Azərbaycana həsr edilən ömür
Siyasət

Azərbaycana həsr edilən ömür

Qurub-yaratmaq onun alın yazısı idi. Yaratdığı ən böyük əsərin adı isə belə idi: Müasir və müstəqil Azərbaycan... "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

Liderlər üçün qalibiyyətin alternativi yoxdur. Onlar qələbə yolunu əvvəlcədən görür və qoyulan hədəflərə doğru irəliləyirlər. Ümummilli lider Heydər Əliyevin bütün həyatı böyük məktəbdir. Ulu öndər bütün dünyanın qəbul etdiyi müdrik siyasətçidir. Bu zirvəyə aparan yolun başlanğıcında isə Azərbaycan xalqı dayanır. Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Məhz xalqına bu məhəbbət dünyaşöhrətli siyasi xadimi ana vətəni Azərbaycana ikinci dəfə rəhbərliyə qaytarmışdır. 1993-cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük şəxsiyyət Heydər Əliyev xalqını bütün bəlalardan hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı.

XX əsrin 60-cı illərin sonundan başlayan Heydər Əliyevin idarəetmə siyasətinin başlıca istiqaməti, ideyası xalqın milli özünüifadəsinin vüsət alması, milli qürur hissinin güclənməsi və sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnib. Bunun nəticəsidir ki, 1998-ci il oktyabrın 11-də Azərbaycan öz liderinə növbəti dəfə arxalandı. Bu inam Azərbaycanı öz hədəflərinə çatdırdı. Növbəti dəfə Prezident seçilən ulu öndər Heydər Əliyev xalqının ümid işığını yandırdı. 18 oktyabrda Heydər Əliyevin andiçmə mərasimində söylədiyi fikirlər deyilənlərin təsdiqidir: "Bütün bunların nəticəsində Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycan bir müstəqil dövlət kimi, demokratik dövlət kimi, sərbəst, azad iqtisadiyyat yolu ilə gedən bir dövlət kimi dünyada tanınıbdır və dünyanın bir çox ölkələri Azərbaycana çox böyük maraq göstərir və Azərbaycan ilə daha sıx əlaqələr qurmaq haqqında təşəbbüslər irəli sürürlər". Bu seçimi əsaslandırmaq üçün xalqın yüzlərlə, minlərlə arqumenti, məntiqə əsaslanan dəlil-sübutu var idi. Xalq yenə də haqqa, ədalətə, ölkədə sabitliyin qorunmasına, tərəqqiyə səs verdi, 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas etmiş Heydər Əliyev növbəti dəfə də prezident seçildi.

Ulu öndər yorulmaz siyasi fəaliyyəti ilə istər ölkə, istərsə də dünya arenasında fenomenə çevrilməyi bacardı. Heydər Əliyev Azərbaycan adlı bir xalqın var olduğu müddətcə, adının onunla hər zaman qoşa çəkiləcəyi dahi rəhbəri kimi tarixə qızıl hərflərlə yazdı. Müstəqilliyimizin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada birincilər sırasındadır. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

Böyük Azərbaycan sevgisi və fədakarlıq ölkəmizin gələcəyini formalaşdırmışdır. Bəli, ulu öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqının müstəqillik arzusunun reallaşmasına nail olub. Məhz Heydər Əliyevin yorulmaz əməyi sayəsində Azərbaycan dünya ölkələrinin strateji tərəfdaşına çevrilib. Ölkəmiz dünyanın dinamik inkişaf edən ölkələri siyahısında yer alıb.

 Azərbaycan tarixinin qurucusu, islahatçı rəhbəri olan Heydər Əliyevin hakimiyyəti illərində respublikamızda dirçəliş sürətli inkişaf dövrü başlamış, Azərbaycan qısa zaman ərzində inkişaf, tərəqqi yoluna qədəm qoymuşdu. Təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, sənaye, ümumiyyətlə, həyatımızın bütün sahələrində böyük nailiyyətlər əldə olunmuşdu. Təcavüzkar erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alınmış, 1994-cü ilin mayında keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan olunmuşdu.

1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərlərini özündə əks etdirən Konstitusiyanın qəbulu, çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, bələdiyyə seçkiləri haqqında qanunun qəbul olunması, dünya ölkələri ilə siyasi və mədəni əlaqələrin qurulması, ümumiyyətlə dünyada Azərbaycan adlı bir dövlətin, millətin varlığı məhz onun liderliyi ilə reallaşmışdır.

Bu gün hər bir azərbaycanlı, bu dövlətin vətəndaşı, bir parçası kimi Heydər Əliyevlə fəxr edir. Çünki Heydər Əliyev dühası, siyasəti, məntiqi, siyasi xətti olmasaydı, bu gün müstəqil Azərbaycan olmazdı. Heydər Əliyev bu millətə ikinci nəfəs, ikinci həyat bəxş etmişdir. O, Azərbaycanın ancaq irəli getməsi üçün uğurlu yol açmışdır. Ulu öndər hər bir işini zərgər dəqiqliyi ilə, bu xalqın gələcəyi üçün hesablamışdı. Ümummilli liderin Azərbaycan üçün əvəzsiz xidmətləri hələ uzun müddət bu xalqın yoluna işıq saçacaq.

Ulu öndərin dediyi, "Azərbaycan dünyaya Günəş kimi doğacaq" ifadəsi bu gün tam mənada özünü doğrultmuşdur. Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrilmiş, dünya xəritəsində özünün layiqli yerini tutmuşdur. Bütün bunlar ulu öndərin layiqli siyasi davamçısı olan dövlət başçımız cənab İlham Əliyevin Heydər Əliyev ideyalarını qoruyub və tətbiq etməsi sayəsində gerçəkləşmişdir. Dövlətlərarası münasibətlərin inkişaf perspektivlərini olduqca dəqiqliklə müəyyənləşdirən və buna uyğun dövlətimizin mövqeyini formalaşdıran İlham Əliyev ulu öndərin uzaqgörən siyasi xəttini davam etdirmiş, məhz bu xətt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə yol xəritəsi olmuşdur. Bunun nəticəsidir ki, biz 44 günlük Vətən müharibəsində ciddi siyasi diplomatiyaya əsaslanan platforma üzərində hərbi qələbəmizi qazandıq. Habelə beynəlxalq arenada ölkəmiz Qoşulmama Hərəkatı ilə yanaşı, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, eləcə də Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində öz mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan dövlətinin xarici siyasəti bir daha təsdiq etdi ki, dövlətimiz ümummilli maraqlarımıza xidmət edən siyasət modelinə sadiqdir. Nəinki qonşu dövlətlər, dünyanın digər aparıcı dövlətləri ilə də bərabərhüquqlu əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir.

Prezident İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bildirmişdir: "Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Ata vəsiyyəti yerinə yetirildi! Xankəndidə Azərbaycan bayrağının qürurla dalğalanması bunu bir daha təsdiq edir.

Nurlan ABDALOV,

"Respublika".