Azərbaycan-Moldova münasibətlərinin gələcək aspektləri
Digər xəbərlər

Azərbaycan-Moldova münasibətlərinin gələcək aspektləri

Azərbaycan və Moldova SSRİ tərkibində olduqları dövrdən yaxın əlaqələr qurublar. Sovet imperiyası dağıldıqdan sonra bu iki ölkə müstəqillik qazanıb və ticari, iqtisadi və mədəni əlaqələrini davam etdirib. İki ölkə arasında günü-gündən inkişaf edən münasibətlər yüksək səviyyədədir. Moldova Avropanın cənub-şərqində, Qara dənizə yaxın, dənizə çıxışı olmayan bir ölkədir.

2023-cü il mayın 31-də "Avropa siyasi birliyi" 2-ci Zirvə toplantısında iştirak etmək üçün Moldova Respublikasında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ölkənin baş naziri ilə görüşüb və dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, müxtəlif sahələrdə əməkdaşlıq edilməsi barədə danışıqlar aparılıb. Dövlət başçısı Moldova baş nazirini ölkəmizə səfərə dəvət edib və təklif məmnunluqla qəbul edilib. Bütün bunlar Azərbaycanın xarici dövlətlərlə diplomatik əlaqələrinin yüksək səviyyədə olmasının göstəricisidir.

Azərbaycan və Moldova arasında diplomatik əlaqələr 30 ildən çoxdur ki, davam edir. Avqust ayının 27-si Prezident İlham Əliyev Moldova Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Moldova Respublikasının Prezidenti xanım Maya Sanduya səmimi təbriklərini çatdırıb.  İki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin uğurlu şəkildə   inkişaf etməsinin məmnunluq doğurduğunu deyib. Siyasi əlaqələrin yüksək səviyyədə inkişafının bir sıra sahələrdə qarşılıqlı və faydalı əməkdaşlığı genişləndirmək üçün yaxşı zəmin yaratdığı qeyd edilib.

Mövzuyla bağlı deputat Rüfət Quliyev bildirib ki, bizim Moldova dövləti ilə ənənəvi formada, yüksək xətlə inkişaf edən münasibətimiz var: "İstər siyasi, istərsə də iqtisadi bir çox sahədə bir-birimizin maraqlarını dəstəkləyirik. Bir çox beynəlxalq təşkilatda bir yerdəyik. Moldovada kifayət qədər etnik azərbaycanlı yaşayıb və onlar siyasi mənada aktiv diaspordur. 2 il öncə orada prezident seçkilərində iştirak etmişəm və insanların azərbaycanlılara olan rəğbətinin, inamının, hörmətinin canlı şahidi olmuşam. Səfərdə olarkən insanlar yaxınlaşıb salamlaşıb və xalqımıza, Prezidentimizə Moldovanı beynəlxalq arenada dəstəklədiyimiz üçün öz təşəkkürlərini bildiriblər. Həmçinin orada bizim biznes strukturlarımız fəaliyyət göstərir, Son münasibətlər də onu göstərir ki, bizim inkişaf trayektoriyamız artıb, əlaqələrimiz dərinləşir".

Siyasi, iqtisadi, ticari və daha bir çox sahədə əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə və  beynəlxalq təşkilatlarda proqressiv əməkdaşlıq edəcəyimizə şübhə yoxdur. Biznes və iqtisadi əməkdaşlığa aid geniş mövzuların görüşlərdə müzakirə edilməsi, ticari əlaqələr böyük potensialının olduğunu sübut edir. Azərbaycan Prezidentinin bu ölkəyə səfərləri ümumi maraqlarımızı nümayiş etdirir. Moldova rəsmilərinin də həmçinin ölkəmizə səfərləri Azərbaycana hörmət əlaməti kimi qiymətləndirilir".

Nurcan SÜLEYMANOVA,

"Respublika".