Azərbaycan Ağsaqqallar Şurasının ümumi yığıncağı keçirilib
Sosial həyat

Azərbaycan Ağsaqqallar Şurasının ümumi yığıncağı keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının dekabrın 25-də ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda Şuranın İdarə Heyəti sədrinin və üzvlərinin, Şura Aparatının əməkdaşlarının, 77 şəhər və rayon təşkilatından olan nümayəndə heyətləri, tanınmış alimlər, ziyalılar və fəal gənclər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman şəhidlərimizin və ötən dövr ərzində vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illik uğurlu fəaliyyəti və misilsiz xidmətləri barədə videoçarxın nümayişindən sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Şuranın 2023-cü ildəki fəaliyyətindən danışıb. Bildirib ki, cari il ərzində təşkilat ölkəmizdəki ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərib. Qarşıya qoyulan əsas məqsəd ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etmək, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində ağsaqqalların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əxlaqi normaların və sağlam həyat tərzinin geniş təbliğini həyata keçirmək olub.

Bildirilib ki, Azərbaycan Ağsaqqallar Şurasının 2023-cü ildəki fəaliyyətinin yekunlarına dair illik hesabat geniş şəkildə kitabça formasında çap olunaraq tədbir iştirakçılarına paylanılıb.

Sonra Eldar Quliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, beynəlxalq səviyyədə söz sahibi olan dövlətə çevrildiyini vurğulayıb. O, 35 min üzvü olan Azərbaycan Ağsaqqallar Şurasının Prezident İlham Əliyevin siyasətinin davam etdirilməsini tarixi zərurət hesab etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, İlham Heydər oğlu Əliyevin yolu qələbə, təhlükəsizlik, sabitlik, rifah və inkişaf yoludur.

Ümumi yığıncaqda, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.

Sonra tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Şura sədrinin müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, həmçinin Şuranın İdarə Heyətinin üzvləri - akademik Abel Məhərrəmov, professor Misir Mərdanov və başqaları çıxış edərək, qurumun cari ildəki fəaliyyətinin qənaətbəxş olduğunu diqqətə çatdırıblar. Çıxış edənlər təşkilatın hər bir üzvünün qüdrətli, qalib Azərbaycanın Lideri, Prezident İlham Əliyevin uğurlu yolunun davam etdirilməsini dəstəklədiyini bildiriblər.

Ümumi yığıncağın sonunda Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı qəbul olunub.