Azərbaycan həqiqətləri qlobal səviyyədə səslənir
Siyasət

Azərbaycan həqiqətləri qlobal səviyyədə səslənir

Müasir çağırışların müzakirə ünvanına çevrilən paytaxtımızda keçirilən XI Qlobal Bakı Forumu daha bir mühüm tarixi hadisə olaraq dünyada ciddi rezonans doğurdu

Azərbaycanın milli iqtisadi inkişaf modeli bir sıra cəhətlərinə görə başqalarına nəinki bənzəmir, həm də müəyyən üstünlükləri ilə seçilir. Bu modelin üstün tərəflərindən biri də onun müstəqil inkişaf etmək imkanında olmasıdır ki, bu da ölkədə daxili investisiya artımına, qlobal layihələrin reallaşdırılmasına, yaranan böhranların təsirlərindən məharətlə qorunmasına öz töhfəsini verir. Azərbaycanın bu gün beynəlxalq arenanın mühüm aktorlarından biri kimi dünyaya sülh carçısı olaraq təqdimatı birmənalı şəkildə Prezident İlham Əliyevin mükəmməl xarici siyasətinin nəticəsidir.

Martın 14-16-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XI Qlobal Bakı Forumu əhəmiyyətinə görə daha bir tarixi hadisə kimi ciddi rezonans doğurdu. Qlobal çağırışların müzakirə ünvanı olan Bakı dünyanın diqqət mərkəzinə bu dəfə "Parçalanmış dünyanın bərpası"nın həlli yollarını araşdırmaqla düşdü.

Bakı Forumu dünya mediasında, müxtəlif ölkələrin mətbu orqanlarında gündəm olub. Bəşəriyyətə real təhlükə olan təhdidlərin, siyasi qərarların fonunda yaranan münaqişələrin, eyni zamanda iqlim, qida, nüvə təhlükəsizliyi və səhiyyə problemləri geniş müzakirə olunmaqla dünyanın xilası naminə Azərbaycan növbəti dəfə töhfə verdi. Dünyada qeyri-sabitlik və qarşıdurma ocaqlarının artdığı və Avrasiya miqyasında geosiyasi dəyişikliklərin baş verdiyi bir zamanda bu Forumun önəmi olduqca böyükdür. Qlobal məsələlərin həlli üçün dünyanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və uzun illər dövlət və hökumət başçıları, xarici işlər nazirləri kimi yüksək vəzifələrdə çalışmış iştirakçılarının təcrübəsinə və biliyinə ehtiyacı var. Forum qloballaşan dünyamızda və həm də Cənubi Qafqazda baş verən hadisələrə yeni yanaşmaların aydın ifadəsi baxımından da aktualdır.

Bu mötəbər forumda Prezident İlham Əliyev yeni geostrateji reallıqlar fonunda regionun gələcək inkişafı ilə əlaqədar çox mühüm fikirlər səsləndirdi, aktual məsələləri diqqətə çatdırdı. Ölkə başçısı respublikamızın mövqeyini bir daha qətiyyətlə ifadə etməklə yanaşı, Azərbaycanın perspektivə dair aydın strateji baxışlarının olduğunu nümayiş etdirdi. Azərbaycanın milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi bölgədə dayanıqlı sülhün, nizamlı sabitliyin, etibarlı təhlükəsizliyin, dinamik inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycanın münaqişəyə hərbi-siyasi yolla son qoyması və öz ərazi bütövlüyünü təmin etməsi qlobal strateji önəm daşıyır. Azərbaycan Cənubi Qafqazda yeni situasiya yaratmaqla dövlətlərin ərazi bütövlüyü, suverenliyi məsələlərinə yeni, ədalətli və konstruktiv yanaşmanın ortaya qoyulması zərurətini qlobal ictimai rəyin nəzərinə çatdırdı. Eyni zamanda Azərbaycan regional inkişaf və inteqrasiya üçün təhlükəsizlik mühitinin yaradılmasının vacib şərt olduğunu bir daha sübuta yetirdi. Azərbaycanın formalaşdırdığı yeni gerçəkliklər fonunda qarşılıqlı etimad mühitinin yaradılması, müxtəlif dövlətlərin iştirakı ilə ortaq platformada strateji işbirliyi və inteqrasiyanın təmin edilməsi təkcə Cənubi Qafqaz regionunun deyil, bütövlükdə beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı perspektivlər vəd edir.

