Azərbaycan ilə Konqo arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib
Siyasət

Azərbaycan ilə Konqo arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib

Martın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Konqo Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Fransua Joli ilə görüşüb.

"Respublika" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan ilə Konqo arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib.

Görüşdə Afrika ölkələri ilə əməkdaşlığın inkişafının ölkəmizin əsas xarici siyasət prioritetlərindən biri olduğu vurğulanıb. Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticarət və energetika, eləcə də təhsil və humanitar sahələrdə münasibətlərin genişləndirilməsi üçün geniş imkanların mövcud olduğu bildirilib.

Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub. Qoşulmama Hərəkatına (QH) üzv dövlətlər üçün təqaüd proqramı çərçivəsində konqolu tələbələrin ölkəmizdə təhsil almaları, Hərəkatın Gənclər Təşkilatında nümayəndələrin iştirakı üçün imkanlar nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əlavə əməkdaşlıq imkanları yaratdığını diqqətə çatdırıb.

Daha sonra qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər barədə fikir mübadiləsi aparılıb.