Azərbaycan liderinin fəaliyyəti təqdir olunur
Siyasət

Azərbaycan liderinin fəaliyyəti təqdir olunur

Serbiya Prezidenti Aleksandar Vuçiç:

"...Biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik"

"... Əziz dostum, görürəm ki, indi siz Avropada çox məşhurlaşmısınız. Mən sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm, o, nə edib, amma qeyd edim ki, bunun sirrini mən də bilmək istərdim". Bu fikirləri Serbiya Prezidenti Aleksandar Vuçiç Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında layihənin reallaşdırılmasında iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərkən söyləyib. Təbii ki, yaşadığımız qalib ölkənin lideri haqqında deyilən bu xoş sözlər hər bir vətəndaşda qürur hissi yaradır. Bu, dövlət başçımızın nüfuzunun göstəricisidir...

2021-ci ilin dekabrında Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Prezident. Təkrarsız diplomatiya" sənədli filmini izləmiş olsaydı yəqin ki, Serbiya Prezidenti onu düşündürən suala çox asanlıqla cavab tapa bilərdi. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırlanan filmdə prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu mətbuat işçilərinin müsahibələri yer alıb. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Moskva və bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıb, haqqında dəyərli fikirlər söyləyiblər. Bütün bunlar bir dövlət başçısının uğurlarıdır. Bir liderin dünya miqyasında qazandığı uğur isə onun dövlətinin, xalqının nailiyyətidir...

Prezident İlham Əliyev tarixin onun üzərinə qoyduğu möhtəşəm vəzifələri yerinə yetirməyə hələ 2003-cü ildə ölkə rəhbərliyinə gəldiyi vaxtdan hazır idi. O zaman çoxlarının başa düşməyə çətinlik çəkdiyi vəzifələrin İlham Əliyev tərəfindən özünün seçki proqramına daxil edilməsi deyilənin əyani təsdiqidir. Birinci prezidentlik müddəti ərzində 5 ildə 600 min yeni iş yerinin açılması, qaçqın və məcburi köçkünlərin illər boyu ağır şəraitdə yaşadığı çadır çəhərciklərinin aradan qaldırılması barədə vədlərini yada salmaq kifayətdir ki, İlham Əliyevin Prezident kimi özünün qarşısında qoyduğu hədəflərin miqyası barədə aydın təsəvvür yaransın. O, bu hədəfləri uğurla aşıb keçə bildi...

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dövlət başçımızın ünvanına söylədiyi aşağıdakı fikirlərdə də bu deyilənlər öz əksini tapır: "Azərbaycan dövlətinin inkişafının sosial-iqtisadi, mədəni sahələrdə sanballı uğurlar qazanılması və beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə əlamətdar olan ən mühüm dövrü, bilavasitə sizin adınızla bağlıdır. Siz öz xalqınızın əsl lideri, onun amal və istəklərinin ifadəçisisiniz. Sizin həm ölkədə, həm də onun hüdudlarından kənarda yüksək siyasi nüfuzunuz şəksizdir. Siz Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini qazanmısınız və beynəlxalq aləmdə yüksək nüfuza sahib olmusunuz. Rusiyada sizi ölkəmizin etibarlı dostu kimi tanıyırlar".

İlhamƏliyevin siyasətçi məharətinin mühüm göstəricilərindən biri onun uzaqgörənliyi, hədəfləri dəqiq müəyyənləşdirməsi, uzunmüddətli dövrü əhatə edən planları işləyib hazırlamasıdır. Dövlət baçısının yüksək liderlik məharəti eyni dərəcədə xarici siyasət sahəsində özünü büruzə verir. İlham Əliyevin beynəlxalq səviyədə artan nüfuzundan, Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi, türk dövlətləri arasında əlaqələrin genişləndirilməsi istiqamətindəki fəaliyyətindən danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçımızın bundan sonra da bu yolda da mühüm töhvələr verməyə davam edəcəyinə inamını ifadə edib.

30 il ərzində donub qalmış, keçmiş Qarabağ probleminin həlli Azərbaycanın iqtisadi imkanlarından nə qədər asılı idisə, ölkənin siyasi manevrlərindən, diplomatik fəaliyyətindən, dünyanın siyasi nəbzini tuta bilmək qabiliyyətindən, siyasi dostlar və müttəfiqlər qazanmaq bacarığından, siyasi-diplomatik imkanları reallığa çevirmək ustalığından da o dərəcədə asılı idi. Üç onillik kifayət qədər böyük zamandır ki, Qarabağ probleminin düyünə düşməsinin səbəblərini, reallıqları başa düşə biləsən. Ölkəni arzuladığı qələbəyə çatdırmaq üçün seçdiyi yolda ona elə mahir lider rəbərlik etməlidir ki, imkanı gerçəyə çevirməyi bacarsın. 30 illik münaqişənin cəmi 44 gün ərzində həll edilməsi, heyrətamiz qələbənin qazanılması Azərbaycana bu şərəfli tarixi missiyanın həyata keçirilməsi dövründə liderlik etmiş İlham Əliyevin yuxarıda sadalanan bütün keyfiyyət və bacarıqlara sahib olduğuna bir daha böyük inam yaradır. Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ölkəmizdə və regionda yeni reallıqlarla müşayiət olunmaqdadır. Dövlətin və cəmiyyətin qarşısında duran başlıca hədəflər və onlara nail olmaq yolları ciddi şəkildə yenilənib, xalqın gələcəyə baxışları və inamları yeni ölçülər kəsb edir. Ölkəmizin gələcək inkişafla bağlı iddialarının daha qətiyyətli, miqyaslı və realist xarakter kəsb etməsi aydın müşahidə olunur. Vətən müharibəsinin qələbə ilə başa çatmasına qədər Azərbaycanın əsas iki istiqamətə -- Qarabağın azad və ölkənin inkişafının təmin edilməsi kimi şəxalərə ayrılan hədəfləri və müvafiq şəkildə paylanmalı olan resursları indi əsasən azad olunan ərazilərin bərpası və inkişafı üzərində qərarlaşıb. Bu isə öz növbəsində cəmiyyətin bütün diqqətinin, ölkənin resurslarının bu istiqamətdə cəm edilməsini təmin etməklə, həm də qarşıya qoyulan məqsədlərə yetişmək imkanlarını qat-qat artırıb. Azərbaycan artıq inkişafın və müasirliyin elə bir mərhələsinə keçməyə hazırdır ki, orada işləmək maraqlı, yaşamaq rahat, həyat isə gözəl olacaqdır. Belə bir cəmiyyətdə hər kəs özünü təsdiq edə, qabiliyyəti və bacarıqlarından tam şəkildə bəhrələnə biləcəkdir.

Qarabağı azadlığına qovuşdurduqdan sonra Prezident İlham Əliyevin üzərinə düşən tarixi missiya məhz belə bir Azərbaycan yaratmaqdan ibarətdir. İnanırıq ki, bundan sonra da uğur, qələbə daim onunla olacaq, xalqımızı bu istəyinə də qovuşduracaq və bununla da hər sahədə nümunə olduğunu bir daha təsdiqləyəcəkdir. Serbiya Prezidenti Aleksandar Vuçiçin: "...biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik", -deməsi də söylədiklərimizin tam təsdiqidir.

Zümrüd QURBANQIZI,

"Respublika".