Minalar region üçün təhlükə yaradır
Digər xəbərlər

Minalar region üçün təhlükə yaradır

İkinci Qarabağ müharibəsinin başa çatmasından üç ilə yaxın vaxt keçsə də minalanmış sahələrdə ölən və yaralananların sayı artmaqda davam edir.

İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rəsmiləri işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il müddətin lazım olduğunu bildiriblər.

İş orasındadır ki, Hayastan bu gün də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur. Bundan başqa, 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Müharibədən sonra erməni polkovnik Koryun Qumaşyan işğaldan azad olunmuş ərazilərdə təkcə özünün 17 yük maşını dolu mina basdırdığını etiraf etmişdi. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi isə cəmi 25 faizdir. Nəticə etibarilə yüzlərlə vətəndaşımız, o cümlədən mülki şəxslər, hərbçilər, həmin ərazilərdə bərpa və quruculuq işlərində çalışan insanlar ermənilər tərəfindən basdırılan minaların qurbanı olub. Azərbaycan minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer alır. Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada apardığımız bərpa və yenidənqurma işlərini ləngidir. Beləliklə, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə keçmiş məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir.

Eynilə Fransa üçün də mina məsələsi tanış mənzərədir. Görünür, məhz buna görə itirilən canların, dəyən ziyanın onlar üçün bir önəmi yoxdur və Ermənistanı beynəlxalq səviyyədə dəstəkləməyə davam edir. Əlcəzair 1830-cu ildə Fransa tərəfindən işğal edilən, müstəmləkə siyasətindən zərərçəkmiş ölkələrdəndir. Fransanın 1830-1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyon nəfərdən artıq əlcəzairli fransızlar tərəfindən öldürülüb. İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Avropada özünü "demokratiyanın beşiyi" sayan Fransanın beynəlxalq hüququ kəskin şəkildə pozması Ermənistan ilə oxşarlıq təşkil edir. Fransa bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri də Əlcəzair tərəfinə təqdim etmir. Nəticədə Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasındadır.

İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev sualları cavablandırıb. Yaxın Şərq Xəbər Agentliyindən olan Məcid Şalkinin sualına cavab olaraq Prezident bildirib: "Bəli, siz ən vacib məsələyə toxundunuz. Çünki minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Bizim dövlət minatəmizləmə agentliyimiz ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Bizim yerli şirkətlərimiz və ANAMA minatəmizləmə fəaliyyətini beynəlxalq şirkətlərlə müqayisədə 8 və ya 10 dəfə ucuz həyata keçirir. Biz dronlardan fəal şəkildə istifadə edirik. Bizim bəzi parlaq zəkaya malik insanların sayəsində artıq belə dronlar var. Bu, bizə böyük yardım olur. Ancaq biz dərk edirik ki, bu, çox uzun bir prosesdir. Minalardan təmizlənməmiş əraziləri biz təcrid etmişik və azad olunmuş ərazilərə hələ də giriş məhduddur. Bu, bizə imkan verir ki, itkilərin qarşısını alaq...".

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rəsmiləri işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün var gücü ilə çalışır. Minalardan təmizlənmiş torpaqların gələcəkdə xalqımızın rifahına və tərəqqisinə mühüm töhfə verməsi və bunun geniş perspektivdə ölkəmizin ümumi inkişafı baxımından əhəmiyyəti böyükdür.

Röya RÜSTƏMLİ,

"Respublika".