Hərbi dəniz qüvvələri Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərib
Digər xəbərlər

Hərbi dəniz qüvvələri Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərib

Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlayıb. 1919-cu ilə qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılıb və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılıb.

1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə, Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi - "Ərdahan" və "Kars", "Astrabad", "Göytəpə", "Araz", "Nargen" xidməti və köməkçi gəmiləri, "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paraxodu, həmçinin lazımi qədər kater var idi. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar güclü hərbi donanmanın yaradılması mümkün olmadı.

1991-ci ildə yenidən müstəqillik əl

də etdikdən sonra Azərbaycan Respublikası Parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" Qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olunub. Ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən isə hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur. 1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb. 1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olunub. Qeyd etmək lazımdır ki, müstəqillikdən sonra Azərbaycana ən böyük dəstək verən ölkələrdən biri qardaş Türkiyə olub. 15 sentyabr 2010-cu ildə yaradılan "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası" ilə 16 avqust 2010-cu il tarixli "Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi" Türkiyə ilə Azərbaycan arasında münasibətləri yüksək səviyyəyə çatdırıb. Bu razılaşmalardan sonra iki ölkə arasında birgə təlimlərin artdığının şahidi oluruq. Son zamanlar Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əlaqələr daha da artırılıb. Xatırlatmaq lazımdır ki, Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələri arasındakı əlaqələrin tarixi 2000-ci illərdən başlayıb.

Hərbi Dəniz Qüvvələrinin İkinci Qarabağ müharibəsindəki nailiyyətlərindən bəhs edərkən deyə bilərik ki, 44 günlük Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin üzvləri, sualtı hücum və sualtı müdafiə xüsusi təyinatlı dəstəsinin birinci xüsusi təyinatlı qrupu müharibənin ikinci günündə Goranboy rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan "Mübariz postu" istiqamətində ilk döyüş tapşırığını itki vermədən uğurla yerinə yetirib. Sonra isə hərbi dənizçilər Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində hücumu davam etdirərək bir çox yaşayış məntəqələrini azad edib, Xudafərinə bayraq sancaraq azad edilən əraziləri aidiyyəti üzrə digər qoşunların bölmələrinə təhvil veriblər. Hərbi Dəniz Qüvvələrinin fədakarlığı nəticəsində Qubadlı rayonunun neçə-neçə kəndi, eləcə də Qubadlı şəhəri işğaldan azad edilib. Hərbi dənizçilər Qubadlıdakı uğurlu əməliyyatlardan sonra Xocavənd rayonunun yaşayış məntəqələrinin, bir çox strateji yüksəkliklərin azad edilməsində əsl qəhrəmanlıq, igidlik nümunələri göstəriblər. Düşmənin alınmaz qalaya çevirdiyi və neçə-neçə igidimizin şəhid olduğu Qızılqayanın alınması uğrunda döyüşlərdə də hərbi dənizçilərimiz xüsusilə fərqləniblər.

 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, o cümlədən Hərbi Dəniz Donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür. Qüdrətlənən Azərbaycan Ordusu ölkəmizə qarşı yönələn istənilən həmlələri dəf etməyə qadirdir.

Nuranə DAXİLQIZI,

"Respublika".