Azərbaycan Ağsaqqallar Şurasının ümumi yığıncağının iştirakçıları bəyanat qəbul ediblər
Sosial həyat

Azərbaycan Ağsaqqallar Şurasının ümumi yığıncağının iştirakçıları bəyanat qəbul ediblər

Dekabrın 25-də keçirilən Azərbaycan Ağsaqqallar Şurasının ümumi yığıncağında yekun bəyanat qəbul edilib. Bəyanatı təqdim edirik:

"Azərbaycan Ağsaqqallar Şurası xalqımızın mütərəqqi tarixi ənənələrinin, zəngin milli-mənəvi dəyərlərinin qorunması işinə daim öz töhfəsini verməyə çalışır. Ağsaqqal xeyir-duası hər bir azərbaycanlı üçün böyük məna daşıyır. Cəmiyyətdə ictimai münasibətlərin tənzimlənməsində ağsaqqal sözünə hər zaman ehtiyac duyulub. Xalqımız həmişə müdrikliyə arxalanıb, tarixin ən həlledici anlarında müdrik seçimlər Azərbaycanı böyük bəlalardan qoruyub.

1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində bu gün əldə olunan bütün uğurların təməlini qoydu. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmiş nəhəng tarixi şəxsiyyətdir, o, özündən sonra böyük siyasi irs miras qoyub. Heydər Əliyevin xalqımıza bəxş etdikləri saysız-hesabsızdır, o, həm də Azərbaycan xalqına İlham Əliyev kimi oğul bəxş edib!

"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". İyirmi il əvvəl bu sözləri Ulu Öndər sanki bu günləri görərək deyirdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Heydər Əliyev yolunu, irsini ən layiqli şəkildə davam etdirir, o, ata vəsiyyətini yerinə yetirərək Şuşanı azad etdi. Üç ay əvvəl Xankəndini işğaldan azad etdi. Bu gün bütün Qarabağda, Şərqi Zəngəzurda şanlı Azərbaycan Bayrağı qürurla dalğalanır. Prezident İlham Əliyev qalib xalqın qalib Lideridir!

Biz ağsaqqallar 30 il əvvəli də, 20 il əvvəli də yaxşı xatırlayırıq, xalqımız necə iztirablar çəkirdi. Vətən, yurd nisgili, həsrəti ilə sıralarımızdan nə qədər insan bu dünyadan köçdü. Biz xoşbəxt insanlarıq ki, bu günü gördük. Xalqımızın, dövlətimizin bu xoşbəxt günlərini görmək nəsibimiz oldu. Bu gün Azərbaycan tarixində olmayan qədər qüdrətli dövlətdir!

Biz gənclərlə daim ünsiyyətdəyik, onlarla fəxr edirik! Sirr deyil ki, bu gün bəzi hallarda milli-mənəvi dəyərlərimiz kənardan hücuma məruz qalır, yad ünsürlər gənclərimizi təsir altına salmağa, onların gözündə tarixi keçmişimizi, Vətənimiz, dövlətçiliyimizlə bağlı reallıqları təhrif etməyə çalışırlar. Ancaq onlar heç nəyə nail ola bilmirlər. Çünki bu gənclik Prezident İlham Əliyevin dövründə yetişib, bu gənclik Qarabağ uğrunda canını, qanını verib.

Azərbaycanda yaşlı nəsil də, gənc nəsil də bir yerdədir, bütün xalqımız Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bir yumruq kimi birləşib. Bu "dəmir yumruğ"un gücünü 44 günlük Vətən müharibəsi göstərdi.

Bundan sonra Azərbaycanı ancaq qələbələr gözləyir. Tam müstəqil siyasət, tam ərazi bütövlüyü, tam suverenlik, güclü iqtisadiyyat, böyük intellektual potensial, insan resursları və ağıllı, çevik idarəçilik - budur, İlham Əliyevin yaratdığı Azərbaycan!

Prezident İlham Əliyev Azərbaycan xalqının milli Lideridir. Biz ağsaqqallar Sizinlə fəxr edirik, cənab Prezident!

Hazırda 35 min üzvü olan Azərbaycan Ağsaqqallar Şurası bu gün ümumi yığıncaq keçirərək Prezident İlham Əliyevin siyasətinin davamını istədiyini bəyan edir. Çünki bu yol qələbə, təhlükəsizlik, əmin-amanlıq, rifah, inkişaf yoludur!".