Azərbaycanın mövqeyi: regionda sülh, sabitlik və əməkdaşlıq
Digər xəbərlər

Azərbaycanın mövqeyi: regionda sülh, sabitlik və əməkdaşlıq

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Qarabağda tarixi ədaləti bərpa etməsi həm döyüş meydanında, eyni zamanda, diplomatiya müstəvisində qazanılmış parlaq qələbə kimi tarixə düşdü.

Prezident İlham Əliyevin böyük siyasi səriştə və uzaqgörənlik nümayiş etdirərək yürütdüyü siyasətin ən parlaq təzahürünü də bütün dünya elə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə ilə gördü. Belə ki, Azərbaycan döyüş meydanında Ermənistan ordusunu rəzil duruma saldı, diplomatiya meydanında isə İrəvanın təcavüzkar siyasətini ifşa etdi.

20 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib. Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın Prezidenti Vladimir Putin arasında baş tutan görüş hər iki dövlətin regiondakı sülhə, 10 noyabr və 11 yanvar bəyanatlarına tam bağlılığını ortaya qoydu. Prezidentimizin uzaqgörən siyasətinin təntənəsi məhz Moskvada üzə çıxdı. Belə ki, görüşün ən önəmli tərəflərindən biri Kremlin rəsmi Bakı ilə demək olar ki, bütün məsələlərdə ortaq fikir daşıması oldu. Bəli, İlham Əliyev Moskvada regionunun söz sahibi, lideri kimi qarşılandı.

Bu görüş zamanı ikitərəfli məsələlərin gündəliyi müzakirə olundu. Daha çox ticari, iqtisadi, nəqliyyat, humanitar məsələlər, həmçinin nəqliyyat məsələlərinə gəldikdə, əlbəttə ki, həm əvvəlki dövrdə razılaşdırılmış məsələləri, “Şimal-Cənub” nəqliyyat dəhlizi, perspektivləri, eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti, Zəngəzur dəhlizini və postmünaqişə dövrü müzakirə edildi.

Bildiyimiz kimi, tarix boyu Şərq ilə Qərb arasında yerləşən Cənubi Qafqaz əsrlər boyu İpək Yolu vasitəsilə dövlətlər arasında iqtisadi, xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə öz töhfəsini verərək insanların burada rifah içində yaşamalarına şərait yaradıb.

Cənubi Qafqaz əməkdaşlıq və Avropaya enerji təchizatı baxımından Asiya qitəsində mühüm geosiyasi mövqeyə sahibdir və bu xüsusiyyəti Sovet İttifaqının dağılmasından sonra yeni siyasi, təhlükəsizlik və iqtisadi motivlər ilə zənginləşdirilib. Bu regionun geosiyasi mövqeyi yeni təhlükəsizlik problemləri yaradıb və davamlı gərginlik insanların təhlükəsizliyinə təsir edərək iqtisadi və sosial inkişafa mane olub.

Azərbaycan və Ermənistan arasındakı 44 günlük müharibə bölgədəki gərginliyi daha da artırdı, Qafqaz ölkələri arasında sosial, iqtisadi və siyasi münasibətlərin zəifləməsinə səbəb oldu. Buna baxmayaraq, son dövrlərdə Cənubi Qafqaz regionunda olan dəyişikliklər və Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi regionun gələcək perspektivləri haqqında əsaslı inkişaf strategiyalarının müzakirəsi üçün yeni zəmin yaratdı.

Bu gün regionda sülh və əməkdaşlıq mühüm şərtdir. Belə ki, Avropa İttifaqının üzv ölkələri Avstriya, Litva və Rumıniya xarici işlər nazirlərinin rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa hər zaman böyük əhəmiyyət verdiyi vurğulanıb. Həmçinin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel regiona səfərində Azərbaycanın Avropa üçün önəmini, xüsusilə enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulayıb. Görüşlərin nəticəsi olaraq birgə keçirilən mətbuat konfransında “Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlıdır” sözləri regionda sülh, əməkdaşlıq və quruculuqda maraqlı olan ölkəmizin mənafeyi ilə uzlaşır.

