rəhbərləri,  şəhər icra hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları,  ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidləri Süleyman Loğman oğlu Bağırovun və Elnur Qalib oğlu Qarayevin Şəhidlər Xiyabanında məzarlarını ziyarət etdilər.

Şəhidlərin məzarları qarşısında çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onların valideynlərinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkürünü bildirib valideynlərə  Allahdan səbir dilədi.  İcra başçısı Vətən müharibəsinin şərəfli məqamlarından və Azərbaycan Respublikasının Prezidenti,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açdı.  Bir neçə gün əvvəl noyabrın 8-də Zəfər Gününün təntənə ilə qeyd edilməsində qəhrəman əsgər və zabitlərimizə,  şəhidlərimizə borclu olduğumuz vurğulandı.  Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən türk dövlət başçıları çıxışlarına  30 ildən sonra tarixi torpaqlarını azad etməsi münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevi təbriklə başlamasını tarixi ədalətin bərpası və türk birliyinin sarsılmaz ifadəsi olduğu diqqətə çatdırıldı.  Bütün şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını,  hörmət və ehtiramla xatırlanacağı vurğulandı.  Onların ömür yolunun gənclərə nümunə olacağı,  gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağı bildirildi.  

Şəhid ailələri,  Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlət səviyyəsində mühüm tədbirlər görüldüyü diqqətə çatdırıldı.  Ölkə başçısının Zəfər Günü ərəfəsində imzaladığı sərəncamla Süleyman Bağırovun “Vətənə xidmətə görə" ordeni ilə təltif olunması şəhidlərin xatirəsinə ehtiramın bariz nümunəsidir.  Şəhid adlarının əbədiləşdirilməsi,  ailələrinin diqqət və qayğı ilə əhatə olunması sahəsində Şirvan şəhərində görülən işlərdən bəhs olundu.  

Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının sədri Zahir Qəhrəmanov,  Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov,  Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov,  şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov,  din xadimi Hacı Vasif  hər bir şəhidin ailə üzvlərinə səbir,  bütün şəhidlərə Allahdan rəhmət dilədilər.  Süleymanın və Elnurun həyat yolundan və döyüşlərdəki şücaətindən söz açıldı.  Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək,  Azərbaycan xalqının qüruru,  fəxri olan bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağı bir daha qeyd olundu.
Şəhidlərin valideynləri övladları ilə qürur duyduqlarını bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti,  Ali Baş Komandan İlham Əliyevə,  Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olundu.

Tədbir iştirakçıları şəhid Süleyman Bağırovun vaxtilə yaşadığı məhəllədə, eləcə də Gənclər evində Elnur Qarayevin xatirəsinə mahnılar ifa olundu.

                                     Azadlıq odunda yanan oldunuz,

                                     Köçüb ürəklərdə qalan oldunuz.

                                         Tofiq HÜSEYN,

                                          “Respublika”.