Ömür yolunun şərəfli səhifələri
Sosial həyat

Ömür yolunun şərəfli səhifələri

Tanınmış neftçi-geoloq, istedadlı alim, peşəkar və ləyaqətli pedaqoq, ADNSU-nun "Neft-qaz geologiyası" kafedrasının  professoru Hüseynov Hüseyn Məhərrəm  oğlunun ömür vəfa etsəydi, 15 sentyabr 2022-ci ildə 85 yaşını qeyd edəcəkdik.

Hüseyn Hüseynov 1937-ci il sentyabr ayının 15-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur.  Onun uşaqlıq və gənclik illəri maarifçilik ənənələri ilə zəngin olan Cəbrayıl rayonunun Soltanlı kəndində keçmiş, 1945-ci ildə məktəbə getmişdir. O, 1955-1960-cı illərdə Azİİ-də təhsil almış və əmək fəaliyyətinə neft mədənlərində başlamış, 8 il müddətində müxtəlif vəzifələrdə  çalışmışdır. Lakin elmə olan bağlılıq onu yenidən Azİİ-yə gətirmiş,  1967-ci ildən ömrünün sonuna kimi  AzNKİ-də (indiki ADNSU) aspirant, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan kimi məsul vəzifələrdə çalışaraq, məhsuldar elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1971-ci ildə namizədlik, 1992-ci ildə isə doktorluq dissertasiyalarını uğurla müdafiə etməyi,  1993-cü ildə professor elmi adına layiq görülməyi  onun yüksək əməksevərliliyinin və elmə olan böyük həvəs və məhəbbətinin əyani sübutudur.

Respublikamız və xarici ölkələr üçün neftçi mühəndislər hazırlığında H.Hüseynovun böyük xidmətləri olmuşdur. Milli kadr hazırlığı ilə yanaşı, o, 1977-1980-ci illərdə Əfqanıstan  Demokratik Respublikasında   iqlimi, siyasi-ictimai durumu,  dili fərqli olan bir ölkədə  öz biliyini, bacarığını səxavətlə müsəlman tələbələrə ötürmüşdür.

Pedaqoji fəaliyyətlə yanaşı, geologiya elminin çox mühüm sahəsi olan "Neft-qaz yığımlarının axtarışı", struktur-tektonik quruluşu, geodinamik rejimi, kristallik bünövrənin neft-qaz perspektivliyi, süxurların geokimyəvi xüsusiyyətləri kimi konseptual məsələlərə dair məhsuldar elmi araşdırmalar aparan görkəmli alimin gərgin və məhsuldar əməyi nəticəsində yerinə yetirdiyi elmi-tədqiqat işlərinin istehsalata tətbiqi neft-qaz sənayesinin inkişafında böyük rol oynamışdır.            

Hüseyn müəllimin çoxşaxəli elmi irsi 150-dən çox elmi məqalədə, tezisdə, dərs vəsaitində və  metodik göstərişdə dərc olunmuşdur. O, Azərbaycan elmini dəfələrlə beynəlxalq aləmdə məruzələri ilə  təmsil etmişdir. Həmçinin,  rus  və xarici  dillərin yaxşı bilicisi olmasına baxmayaraq, tələbələrə ana dilimizdə sevə-sevə təhsil verməklə yanaşı, daim bu dilin saflığını və orijinallığını təbliğ edirdi.    

H.Hüseynov Geoloji-kəşfiyyat fakültəsinin  dekanı və fakültə elmi şurasının sədri kimi məsul vəzifədə çalışdığı zaman kollektivdə biliyi, bacarığı, işgüzarlığı və idarəçiliyi ilə seçilmiş,   öz zəngin təcrübi və elmi biliklərini gənc nəsillə bölüşmüşdür. Hüseyn müəllim fədakar alim, gözəl müəllim, etibarlı dost olmaqla yanaşı, həm də qayğıkeş ata, baba və nümunəvi ailə başçısı idi. Onun vətənpərvər ruhda, cəmiyyət üçün dəyərli övladlar böyütməsi bunun bariz nümunəsidir.

Hüseyn müəllim minlərlə gəncin ömür yoluna bilik və nəsihət xəzinəsindən nur paylamaqla təhsilimizi və elmimizi daim şərəfləndirmişdir.                    

O, fəal və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2010-cu ildə ölkə başçısının sərəncamı ilə  "Tərəqqi" medalı ilə təltif olunmuşdur.   

Zəngin mədəniyyətə, yüksək dünyagörüşə malik olan Hüseyn Hüseynovun əziz xatirəsi geologiya-geofizika kollektivinin və tələbələrinin qəlbində daim yaşayacaqdır.

Naməd PAŞAYEV,

ADNSU GKF-nin dekanı, dosent.