Azərbaycan diplomatları
Siyasət

Azərbaycan diplomatları "Brussels Signal"a müsahibədə Aİ-nin fikirlərini tənqid ediblər

Avropa İttifaqının (Aİ) bəzi rəsmi şəxslərinin Azərbaycanın "ekspansionizmi" haqqında bəyanatlarının heç bir əsası yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə "Brussels Signal" nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

Diplomat Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Azərbaycanın guya Ermənistana ərazi iddiaları olması barədə bəyanatlarını qətiyyətlə rədd edib. Elçin Əmirbəyov vurğulayıb: "Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiaları yoxdur". O əlavə edib ki, Qarabağ Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisidir və ölkəmiz bu yaxınlarda özünün bütün ərazisində suverenliyini bərpa edib.

Azərbaycanın xarici işlər naziri vəzifəsini icra edən Ceyhun Bayramov da öz bəyanatında Avropa diplomatiyasının əsassız iddialarını pisləyib. O, avropalı siyasətçini Ermənistanın təcavüzkar hərəkətlərinə göz yummaqda ittiham edib. Nazir bildirib: "Ali nümayəndə Cozep Borrelin silahlı təcavüz aktı törədən Ermənistana bəraət qazandırması onun hərbi təxribatı barədə susması kimi qiymətləndirilir".

Həm Elçin Əmirbəyov, həm də Ceyhun Bayramov "Dağlıq Qarabağ" kəlməsindən hələ də istifadə olunması ilə bağlı məyusluq ifadə ediblər, bunu fəaliyyətdən düşmüş və qəbuledilməz adlandırıblar. Onlar qeyd ediblər: "Bu gün yalnız Azərbaycanın Qarabağ regionu mövcuddur".

Ceyhun Bayramov, həmçinin beynəlxalq ictimaiyyəti "Qarabağ iqtisadi rayonu" terminindən istifadə etməyə çağırıb.