Azərbaycan Xarici İşlər Nazirliyinin 2022-ci ilin  yekunlarına dair hesabatı
Digər xəbərlər

Azərbaycan Xarici İşlər Nazirliyinin 2022-ci ilin  yekunlarına dair hesabatı

Azərbaycandan Ukraynaya göstərilmiş humanitar yardımın məbləği 30 milyon manata yaxındır

2022-ci il fevralın 27-dən başlayaraq Ukraynaya humanitar yardım göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair hesabatında bildirilib.

Diqqətə çatdırılıb ki, dərman vasitələri, tibbi sərfiyyat malları, tibbi avadanlıqlar, qida və ərzaq məhsulları və körpə uşaq qayğısı məhsullarından ibarət olan humanitar yardımlara cari ilin dekabr ayında artıq ilk hissəsi Ukraynaya çatmış güc transformatorları və generatorlar əlavə olunub (ümumi məbləği 1 milyon 422 min manat və ya 830 min ABŞ dollarından artıq). Ümumilikdə Azərbaycan Respublikası tərəfindən Ukraynaya göstərilmiş humanitar yardımın məbləği 30 milyon manata (17,5 milyon dollara) yaxın, ümumi həcmi isə təxminən min (1000) tondur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib.

 

Bölgədə yaranan yeni reallıqlar çərçivəsində maraqlarımızın irəlilədilməsi prioritet təşkil edib

Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq hüququn təmin edilməsi ilə bölgədə yaranan yeni reallıqlar çərçivəsində maraqlarımızın irəlilədilməsi prioritet təşkil edib. Vətən müharibəsi və Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı ilə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması nəticəsində Ermənistanla Azərbaycan arasında suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin qarşılıqlı tanınması, hörmət edilməsi əsasında münasibətlərin qurulması 2022-ci ildə xarici siyasətin əsas istiqamətlərindən biri olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Vurğulanıb ki, il ərzində davamlı, ardıcıl və məqsədyönlü addımlar nəticəsində Azərbaycan tərəfindən təşviq edilən sülh gündəliyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub, bu dövr ərzində beynəlxalq tərəfdaşların vasitəçiliyi və təşkilatçılığı ilə təmaslar məhz Azərbaycanın təşviq etdiyi gündəlik əsasında Ermənistanla birbaşa ikitərəfli danışıqlar formatında irəlilədilib.

Normallaşma gündəliyi Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin əsaslarını müəyyən edəcək sülh müqaviləsinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və iki dövlət arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası kimi üç əsas istiqamətdə qurulub.

Bu çərçivədə, əsas inkişaflar qismində Azərbaycanın 2021-ci ildə sülh sazişi imzalanması təklifinə uyğun olaraq, sülh sazişi üzrə baza prinsiplərinin cari ilin fevral ayında Azərbaycan tərəfindən hazırlanıb Ermənistana təqdim edilməsini, 2022-ci il oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iki ölkə arasında gələcək münasibətlərin əsasını təşkil edəcək sülh müqaviləsinin mətni üzrə praktiki danışıqların başlanmasını, eləcə də sərhədin delimitasiyası üzrə hər iki tərəfdən müvafiq komissiyaların təsis edilməsi və bu komissiyaların ikitərəfli əsasda görüşlərinin keçirilməsini qeyd etmək olar.

 

Bu il İraq və Suriyadan ölkəmizə neçə vətəndaş repatriasiya edilib?

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 2022-ci ildə 54-ü uşaq və 14-ü qadın olmaqla, ümumilikdə 68 vətəndaşın, son 3 il ərzində isə 380-i uşaq və 29-u qadın olmaqla, ümumilikdə 409 vətəndaşın İraq və Suriyadan repatriasiyası həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair hesabatında öz əksini tapıb.

Hesabatda, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə Ukraynadan ümumilikdə 16 mindən çox şəxsin (vətəndaşların və onların ailə üzvü olan xarici ölkə vətəndaşlarının) ölkəmizə təxliyəsinin təmin olunduğu bildirilib.

 

Bu il Azərbaycan 71 ölkə ilə diplomatik münasibətlərin qurulmasının ildönümünü qeyd edib

2022-ci il ərzində xarici dövlətlərlə ikitərəfli münasibətlərin daha da inkişafı istiqamətində əməli tədbirlər görülüb. Bununla yanaşı, Azərbaycan Respublikasının bir çox dövlətlər ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd edilib. Bu istiqamətdə həm Azərbaycanda, həm də aidiyyəti ölkələrdə müxtəlif tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub.

Xarici İşlər Nazirliyində 19 ölkə ilə diplomatik əlaqələrin 30 illiyinə, 1 ölkə ilə isə diplomatik əlaqələrin 25 illiyinə həsr olunmuş tədbirlər, foto və sənədlərin sərgiləri təşkil edilib. Ümumilikdə 69 ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi, 2 ölkə ilə isə 25 illiyi qeyd olunub. Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan üçün qonşuları ilə münasibətləri prioritet olaraq qalıb.

 

Bu il 200-ə yaxın xarici jurnalist azad olunmuş ərazilərə səfər edib

Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin tarixən Azərbaycan kimliyinin tərkib hissəsi olmasına dair "Qarabağ xanlığı: tarixi və mədəni kimlik" ("Karabakh khanate: historical and cultural profile") adlı kitab çap edilib.

Heydər Əliyev Fondunun himayəsi və XİN-in dəstəyi ilə ərsəyə gələn nəşr ingilis, fransız və ərəb dillərində çapdan çıxıb. Eldar Nadiradzenin müəllifi olduğu kitab Gürcüstan Milli Muzeyindəki tarixi artefaktlar əsasında hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair hesabatında bildirilib.

Hesabatda, həmçinin qeyd edilib ki, bu il ərzində işğaldan azad olunmuş ərazilərə 200-ə yaxın xarici jurnalistin səfərləri (press-turlar) təşkil olunub. Eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən feysbuk, tviter, instaqram və yutub platformalarında aktiv fəaliyyət davam etdirilib.