Gün gələcək Qərbi azərbaycanlılar doğma yurdlarına qayıdacaq
Digər xəbərlər

Gün gələcək Qərbi azərbaycanlılar doğma yurdlarına qayıdacaq

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlığı və bir qrup Qərbi Azərbaycandan olan ziyalılarla görüşü daha çox dəfələrlə dədə-baba torpaqlarından didərgin düşməyə məcbur edilmiş topluma mənəvi dəstək idi. Bu, 1988-1991-ci illərdə Qərbi Azərbaycanı tərk etməyə məcbur edilmiş, yurdundan qovulmuş 50 mindən çox ailəyə sanki bir ümid çırağı bəxş etmək idi.

Qərbi Azərbaycanda erməni əsarətində qalan 300-ə yaxın yaşayış məskəni, 130 səfalı kənd öz doğmalarının yolunu gözlədiyi bir zamanda dünyaya verilən “Gün gələcək Qərbi azərbaycanlılar tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar” mesajı sanki susmuş vicdanları silkələdi. Xankəndidə - xalqımıza məxsus torpaqda məskunlaşan ermənilərin muxtariyyət arzusu əslində bizim Qərbi Azərbaycana qayıdış arzumuzun müqabilində əsası olmayan bir məsələdir. Biz tarixi torpaqlarımızın, yurd yerlərimizin, babalarımızın ruhu dolaşan məskənlərimizin haqlı varisləriyik və cənab Prezidentimiz  bunu aydın şəkildə öz nitqində səsləndirərək tarixi yaddaşı hər bir azərbaycanlılara xatırlatdı: “Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar...”.

Artıq tarix dəyişib. Zaman öz sözünü deyir. Bu gün Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq hüququ var. Biz illərlə susmuşuq. İllərlə danışan dilimiz olmayıb. Zamanın gedişi tarixin təkərini fırladıqca həqiqətlər üzə çıxır. Bu həqiqətləri dünyaya çatdırmaq,  arzuları reallığa çevirmək nəinki təkcə Qərbi azərbaycanlılardan, eyni zamanda bütün dünya azərbaycanlılarından da öz dəstəyini gözləyir. Həm daxildə, həm də xaricdə görülməli işlərimiz çoxdur. Dövlət başçımızın Qərbi azərbaycanlılarla görüşdəki çıxışı hər birimiz üçün stimul, icra xəritəsi olmalıdır. Əlimizdə kifayət qədər əsas var. Tarixi sənədlər, xəritələr, abidələr var. Ermənilər yurd yerlərimizə nə qədər təcavüz etsələr də, tariximizi silməyə çalışıb qəbirləri, abidələri dağıtsalar da, tarixi xəritələr bu yerlərin Azərbaycana aid olduğuna şahidlik edə bilər. Bu yolda mübarizədən çəkinməmək, dünya azərbaycanlılarının dəstəyindən istifadə etmək, internetin imkanlarından yararlanmaq, təbliğat kampaniyasını genişləndirmək, Qərbi Azərbaycan, onun ziyalıları haqqında məlumatlar paylaşmaq, bu yerlərin coğrafiyası, tarixi, ədəbiyyatı haqqında nəşrlər etmək günün vacib məsələsinə çevrilməlidir.

Dövlət başçımızın bir qrup Qərbi Azərbaycan ziyalısı ilə görüşü artıq böyük bir başlanğıcdan xəbər verir. İcma 1280 kvadratmetrlik bir sahədə yerləşir və gələcəkdə təşkilatın mərkəzi kimi öz fəaliyyətini genişləndirmək imkanlarına malikdir. Burada ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini, həmçinin Qərbi Azərbaycandan olan görkəmli ziyalılar barədə məlumatları əks etdirən fotostendlər, Qərbi Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv xəritəsi, ulu öndərin və Prezidentin Qərbi Azərbaycanla bağlı nitqlərini əks etdirən videomaterialların nümayişi tarixi torpağımızın dünyaya tanıtımında mühüm addımdır. Bütün ziyalılarımız bu məqamdan bəhrələnərək Qərbi Azərbaycanı dünyaya tanıtmaqda Azərbaycan diasporunun fəaliyyətinə öz dəstəyini göstərməlidir.

Dövlət başçısının çıxışı artıq Qərbi azərbaycanlıların daha korporativ fəaliyyət göstərmək, özünü bir təşkilat, bir qurum olaraq həm daxildə, həm də xaricdə tanıtmaq üçün dövlət dəstəyi almağa və öz işini məqsədyönlü qurmağa təkan verəcəkdir. Bu mənada icma öz fəallağını artıraraq beynəlxalq müstəviyə çıxmalı və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini birləşdirməlidir.  

Tural QASIMLI,

YAP Şamaxı rayon təşkilatının sədri.