Azərbaycan Laçın yolundan humanitar məqsədlər üçün keçidə şəffaf şərait yaradır
Digər xəbərlər

Azərbaycan Laçın yolundan humanitar məqsədlər üçün keçidə şəffaf şərait yaradır

"Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik". Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri fevral ayının 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsi zamanı səsləndirib. Görüşün konstruktiv keçdiyini deyən ölkə başçımız təklifinin hər iki ölkə arasında münasibətlərin normallaşmasında mühüm amil kimi həm Avropa, həm də Amerika tərəfindən məntiqli qəbul edildiyini bildirib.

İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan müharibə bitdikdən sonra da təxribatçı əməllərinə son qoymadı, əksinə, ölkəmizin qalibiyyətini həzm edə bilməyən havadarlarının fitvası ilə alçaq hərəkətlərini davamlı şəkildə həyata keçirməyə cəhd göstərdi. Düşmən ölkə əslində 2020-ci il 10 noyabr Bəyanatına əsasən ölkəmizin ərazilərindən çıxarmalı olduğu, lakin bu günə qədər hələ də Qarabağda saxladığı silahlı birləşmələrinin tör-töküntülərinə silah-sursatın daşınması, terrorçuların ölkəmizin ərazisinə keçidi, eyni zamanda rus sülhməramlılarının müşayiəti ilə təbii sərvətlərimizin qanunsuz daşınması üçün Laçın yolundan istifadə etdi. Ermənistanın bu yoldan sui-istifadə hallarına Azərbaycan tərəfi dəfələrlə etirazını bildirsə də, hər zaman olduğu kimi, heç bir qanuna, bəyanata, konvensiyaya məhəl qoymayan qarşı tərəf yenə də fəaliyyətini davam etdirdi. Separatçı rejim tərəfindən Qarabağda "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarındakı təbii sərvətlərimizin qeyri-qanuni istismarının qarşısının alınması üçün Azərbaycanın aidiyyəti qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edildi, Laçın-Xankəndi yolundan qeyri-humanitar məqsədlər üçün istifadənin və ölkəmizin qızıl və mis mədən yataqlarının qanunsuz talan edilməsinin dayandırılması tələb olundu.

Azərbaycan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış keçirmək, qanunsuz istismarı dayandırmaq, müxtəlif istiqamətlər üzrə monitorinq aparmaq və nəticələri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Laçın yolunun Şuşadan keçən hissəsinə gedərək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə də görüşdü. Lakin rus sülhməramlıları monitorinqlərin aparılmasına şərait yaratmadı.

Ermənistan rus sülhməramlılarının gözü önündə bu yoldan istədiyi kimi istifadə edir, öz yerli istehsalı olan minaları bu yolla daşıyaraq Laçın və Kəlbəcər rayonlarının ərazilərində basdırırdı. Ermənistanın talançılığına, təxribatlarına etiraz əlaməti olaraq ötən il dekabrın 12-dən etibarən Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatlarının üzvləri və ictimaiyyət nümayəndələri Laçın-Xankəndi yolunda dinc aksiyalara başladılar. Ermənilərin qanunsuz fəaliyyətlərinin qarşısının alınması tələbi ilə keçirilən aksiya 138 gün davam etdi. Həmin dövrdə Rusiya sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yardım aparan maşınları heç bir mane olmadan yoldan istifadə edirdilər. Aksiyaçılar ermənilərin Laçın dəhlizi ilə silah-sursat daşınmasının qarşını almağa qismən nail olsalar da, separatçılar sərhəddə terrorçu, vandal əməllər törətməyə davam edirdilər. Ötən ilin avqust ayında həmin ərazilərdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minaların aşkar edilməsi, bu il aprel ayının 22-də isə Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partlaması nəticəsində 3 hərbi qulluqçumuzun yaralanması bunu bir daha təsdiqləyirdi. Həmin gün Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerləri və hərbi avtomobillər konvoyu da ölkəmizin ərazisinə keçirilmişdir.

Azərbaycan dövləti ermənilərin Laçın yolu ilə hərbi texnika daşımasının, ölkəmizin təbii ehtiyatlarının qanunsuz şəkildə istismarının qarşısını almaq üçün aprelin 23-də Ermənistanı Qarabağla birləşdirən yeganə yolun - Laçın dəhlizinin başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratdı. Laçın yolunun başlanğıcında keçid məntəqəsinin yaradılması Ermənistanla Qarabağ arasında hərəkətə nəzarət etməyə imkanı verir. İki ölkə arasında sərhədləri qorumaq məqsədilə yaradılan sərhəd-keçid məntəqəsində yüklərin yoxlanılması ilə yanaşı, pasport nəzarəti də həyata keçirilir ki, bu da ümumilikdə regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir. Erməni avtomobillərinin nəzarət-buraxılış məntəqələrində yoxlanılması isə nəinki sərhəddə, bütün regionda təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Belə ki, nəzarət-buraxılış məntəqəsindən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlmiş, humanitar yüklərin daşınmasına heç bir maneə yaradılmamışdır. İyun ayının 15-də Ermənistanın növbəti təxribatı zamanı sərhədçilərimizin yaralanması istiqamətində araşdırmaların aparılması üçün yol müvəqqəti olaraq bağlanmış, proses başa çatandan sonra isə açılmışdır. Təəssüf ki, yol açıldıqdan sonra beynəlxalq səviyyədə "humanitar" missiya həyata keçirən Beynəlxalq Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanışı zamanı qaçaqmalçılıq faktları aşkarlanmış və yolun bağlanması zərurəti yaranmışdır. Ermənilər isə bütün bu faktları manipulyasiya edərək Azərbaycanın Laçın yolunu bağladığını, Qarabağda yaşayan əhalini blokadada saxladığı kimi əsassız iddialar irəli sürərək dünyanı buna inandırmağa çalışır. Keçid məntəqəsinin yaradılması ilə təxribat əməllərini həyata keçirə bilməyən Ermənistan may ayının əvvəllərində "blokada"nın götürülməsi və Azərbaycan qüvvələrinin dəhlizdən çıxarılması ilə bağlı BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdir. Ermənistanın Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin guya qanunsuz olaraq fəaliyyət göstərdiyi və Azərbaycan Respublikasının bütün Silahlı Qüvvələrinin Laçın yolundan çıxarılması tələbi ilə qaldırdığı vəsatət Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilmişdi.

Ermənistan qəbul etmək istəmir ki, Azərbaycanın legitim hüququ olan nəzarət-buraxılış məntəqəsinin yaradılması milli təhlükəsizliyin təmin olunması istiqamətində atılmış mühüm addımdır və istənilən suveren ölkə tərəfindən həm beynəlxalq hüquq normalarına uyğun, həm də ölkələr arasında münasibətlərin tənzimlənməsi təcrübəsinə əsaslanaraq həyata keçirilən prosedurdur. Azərbaycan dövləti humanitar məqsədlər üçün açıq olan yoldan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hər iki istiqamətdə - Ermənistana və Azərbaycana humanitar məqsədlər üçün keçidə şəffaf şərait yaradır.

Mehparə ƏLİYEVA,

"Respublika".