Avropa Birliyi müxtəlif ölkələrdə və bölgələrdə uzlaşma və tolerantlıq vasitəsi olaraq mədəniyyətlərarası dialoqun dəstəklənməsində böyük təcrübəyə malikdir. Məhz mədəniyyətlərarası dialoqun nəticəsi olaraq yaranacaq qarşılıqlı hörmət xalqlar arasında birgəyaşayışı təmin edə bilər. Mədəniyyətlərarası dialoq demokratik cəmiyyətlərin ən qədim və ən təməl vasitəsi olmaqla regionda davamlı sülhün, əməkdaşlığın əsasını qoya bilər.

10 noyabr 2020-ci il tarixli imzalanmış bəyanatın doqquzuncu bəndində Zəngəzur dəhlizi ilə bağlı anlaşmanın qəbul olunması regionda yeni nəqliyyat imkanları yaratmaqla Avropa ilə Asiyanın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, həmçinin Türk dünyasının əlaqələrini xeyli möhkəmləndirəcək.

Bu mühüm prosesin bir aspekti də, Prezident İlham Əliyev tərəfindən imzalanan iqtisadi və sosial islahatlar, Zəngəzur dəhlizinin açılması üçün nəzərdə tutulan işlər postkonflikt quruculuğunun əsasını qoymaqla sosial-iqtisadi gücün və iqtisadi potensialın əhəmiyyətli dərəcədə artırılmasına əsaslı zəmin yaradıb. Bununla yanaşı, regionun gələcək perspektivləri haqqında əsaslı inkişaf strategiyalarının və regionun ortaq problemlərinə əsaslandırılmış əməkdaşlığın qurulması üzrə müzakirələrə gecikmədən başlanılması bu potensialı daha da artıra bilər.

Təbii ki, Zəngəzur dəhlizinin açılması və bu dəhliz vasitəsilə həm sərnişin, həm də yüklərin daşınmasının reallaşması prioritet hesab olunur. Belə ki, Zəngəzur dəhlizi həm də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Beləliklə, bu da müvafiq istiqamətdə beynəlxalq yük daşımalarının həyata keçirilməsinə, Rusiyanın da bu dəhlizdən faydalanmasına imkan verəcək. Bununla Azərbaycan Şərqi Zəngəzuru Qərbi Zəngəzur vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək.

Moskvada keçirilən görüşdə verilən mesajlar həm də proseslərə süni müdaxilə etmək istəyənlərə sərt cavab oldu. Baş tutmuş bu görüş Azərbaycan və Rusiya liderlərinin dünyaya verdiyi mesaj kimi tarixdə qaldı. Hər iki dövlət başçılarının şəxsi münasibətlərindəki səmimiyyətindən tutmuş, dövlətlərin Qarabağla bağlı həmrəy olması, sülhə töhfə verməkdə qərarlılığına qədər hər şey regionda sabitliyi pozmaq istəyən qüvvələr üçün ağır zərbə oldu.

İlham Əliyev və Vladimir Putin arasındakı görüşün yaratdığı rezonans İrəvanı növbəti dəfə lərzəyə saldı: təxribatlara, süni oyunlara, pafoslu açıqlamalara məhəl qoyulmadığını göstərdi. İrəvana diqtə olundu ki, masada söz sahibləri var, onların - Azərbaycan və Rusiyanın münasibətlərinin mövcud səviyyəsi istənilən təxribatı yerindəcə alt-üst etməyə qadirdir.

Görüşdə Zəngəzur dəhlizinin açılması məsələsində də hər iki tərəfin eyni yanaşmadan çıxış etməsi öz təsdiqini tapdı. Bu məsələdə tək Rusiya deyil, həmçinin İran, Türkiyə və Gürcüstan da bizi dəstəkləyir. Belə olan vəziyyətdə hər şey Ermənistanın davranışından asılıdır. Ona görə ki, Ermənistan üçün Zəngəzur dəhlizinin açılması ona hava-su kimi lazımdır. Bu, Ermənistanın blokadadan çıxması, eləcə də İran və Rusiya ilə Azərbaycan ərazisindən keçməklə dəmiryolu və avtomobil xətlərinin açılması deməkdir. Bu da onun üçün olduqca vacib məsələyə çevrilib.

Beləliklə, danışıqlar prosesində Azərbaycan tərəfinin irəli sürdüyü məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsidir. Azərbaycanın Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz sülh müqaviləsini imzalamağa hazırıq. Buna baxmayaraq, Ermənistan tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır.

Fərid MUSTAFAYEV,

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya  İnstitutunun

Gənc Alim və Mütəxəssislər Şurasının sədri.