Azərbaycan qardaş ölkədə bərpa işlərinə də qoşulacaq
Digər xəbərlər

Azərbaycan qardaş ölkədə bərpa işlərinə də qoşulacaq

Fevralın ilk həftəsində yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə baş vermiş təbii fəlakət milyonlarla türk vətəndaşının həyatına mənfi təsir edib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Həmin vilayətlərdə üç ay müddətinə fövqəladə vəziyyət, Türkiyədə bir həftəlik matəm elan olunmuşdu. Əsrimizin ən böyük fəlakətində insan tələfatı 47 mini keçib. Türkiyə Cümhuriyyətinin  Prezidenti Rəcəb Tayyib Ərdoğan yaralıların sayının 115 mindən çox olduğunu bildirib. Axtarış-xilasetmə işlərinin yekunlaşması ilə paralel Türkiyə dövləti yeni evlərin və binaların tikintisinə başlamağı planlaşdırır və yeni binaların tikintisi təhlükəsizlik baxımından, əsasən düzənliklərdən kənar ərazilərdə həyata keçiriləcək. Türkiyə hökuməti mart ayında 18 min 544-ü Qaziantepdə olmaqla, 200 min yaşayış binasının tikintisi üçün işlərə başlayacağını bildirib. Şəhərin yenidən qurulmasında tarixi amillərin qorunub saxlanılması əsas prinsiplərdən biri kimi hesab olunur. Həmçinin 9130 kənd evi tikilib zərərçəkənlərə təhvil veriləcək. Türkiyə dövləti ilə yanaşı, vətəndaş cəmiyyətləri də öz xalqına böyük dəstək nümayiş etdirir. Fevralın 16-da Türkiyə, Şimali Kipr və Azərbaycandan 213 televiziya və 562 radionun iştirakı ilə canlı yayımda Kahramanmaraş faciəsinə yardım toplamaq məqsədilə məşhur simalar bütün dünyaya çağırışlar ediblər. Yardım gecəsində 115 milyard 146 milyon 528 min türk lirəsi toplanıb. “Türkiyə tək ürək” yardım kampaniyasında iş adamları böyük vəsait ianə ediblər ki, bu da  AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək. Zəlzələnin ilk günlərindən hökumətin çağırışlarına əsasən, dünyanın dörd bir yanından yardımlar gəlməyə başlamışdı. 100-ə yaxın ölkə Türkiyənin yaşadığı fəlakətə yardımla cavab verdi və müxtəlif səviyyələrdə yardım etməyə davam edəcəklərini açıqladı. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüş zamanı bildirmişdi ki, Azərbaycan xalqı könüllü olaraq, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir. Ölkə rəhbəri Azərbaycanın zəlzələ bölgəsində bərpa işlərinə də qoşulmağa hazır olduğunu  bəyan etmişdi.

Musa BAĞIRLI,

“Respublika”.