Azərbaycan-Rumıniya əlaqələri inkişaf edir
Digər xəbərlər

Azərbaycan-Rumıniya əlaqələri inkişaf edir

Məlum məsələdir ki, Azərbaycanla Rumıniya arasında uzunmüddətli sıx əməkdaşlıq, fəal siyasi dialoq mövcuddur. 30 il ərzində yüksək səviyyədə diplomatik və siyasi münasibətlər qurulub.

Rumıniya ölkəmizin müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. Rumıniyanın Azərbaycandakı səfirliyi 1998-ci il noyabrın 3-də, Azərbaycanın Rumıniyadakı səfirliyi isə 2001-ci il mayın 19-da açılıb. İki ölkə arasındakı diplomatik əlaqələr 1992-ci il iyun ayının 19-da qurulub. Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev 1995-ci il iyulun 2-də Rumıniyaya rəsmi səfər edib. 1996-cı ilin martında isə Rumıniya prezidenti İon İlesku ölkəmizdə  rəsmi səfərdə olub. Səfər çərçivəsində  ölkələr arasında 11 sənəd imzalanıb. Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci, Aİ-yə üzv ölkələr arasında isə birinci ölkə olması faktı da möhkəm dostluq əlaqələrinin göstəricisidir. 

Rumıniyanın Azərbaycan Respublikası ilə siyasi və diplomatik əlaqələri 2009-cu ildə strateji tərəfdaşlığa yüksəlib. Belə ki, Rumıniya Azərbaycanla strateji tərəfdaş olan ilk Aİ üzvüdür. İkitərəfli münasibətlər möhkəm siyasi dialoqa və davamlı inkişaf edən əməkdaşlığa əsaslanır. Burada nəqliyyat və enerji sahəsində mövcud olan əməkdaşlıq xüsusilə qeyd edilməlidir. Azərbaycan özünün böyük neft və qaz ehtiyatları, eləcə də əsas nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən coğrafi mövqeyi sayəsində regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır.  Rumıniya dövləti də bu həyati vacib sahədə Azərbaycanla tərəfdaşlığa əsaslanan, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına sadiq qalır.  Hər iki ölkə enerji resurslarının tədarük mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsini dəstəkləyir.  Rumıniya həmçinin, Azərbaycanın həm Avropa İttifaqı, həm də NATO ilə dialoqunu dəstəkləyən ölkələr sırasındadır. 

2001-ci ildən etibarən Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə iki xalqın ədəbiyyatının nümunələrindən 50-dən çox kitab Azərbaycan və rumın dillərində nəşr olunub. Bu hər iki dövlət arasında humanitar sahənin inkişafının sübutudur. Bundan başqa, 10 may 2000-ci ildə Bakıda Rumıniya-Azərbaycan Mədəni Əlaqələr Birliyi və Konstansada Füzuli adına Azərbaycan-Rumıniya Mədəniyyət Cəmiyyəti yaradılıb.

Bu ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə mətbuata birgə bəyanatında bildirib ki, Azərbaycan-Rumıniya əməkdaşlığı yeni mərhələyə daxil olur: "Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var".

SOCAR-ın Rumıniyada fəaliyyətinin çox gözəl tarixçəsi olduğunu deyən dövlət başçısı vurğulayıb ki, indi bizim əməkdaşlığımız yeni mərhələyə daxil olur. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq Rumıniyanın  imkanlarından istifadə edərək digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcəkdir. 

İki dəfədən çox artan ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Avropanın Azərbaycana bəslədiyi xüsusi münasibət onunla bağlıdır ki, Azərbaycan digər regional layihələr kimi, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini də uğurla icra etdi, Avropa İttifaqı üçün yenidən etibarlı enerji tərəfdaşına çevrildi. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumunu imzaladı və bu o deməkdir ki, Avropa məkanına qaz ixracatı sürətlə artır, ölkəmiz qlobal enerji təhlükəsizliyinə davamlı şəkildə böyük töhfələr verir. Rumıniya yalnız neft və qaz deyil, yaşıl enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı, yaşıl enerji sahələrində də ölkəmizlə əməkdaşlıqda maraqlıdır, eyni zamanda Azərbaycan da bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə  maraq göstərir. İki ölkə arasında əməkdaşlıqda digər prioritet sahə nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar var və Rumıniya Prezidentinin ölkəmizə səfəri zamanı bu məsələ xüsusilə vurğulandı.

Nəzrin CAVADZADƏ,

“Respublika”.