Azərbaycan ilə QDTİB arasında əməkdaşlıq müzakirə edilib
İQTİSADİYYAT

Azərbaycan ilə QDTİB arasında əməkdaşlıq müzakirə edilib

İyunun 16-da Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

16 iyun Maliyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, iyul ayında keçiriləcək Rəhbərlər Şurasının İllik Toplantısı, bankın abunə kapitalının artırılmasında Azərbaycanın iştirakı, regiondakı mövcud geosiyasi vəziyyətin bankın maliyyə durumuna təsiri, ölkəmizdə həyata keçirilən layihələrdə bankın iştirakının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Qeyd olunub ki, QDTİB-nin Rəhbərlər Şurasının 2021-ci ilin oktyabrında keçirilən 14-cü Xüsusi Toplantısında bankın abunə kapitalının artırılmasına dair qərar qəbul edilib. Azərbaycana ümumi dəyəri 41,032 milyon avro təşkil edən 36,680 ədəd səhm təklif edilib ki, bunun da 12,310 milyon avro məbləğində olan hissəsi 8 il ərzində bərabər hissələrlə banka ödənilməlidir. Abunəliklə bağlı ilk ödəniş 2023-cü ilin sonunadək həyata keçiriləcəkdir.

“Respublika”.