Böyük Qayıdış əzmlə, qətiyyətlə reallaşdırılır
Digər xəbərlər

Böyük Qayıdış əzmlə, qətiyyətlə reallaşdırılır

"Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar". Ölkə başçımızın 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söylədiyi bu fikirlər işğaldan azad olunmuş ərazilərin bərpasının, soydaşlarımızın yurd yerlərinə qayıdışının dövlət siyasətinin əsas istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir.

Təxminən üç il bundan əvvəl bütün dünya XXI əsrin müharibəsini aparmaqla ərazi bütövlüyünü təmin edən Azərbaycan xalqının onun mənafeyini hər şeydən üstün tutan müdrik liderə sahib olduğuna bir daha şahidlik etdi. 30 il düşmən əlində olan torpaqlarını heç bir ölkədən kömək istəmədən cəmi 44 günə işğaldan azad etmək, ilk növbədə ölkənin iqtisadi gücü və dövlət başçısının qətiyyəti, cəsarəti sayəsində mümkün oldu. Düşünülmüş, uzaqgörən siyasət yürüdən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu vətən torpaqlarını işğaldan azad etdi, yağı düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu. İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vuran dövlətimiz uzun illər mənfur düşmənin işğalına məruz qalan tarixi torpaqlarını yenidən qurmağa, dirçəltməyə başladı.

Yer üzündən silinmiş şəhərləri, viran qoyulmuş kəndləri ən yüksək səviyyədə, müasir formada yenidən qurmaq, minlərlə kvadratkilometr ərazilərdə infrastruktur, nəqliyyat, logistika layihələri reallaşdırmaq, kənd təsərrüfatı sahələrini bərpa etmək, xidmət sektorları yaratmaq, keçmiş köçkünlərin doğma torpaqlarına qaytarılması və insanların normal həyatının təmin edilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirmək güc, böyük potensial tələb edir.

Böyük dövlətlərin himayədarlıq etdiyi düşməndən tarixi torpaqlarını geri almaq iqtidarında olan Azərbaycanın bu yerlərə yeni nəfəs verməyə, onu əvvəlki görkəmindən də yaxşı vəziyyətə gətirməyə iqtisadi gücü, potensialı var. Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr reallaşdırılır, xəstəxana, məktəb, məscid, yaşayış binaları, mədəniyyət obyektləri və s. bərpa edilir, muzeylər, hava limanları, dəmir yolları, tunellərin inşası həyata keçirilir. Bərpaolunan enerji baxımından böyük potensiala malik olan bu ərazilər "yaşıl enerji'' zonasına çevrilir. Bütün sahələrdə çoxşaxəli quruculuq işləri aparılır, yeni istehsal sahələri yaradılır, turizm obyektləri inşa edilir. İşğaldan azad etdiyi əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, Qarabağı, Şərqi Zəngəzuru bərpa etmək, bir sözlə, Böyük Qayıdışı tez bir zamanda reallaşdırmaq üçün Azərbaycan Prezidenti əzm, qətiyyət, iradə nümayiş etdirir.

Yeni yol-nəqliyyat infrastrukturunun yaradılması, işğaldan azad olunmuş ərazilərin elektrik enerjisi ilə təchiz edilməsi, yurd yerlərinə geri dönən insanların yüksək həyat şəraiti ilə təmin olunması üçün var gücünü səfərbər edən dövlətimiz Böyük Qayıdış proqramını ardıcıllıqla həyata keçirir. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilmiş, eyni zamanda bir neçə yardımçı stansiyalar tikilmişdir. Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıqdır.

Ölkə başçısının "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" müvafiq Sərəncamına uyğun olaraq bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə - 10 min kvadratkilometr ərazi artıq "yaşıl enerji" zonası elan olunmuş, bir neçə su elektrik stansiyası inşa edilmişdir.

Böyük Qayıdış proqramı çərçivəsində Zəngilanın Ağalı, Tərtərin Talış kəndlərinə və Laçın şəhərinə yola düşən köç karvanı bu ilin sonuna qədər Laçının Zabux və Sus kəndlərinə də yol alacaq. Ümumiyyətlə, 2023-cü ilin axırlarında işğaldan azad olunmuş beş yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərimizin tam olaraq məskunlaşdırılması nəzərdə tutulur ki, bu da Böyük Qayıdışın dövlətin daxili siyasətinin prioritet istiqamət olduğunu bir daha göstərir.

Bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə ölkə başçımız nitqində bu məsələyə toxunaraq investisiya proqramı əsasında bu il Qarabağ və Şərqi Zəngəzura təxminən 12 milyard manata qədər vəsaitin xərclənməsinin nəzərdə tutulduğunu diqqətə çatdırmışdı. Həmçinin, Böyük Qayıdış proqramı çərçivəsində artıq 30-dan çox şəhər və kəndin Baş Planının təsdiqləndiyini, Azərbaycanın öz daxili potensialı hesabına yurd yerlərimizə qayıdışın sürətlə və keyfiyyətlə reallaşdığını, 2026-cı ilədək 140 min insanın Qarabağ və Şərqi Zəngəzura qaytarılacağını bildirmişdir.

 Bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə 1 milyon keçmiş məcburi köçkünün mərhələli şəkildə öz doğma yurdlarına qayıtması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Ölkə başçımız növbəti beş ildə işğaldan azad olunmuş bütün ərazilərdə vətəndaşlarımızın yaşayacaqlarını əminliklə bildirir.

Mehparə ƏLİYEVA,

"Respublika".