Bölgədə yaranmış yeni reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan bu prosesdə mühüm rol oynayır. Enerji, neft-qaz sahəsində nəhəng, iri miqyaslı layihələrin reallaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Azərbaycan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli olan layihələr icra edir. Artıq respublikamız Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Ölkəmizin şanlı qələbəsinin Avrasiyanın geoiqtisadi xəritəsində yaratdığı yeni imkanlar beynəlxalq nəqliyyat sisteminin bütövlükdə yenidən formalaşdırılması reallığını yaradıb. Artıq bir çox Asiya ölkələri bu yeni imkanların fərqindədir. Xüsusilə Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi vurğulanmalıdır. Dünya iqtisadiyyatının əsas lokomotivlərindən biri sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı və eləcə də Süveyş kanalından keçən dəniz nəqliyyat yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, eləcə də Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradacaq.

İkinci Qarabağ müharibəsinin nəticəsi Qafqazın yeni geosiyasi vəziyyətinin formalaşmasında mühüm mərhələ oldu. Nəticədə, Qafqazın keçmişi ilə gələcəyi arasında köklü dəyişiklik baş verdi. Regional güc dəyişikliyi və Qafqazda yeni geosiyasi reallıq qlobal güclər tərəfindən qəbul edilib. Rusiya və Türkiyə prezidentlərinin məsələyə münasibəti, beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar, regionda siyasi gedişlər onu göstərdi ki, bölgədə digər qlobal oyunçuların effektivliyi azalıb. 2020-ci il 10 noyabr kapitulyasiya aktının imzalanmasından sonra siyasi proseslərə seyrçi mövqeyində qalmaq məcburiyyətində olan dövlətlər və güc mərkəzləri bu vəziyyətdən çox narahat olduqlarını açıq şəkildə bəyan edirlər. Bəzi təşkilatların fəaliyyətinin əhəmiyyətsiz olduğunu anlayan böyük güclər məsələyə bu və ya digər şəkildə reaksiya verməyə çalışırlar. Ancaq dünya və region dövlətləri də yaxşı başa düşür ki, artıq gələcəyin nicatı bölgədə yaranacaq daimi sabitlikdən asılıdır.

"Biz beynəlxalq hüququ özümüz bərpa etdik və göstərdik ki, güclü siyasi iradəmiz, potensialımız var… güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik", - deyən Prezident İlham Əliyev bu gün də Azərbaycanın sülh prosesinə sadiqliyini diqqətə çatdırıb və müharibə başa çatdıqdan sonra rəsmi Bakının sülh təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb. Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmayıb. Lakin hələ də ikili standartlar mərəzindən xilas ola bilməyən bəzi riyakar dövlət və beynəlxalq təşkilatlar Ermənistanın sülh müqaviləsi imzalamasına problem yaradır. Azərbaycan Avropa İttifaqının üzvləri, eləcə də İslam Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq həyata keçirir, müxtəlif ölkələri bir araya gətirə bilir. Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan Bakı Forumu vasitəsilə müasir dünyanın çağırışları qarşısında öz prinsipial mövqeyini beynəlxalq birlik qarşısında sərgiləyir. Azərbaycanın mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin uğurla keçirilməsində zəngin təcrübəsi var. Artıq işğaldan azad edilmiş Şuşa şəhəri də nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi edir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini birləşdirən inklüziv və yaxşı platformadır. Forumda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir və beynəlxalq ictimaiyyətə təqdim olunur. Forum iştirakçılarının qarşısında duran ən mühüm vəzifələrdən biri sürətlə dəyişən dünyada etimad və əməkdaşlığın qurulması üçün yeni formatların və yolların axtarışıdır. Bu il Bakı COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi edəcək. COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Azərbaycanın istər sülh prosesinə, istərsə də sabitliyə verdiyi dəstək göz qabağındadır. Qarşıdakı əsas hədəflərimiz bütün sahələrdə inkişafa nail olmaq, həm də dünyaya töhfə verməkdir.

Mustafa KAMAL,

"Respublika".