Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri
Siyasət

Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri

Müstəqillik tarixinin son 20 ilində ölkəmizin bu təşkilatla əlaqələri yüksələn xətt üzrə inkişaf edib

Bu günlərdə Milli Məclisin sədri Sahibə Qafarova Mərakeşdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən S.Qafarova Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizin İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünyada sülhün və təhlükəsizliyin təşviqi istiqamətində böyük səy göstərən mühüm təşkilatlardan olan ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib.

Həmçinin "Bakı prosesi" çərçivəsində uğurlu əməkdaşlıq qeyd olunub, Şuşanın 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsinin şəhərin İslam sivilizasiyasının mərkəzlərindən biri kimi əhəmiyyətinin nümayişi üçün yaxşı fürsət olacağı diqqətə çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev ICESCO-nun Baş Konfransının Bakıda keçirilən XII sessiyasının açılış mərasimində deyib: "Biz Azərbaycanda daim çalışırıq ki, ICESCO-nun nüfuzu daha da artsın. Azərbaycan ICESCO-nun fəal üzvlərindən biridir. Bizim Bakıda keçirilmiş bir çox tədbirlərdə ICESCO təmsil olunur...".

Onu da qeyd edək ki, Azərbaycan Respublikası 1991-ci ildən bu təşkilatın üzvüdür və həmin ildə qurulmuş münasibətlər ölkəmizin birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın birinci xanımı bu ada təhsilin və sivilizasiyalar arasında dialoqun inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb. Müstəqillik tarixinin son 20 ilində ICESCO ilə Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edib.

2008-ci ilin 10-11 iyun tarixlərində "Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi" mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplom təqdim etmişdir. Əlamətdar haldır ki, Azərbaycanın birinci xanımı İslam ölkələrinin daxil olduğu bu təşkilatın yüksək adlarına layiq görülən ilk qadındır.

Ölkəmizin təşkilata üzvlüyünün ilk illərində müharibə şəraitində olan Azərbaycanın xarici siyasətinin başlıca məqsədi erməni təcavüzünün, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olsa da, İKT ilə əməkdaşlıq təkcə bu problemin həlli ilə məhdudlaşmamış, çoxşaxəli, qarşılıqlı maraq əsasında əlaqələrin inkişafına üstünlük verilmişdir.

2007-ci ildə Heydər Əliyev Fondu ilə ICESCO arasında imzalanmış yeni əməkdaşlıq sənədində elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafı, birgə layihələrin işlənib həyata keçirilməsi, fəaliyyətin əlaqələndirilməsi nəzərdə tutulmuşdur. Həmin ilin noyabrında Bakıda İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumu və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda konfrans keçirilmiş, Fondun prezidenti Mehriban Əliyeva təhsil, elm, gənclər, mədəniyyətlərarası dialoq sahəsində və Azərbaycan mədəniyyətinin dünyada təbliğində xidmətlərinə görə İslam Konfransı Gənclər Forumunun "Gəncliyin inkişafı uğrunda Qlobal səfir" adına layiq görülmüşdür.

Heydər Əliyev Fondunun ICESCO ilə əlaqələri çərçivəsində həyata keçirilən tədbirlərdən biri kimi, "Xocalıya ədalət!" kampaniyasını qeyd etmək yerinə düşər. 2019-cu il yanvarın 18-də 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə ICESCO-nun saytında təşkilatın o vaxtkı Baş katibi Əbdüləziz Əl-Tüveycrinin adından ilk dəfə olaraq bəyanat yayılmış və faciə insanlığa qarşı cinayət kimi pislənilmişdir. Bəyanatda dünya ictimaiyyətinə və beynəlxalq insan hüquqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsi və beynəlxalq hüquqa uyğun olaraq bu cinayəti törətmiş şəxslərin cəzalandırılmasına çağırış ifadə edilmişdir. Həmin il yanvarın 31-də isə ICESCO Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng Su Anbarından yeni su kanalı çəkilməsi cəhdlərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirən bəyanat verib. 2019-cu il dekabrın 2-3 tarixlərində ICESCO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında ölkəmizin Bakının İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı kimi mədəni irs nümunələri İslam Dünyası İrsi siyahısına daxil edilib.

Vətən müharibəsindəki qələbəmizdən sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: "... Azərbaycan hökuməti və xalqı bu Qələbəni sizin uzun sürən münaqişəyə davamlı həll yolu tapmaq və dünyanın bu mühüm bölgəsindəki vəziyyəti normallaşdırmaq üçün nümayiş etdirdiyiniz qətiyyət və müdrik rəhbərliyiniz sayəsində qazandı. ICESCO bu layiqli qələbəni Azərbaycan Respublikası ilə birlikdə qeyd edir və qarşıdakı illərdə təşkilatın imkanları daxilində ölkənizin rifah və tərəqqi istiqamətində bütün səylərini dəstəkləməyə davam edəcəkdir".

Postmüharibə dövründə ICESCO-nun nümayəndə heyəti bölgəyə səfər edərək erməni işğalı zamanı tarixi və dini abidələrə qarşı törədilən vandalizm faktlarını qeydə alıb. Təşkilatın baş direktoru bütün dağıdılmış abidələrin bərpa ediləcəyindən əminliyini ifadə edib. ICESCO ilə əməkdaşlıq ölkəmizin İslam dünyası ilə əlaqələrinin möhkəmləndirilməsi, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətindəki fəaliyyətinə yeni impuls verir.

Zümrüd QURBANQIZI,

"Respublika".