Azərbaycan Cənubi Qafqazda liderlik və inkişaf qarantıdır
Siyasət

Azərbaycan Cənubi Qafqazda liderlik və inkişaf qarantıdır

Ölkə başçımızın 13 aprel 2021-ci il tarixində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışı bütün dünyaya verilən bir mesaj idi: Azərbaycan güclüdür, etibarlı tərəfdaşdır və regional rifahın təmin olunmasının yeganə yolu məhz ölkəmizlə müsbət əlaqələrin qurulmasıdır. Konfrans çərçivəsində vacib məsələlərə aydınlıq gətirildi, bir çox suallar cavablandırıldı. Xüsusilə, mövcud reallıq və gələcək perspektiv haqqında məlumat vermək üçün konfrans olduqca uğurlu idi. Beynəlxalq ictimaiyyəti spekulyasiya və manipulyasiyalar ilə zəhərləyənlərin planları ifşa olundu, həqiqət faktlarla birlikdə tədbir iştirakçılarına çatdırıldı. Azərbaycan Prezidentinin liderlik potensialı bir daha öz sözünü dedi. Cənubi Qafqazda yaranan reallıqlardan sonra Prezident İlham Əliyev inkişaf və əməkdaşlığın, real addımların, gözləntilərin nələrdən ibarət olduğu haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Konfransda suallara verilən cavablar bir daha göstərdi ki, Azərbaycan sülhün əldə olunması üçün səylərini intensivləşdirir.

Xüsusi qeyd etmək lazımdır ki, iştirakçılar konfransdan əvvəl Ağdama səfər edərək ermənilər tərəfindən məhv edilmiş ərazilərlə tanış oldular. Bununla yanaşı, konfransda iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına da baş çəkdilər. Qonaqları Prezidentin köməkçisi Hikmət Hacıyev və digər dövlət rəsmiləri müşayiət edirdi. Hərbi Qənimətlər Parkında nümayəndələrə Ermənistanın müharibə cinayətlərini sübut edən faktlar barədə məlumatlar verildi. Nümayəndələr müharibə zamanı və ondan sonrakı dövrdə destruktivliyin, mədəni terrorizmin, ekosidin, urbisidin qalıqlarını əyani şəkildə gördülər.

Dünya ictimaiyyətinin gözü ADA-da keçirilən beynəlxalq konfransda idi. Qardaş Türkiyənin “Anadolu Ajansı”, “Yeni Haber”, “Sözcü”, “Demirören Haber Ajansı”, “Mynet”, “Gazete Vatan”, “Yeni Şafak”, “Haber Global” kimi aparıcı KİV-ləri Azərbaycan Prezidentinin çıxışına dair çoxsaylı materiallar, o cümlədən videoxəbərlər hazırlayaraq yayımladılar. Bununla yanaşı, Prezidentin bölgədəki mövcud vəziyyət haqqında açıqlamaları, Cənubi Qafqazın gələcəyinə dair fikir və mülahizələri, əhatəli şərhləri Rusiya mətbuatında da geniş yer aldı. “ТАСС”, “REGNUM”, “РИА Новости”, “Вестник Кавказа”, “Взгляд”, “News.ru”, kimi informasiya agentlikləri, televiziya və qəzetlər dövlət başçısının çıxışına istinadla konfrans haqqında geniş informasiyalar verdilər.

Aparıcı beyin mərkəzlərinin təmsilçilərinin ölkə başçımıza yönəltdiyi suallar göstərdi ki, respublikamıza olan maraq daim artmaqdadır. Beynəlxalq aləm bizim yaratdığımız reallığı yaxından izləyir. Müasir Azərbaycan öz imici haqqında dünyada müsbət fikir formalaşdırır. Prezident İlham Əliyev milli maraqları rəhbər tutaraq ümummilli lider Heydər Əliyevin siyasi xəttini daha da inkişaf etdirir.

Azərbaycan yeni reallıq yaradıb, bunu Ermənistan da qəbul etməlidir. Əslində Azərbaycan Prezidentinin “Ermənistan öz statusuna aydınlıq gətirməlidir” deyərkən verdiyi mesajlar bir tərəfdən Ermənistanda olan indiki revanşist dairələrə, digər tərəfdən, onları himayə edənlərə aid idi. Bəli, dövlətimizin başçısı uğurlu diplomatiyası ilə Ermənistana və lazımi dairələrə, mühüm mesajlar ötürdü. Azərbaycan öz ərazi bütövlüyünü özü təmin edən, regionda yeni reallıq yaradaraq hər kəsi bununla razılaşmağa, barışmağa və hesablaşmağa məcbur edən ölkədir. Prezident İlham Əliyev “İsgəndər-M” raketləri ilə bağlı qətiyyət nümayiş etdirdi. Bu isə bir daha göstərir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə heç bir halda prinsiplərindən dönmür. Tarixə diqqət çəkən dövlət başçımız bir daha xatırlatdı ki, Ermənistan kimlərin əli ilə, kimin tarixi torpaqlarında, hansı məqsədlə yaradıldığını unutmasın. Bunların hamısı tarixi həqiqətlərdir. Bunun üçün isə XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir.

Qlobal tədbirdə ölkə başçımızın çıxışı məhz regional rifaha xidmət etməsi ilə seçilirdi. Prezident İlham Əliyevin çoxsaylı sualları müfəssəl surətdə cavablandırması Qarabağ reallığının, Ermənistanın qeyri-konstruktiv və revanşist davranışlarının, Minsk Qrupu həmsədrlərinin anlaşılmaz mövqeyinin ifşa edilməsini də özündə ehtiva edirdi.

İşğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri haqqında da məlumat verən dövlətimizin başçısı Azərbaycanın Qarabağda əsas infrastruktur layihələrini üç il müddətində başa çatdırmasını hədəflədiyini, işğaldan azad edilmiş ərazilərin əsasən ölkə iqtisadiyyatında, qeyri-enerji, o cümlədən nəqliyyat sektorunda vacib yerlərdən birini tutacağını qeyd etdi. Türkiyə, İtaliya, Böyük Britaniya kimi ölkələrin bu layihələrdə yer alması bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda əməkdaşlıq mühiti yaradır, daha bir beynəlxalq uğura imza atır.

Nurlan ABDALOV,

“Respublika”.