Azərbaycan Asiya və Avropanı birləşdirir
Siyasət

Azərbaycan Asiya və Avropanı birləşdirir

"Rəqəmsal İpək Yolu" (Digital Silk Way-DSW) layihəsi əsasən yeni nəqliyyat və rabitə infrastrukturunu, eyni zamanda elektron ticarəti və informasiya texnologiyalarını birləşdirir. "Azerbaijan Digital Hub" proqramının birinci mərhələsi çərçivəsində icra edilən ən mühüm layihələrdən biri də məhz budur.

Layihə "Dubay Ekspo" ümumdünya sərgisində və "Capacity Middle East 2022" qlobal telekommunikasiya tədbirində təqdim edilib. Layihəyə əsasən, Avropanın internet mərkəzlərindən rəqəmsal kontent və internet xidməti Azərbaycan üzərindən Asiya ölkələrinə daşınacaq. Burada əsas məqsəd Asiya və Avropa arasındakı ticarət əlaqələrini daha sürətli, təhlükəsiz və effektiv hala gətirməkdir. DSW genişlənmiş fiber-optik şəbəkələr, tranzit və ticarət koridorları, informasiya texnologiyaları, ödəniş sistemləri və s. təmin edən geniş infrastruktur şəbəkəsidir. Bu, informasiya və malların Asiya və Avropa arasında sürətli şəkildə hərəkət etməsinə imkan yaradır. "Rəqəmsal İpək Yolu" Azərbaycanın yaradılacaq telekommunikasiya dəhlizində mərkəzi mövqeyə sahib olmasını, internet xidmətinin və iri kontent operatorları olan "Google", "Amazon", "Alibaba", "Netflix", "Facebook" və digərlərinin kontentinin daşınmasında tranzit ölkə olmasını, gələcəkdə isə Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsini və bu kontentin, eləcə də internetin artıq buradan Orta və Cənubi Asiya regionu dövlətlərinə, həmçinin digər region dövlətlərinə daşınmasını özündə ehtiva edir.

Rəqəmsal İpək Yolu qlobal ticarəti inkişaf etdirmək üçün yeni imkanlar təqdim edir. Bu proses artıq daha effektiv avtomatlaşdırılıb. Elektron ticarət platformaları, ödəniş sistemləri və izləmə texnologiyaları sayəsində, ölkələr arasında malların və xidmətlərin daha sürətli və asan bir şəkildə ötürülməsi mümkündür.

Qeyd edək ki, "Rəqəmsal İpək Yolu" layihəsi 2020-ci ildə ABŞ-da "Qlobal Strateji İnfrastruktur Liderlik Forumu"nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri seçilib. DSW digər ölkələr və proqramlar üçün nümunə olacaq layihədir. Gələcəkdə daha çox ölkə öz ticarət və rabitə infrastrukturunu inkişaf etdirmək üçün DSW-ni nümunə kimi götürə bilər. Şübhəsiz ki, bu da qlobal ticarətin inkişafını təmin edəcək və dünya ölkələri arasında əlaqələri daha da genişləndirəcək bir addım olacaq.

Azərbaycan rəqəmsal nəqliyyat infrastrukturu ilə Asiya və Avropa arasında strateji əhəmiyyətə malikdir. Bu da ölkəni regionun nəqliyyat mərkəzi habına çevirir. Layihə dövlətimizin ticarət və inkişaf imkanlarını genişləndirir, həmçinin Asiya və Avropa bazarlarına daha da yaxınlaşdırır. Azərbaycanın energetika və nəqliyyat sahələrinə daha çox investisiya cəlb etməsinə kömək edir.

DSW ticarətin daha təhlükəsiz şəkildə hərəkət etməsinə yardım edir. Bu layihə Azərbaycanın ətraf bölgələrlə daha yaxın əlaqələr qurmasına, ölkənin diplomatik və iqtisadi əlaqələrini genişləndirməsinə imkan verir. Ümumilikdə layihə ölkəmizlə yanaşı, Gürcüstan, Türkiyə, Qazaxıstan, Türkmənistan ərazisindən keçəcək. Bununla da məlumatların ötürülməsində ən az gecikmə ilə ən optimal, ən qısa marşrut olacaq və regional əməkdaşlıq və inkişafa təkan verəcək.

Layihə Türk Dövlətləri Təşkilatının da diqqət mərkəzindədir. Təşkilat Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi imzalayıb. Bəyannamədə əsasən, üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək "Rəqəmsal İpək Yolu" layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun əhəmiyyəti, sözügedən layihənin həyata keçirilməsində IT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Layihə çərçivəsində "2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası"nda Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması əsas məsələ kimi qarşıya qoyulub.

Ötən il DSW çərçivəsində Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə "Trans-Xəzər Fiber-Optik Kabel Xətti" layihəsi çərçivəsində Azərbaycan tərəfdən "AzerTelecom", Qazaxıstan tərəfdən isə "Transtelecom" şirkətləri birgə müəssisə yaradıblar. Layihənin dənizin dibi ilə uzunluğu 380 km, məlumatötürmə gücü isə 16 terabit/s-dən çoxdur. DSW-nin icrasının müxtəlif mərhələlərinə "Detecon Consulting", "DLA Piper", "Axiom", "PwC" və sair nüfuzlu beynəlxalq konsaltinq şirkətləri cəlb olunub. Bu ilin sentyabrında isə Qazaxıstanın Almatı şəhərində keçirilmiş "GCCM 2023" tədbirində "AzerTelecom" və "Kazakhtelecom" arasında strateji əməkdaşlıq əsasında həyata keçirilən və "Rəqəmsal İpək Yolu" meqalayihəsinin əsas komponentlərindən biri olan "Trans-xəzər Fiber-Optik Kabel Xətti" layihəsi telekommunikasiya operatorlarına təqdim olunub. Görüş çərçivəsində bildirilib ki, layihə 380 kilometr uzunluğunda olaraq 400 terabit/s-ə qədər datanın ötürülməsini həyata keçirəcək. DSW müxtəlif seqmentlərini birləşdirməklə, bu çoxterabitli məlumatların nəqlini təmin edəcək fiber-optik magistral xətt regionda telekommunikasiya sənayesinin və beynəlxalq iqtisadi əlaqələrin mühüm töhfələr verəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".