Azərbaycanın humanizmi düşmənin oyununu pozdu
Digər xəbərlər

Azərbaycanın humanizmi düşmənin oyununu pozdu

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır. Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Eyni zamanda içərisində 40 ton un olan iki TIR-lıq humanitar yardım Xankəndiyə çatdırılması üçün rus sülhməramlıların maşınlarına yığılıb. Amma "ac olduqlarını" və "çörəyə ehtiyac duyduqlarını" iddia edən erməni separatçıları rus sülhməramlıların maşınlarının önünü kəsib və onları geri qayıtmağa məcbur edib.

Məlum olub ki, Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi humanitar yardımın qarşısını almaq üçün toplanan şəxslər Ruben Vardanyanın təşkilatının üzvləridir. Başqa sözlə desək, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin TIR-larının Xankəndiyə daxil olmasına qarşı aksiyanı Vardanyan keçirir. Amma onlar özləri də fərqində olmadan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə apardığı humanitar yardımı qəbul etməməklə özlərini ifşa etmiş olurlar. Çünki Ermənistan hakimiyyəti, Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini "blokada"ya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Belə bir vəziyyətdə humanitar yüklərin qəbul edilməməsi o deməkdir ki, bir müddətdir Ermənistan və onun havadarları tərəfindən ucadan səsləndirilən "humanitar böhran" ifadəsi siyasi şounun tərkib hissəsidir.

Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə eyni vaxtda Fransadan 10 ədəd "humanitar yardım" TIR-ı İrəvandan Laçına göndərilib. Fransızların sözdə "humanitar karvan"ı şərti sərhədin yaxınlığında bir neçə saat gözlədikdən sonra Gorus istiqamətinə dönüb. Güman ki, onların bu addımı ictimaiyyəti növbəti dəfə aldatmağa hesablanıb və biz növbəti günlərdə Gorusda guya acından ölən separatçı haqqında erməni və fransız mətbuatında tirajlanan yazıların şahidi olacağıq. Yəni bacılaşan ölkələr bu cür "humanitar böhran" şousu düzəltməklə Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşdırmağa çalışırlar. Azərbaycan tərəfi isə növbəti dəfə humanist yanaşma sərgiləyərək şər qüvvələrin bütün planlarını alt-üst etdi. Bu, Ermənistan və ermənidən artıq erməni olan Fransa üçün dərs olmalıdır. Onlar gec də olsa dərk etməlidirlər ki, Qarabağda guya "gərgin humanitar vəziyyət", "blokada"nın mövcudluğu ilə bağlı manipulyasiyaları davam etdirərək əldə olunmuş razılaşmaları pozur, sülh prosesinə süni əngəl yaradır.

Fransa üçün regionda sülhün əldə olunması elə də maraqlı deyil. Çünki Makron Administrasiyası Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaqla öz məqsədinə çatmağa çalışır. Fransa özünün liderliyilə Avropanın müstəqil siyasətini nümayiş etdirmək, Vaşinqtonu Cənubi Qafqazdan uzaqlaşdırmağı hədəfləyir. Eyni zamanda Yelisey sarayı bu yolla erməni diasporu və millətçi qrupların dəstəyini də qazanmaq niyyətindədir. Digər tərəfdən, Niger, Qabon kimi Afrika ölkələrindəki uğursuzluqları fonunda itirilən nüfuzunu Cənubi Qafqazda kompensasiya etmək istəyir. Bunun üçün də İrəvanın maraqlarından çıxış edir. Yəni sülhün gecikməsi Parisin xeyrinədir, amma zaman İrəvanın əleyhinə işləyir. Çünki ölkəmiz düşmənin bütün təxribatlarına müvafiq cavab vermək əzmindədir. Bu proses döyüş meydanına qədər uzansa, İrəvanın məğlubiyyəti qaçılmaz olacaq. Odur ki, Ermənistan hökuməti başa düşməlidir ki, havadarları sadəcə şəxsi mənafelərinə görə onun yanında yer alır və onları erməni əhalisinin vəziyyəti narahat etmir. Paşinyan hökuməti bunu dərk etdiyi anda Cənubi Qafqazdan yadların ayağı çəkiləcək, regionda sülh təmin olunacaq və nəhayət, uzun müddətdən sonra xalqlar əmin-amanlıq şəraitində yaşayacaq.

Jalə QASIMZADƏ,

"Respublika".