Azərbaycan ədəbiyyatında romantizmin tanınmış nümayəndəsi
Mədəniyyət

Azərbaycan ədəbiyyatında romantizmin tanınmış nümayəndəsi

Abbas Səhhət 1874-cü il iyulun 11-də Şamaxıda dünyaya gəlib

"...Əzmi xuraman fikrindən geri dönməyən sevgili şairimiz Səhhət Gəncə məzarıstanında dəfn - xak-əbədiyyət bulunur. Zata Şeyx Nizamiyə böyük bir hörməti var idi. Daima Nizaminin laməyut nəzmlərini kəmali fəsahətlə oxur, samlərini ləzzatyab - ədəbiyyat eylərdi. Ən nəhayət, pənc gənc şair- möhtərəmilə həmcivari məzar oldu...".

"Azərbaycan" qəzetinin 1918-ci il 18 noyabr tarixli sayında Məhəmməd Hadi "Səhhətin üfüli-ədəbisi" adlı məqaləsində şair dostu Abbas Səhhətin ölüm xəbərindən sarsılaraq onun ədəbiyyatımızdakı əvəzsiz xidmətlərindən yazırdı. Hadi, həmçinin şairin 1918-ci ildə ermənilərin törətdikləri soyqırımının qurbanı olduğunu da dəqiqliyi ilə bildirirdi: "Şirvanlı şair, Şirvan faciəsi əsasında başqaları kibi, şəhəri tərkə məcbur olmuş, yolda soyulmuş, var-yoxu əlindən alınmışdı. Bir qaç yerlərdə sər-səriyanə dolanmış, ən sonda Gəncəyə nəqli-məkan etmişdir. Arada xəstə oldu. Zalım və biaman ölümün pəncəsindən rahayət olmayaraq tərki-həyat eylədi".

Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi, şair, dramaturq, tərcüməçi Mehdizadə Abbas Əliabbas oğlu 1874-cü ildə Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Məşhəd və Tehran şəhərlərində tibbi təhsil almış, 1901-ci ildə Şamaxıya qayıtmışdır. O, tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra realnıy məktəbdə Azərbaycan dilindən dərs deməyə başlamışdır. Elə bu dövrdən də ədəbi fəaliyyətlə də məşğul olmuşdur. 1903-cü ildən məqalələri "Şərqi-Rus" qəzetində çap olunub. 1905-ci ildə "Yeni poeziya olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şeirləri işıq üzü görüb.

Abbas Səhhət "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi idi və bu səbəbdən də, Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulmuşdu. 1906-1907-ci illərdə "Füyuzat" jurnalının fəal üzvü olan şair o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edirdi. Tərcüməçilik fəaliyyətilə də məşğul olan A.Səhhət həmin zamanlarda Azərbaycan oxucusunu Lermontov, Puşkin, Krılov, Nadson, M.Qorki, Hüqo, Müsse, Sulli-Prüdom və başqa şair və yazıçıların əsərləri ilə tanış edirdi.

1912-ci ildə şairin öz şeirlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şeirlər toplusu nəşr olunub. Bir qədər sonra "Əhmədin şücaəti" adlı poeması, 1916-cı ildə isə "Şair, muza və şəhərli" adlı romantik poeması çap edilib.

Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərinin yaradıcılığından ruhlanan Abbas Səhhət türk xalqlarının ədəbiyyatı ilə də yaxından maraqlanmış, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərmişdir.

"Vətəni sevməyən insan olmaz, olsa da ol kəsdə vicdan olmaz" şeiri ilə yaddaşlarda qalan vətəndaş şair Abbas Səhhət bu mövzuda yazdığı şeirlərlə daha çox tanınıb. Şairin bu şeiri ən məşhur xanəndələrin ifasında səslənib:

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,

Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanu-nəmək,

Vətəni məncə unutmaq nə demək?!

Şairin bu məşhur misralarla başlayan "Vətənimdir" adlı şeiri təxminən yüz il əvvəl yazılıb və Vətən sevgisinin ən gözəl ifadəsi sayılan şeirlərdən biridir.

Bədii ədəbiyyat həmişə konkret ictimai-tarixi və siyasi-sosial şəraitdə yaranır və təşəkkül tapır. Azərbaycan ədəbiyyatı XX əsrin 20-30-cu illərində mürəkkəb siyasi-iqtisadi və sosial şəraitdə meydana çıxmışdır. Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması, onun devrilməsi, sovet hakimiyyətinin qurulması kimi mühüm hadisələr bu dövrə təsadüf edir.

Əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı özünün milli inkişafının yeni mərhələsinə qədəm qoymuş, daha yetkin və inkişaf etmiş bir ədəbiyyata çevrilmişdi. C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, N.Vəzirov, S.S.Axundov, C.Cabbarlı, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə kimi yazıçı və publisistlər realizmin inkişafına, ədəbiyyatın yeni-yeni bədii keyfiyyətlərlə zənginləşməsinə böyük təsir göstərirdilər. Ədəbiyyatımızın romantik qolu da H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi kimi sənətkarların yaradıcılığı ilə inkişaf edirdi.

Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edən Abbas Səhhət İslam dəyərlərdən imtinaya qəti etiraz edərək, əsərlərində "ümummüsəlman qərbçiliyi" ideyasını dəstəkləmişdir. Şair həm də Mirzə Ələkbər Sabirlə yaxın dost olmuşdur.

Qısa, 44 illik ömrü boyu maarifçilik missiyasını layiqincə yerinə yetirən A.Səhhət uşaqlar üçün də şeirlər yazıb: "Ana və baba", "Ata və oğul", "Yay", "Ayı və şir", "Quşlar" və onlarla şeiri bu gün də balaca oxucular tərəfindən sevilə-sevilə oxunur. O, Vətənini sevir, onun xoşbəxt gələcəyi üçün bacardığını edirdi. Çünki könlünün sevgili məhbubu idi Vətən!..

Zümrüd QURBANQIZI,

"Respublika".