8 NOYABR - OTUZ İLİN HƏSRƏTİNƏ SON QOYAN TARİX
Digər xəbərlər

8 NOYABR - OTUZ İLİN HƏSRƏTİNƏ SON QOYAN TARİX

"Azərbaycan xalqının bu günü böyük təntənə ilə qeyd etməyə tam haqqı var. Çünki uzun illər davam edən danışıqlar nəticə vermədikdə ordumuz ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti döyüş meydanında təmin edib".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Son iki ildə 26 iyunda Azərbaycan ictimaiyyətinin Silahlı Qüvvələr Gününü böyük iftixar hissi ilə qeyd etməsi heç də təsadüfi olmayıb. Biz qalib, rəşadətli Ordumuzun ad gününü yalnız bu cür təntənəli şəkildə qeyd etməli idik. Ona görə də, bu dəfəki tədbirlər əsl bayram səviyyəsində keçirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də Silahlı Qüvvələr Gününün xüsusi qürur hissi ilə qeyd edildiyini vurğuladı. Çünki Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində çox qısa müddətdə - cəmi 44 gün ərzində, ən müasir hərbi texnikalar vasitəsilə XXI əsrin müharibəsini apararaq, Ermənistan ordusu üzərində tarixi qələbə qazanıb.

İşğal edilmiş rayon və şəhərlərimizin, yüksəkliklərin yağıdan təmizlənməsinə Azərbaycan 30 il idi ki, hazırlaşırdı. Bu müddətdə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu ordumuz dahi şəxsiyyətin müdrik siyasi davamçısı, Prezident İlham Əliyev tərəfindən möhkəmləndirilərək, güclü-qüdrətli Silahlı Qüvvələrə çevrildi və işğalçını torpaqlarımızdan qovmaq üçün Ali Baş Komandanın əmrini gözləyirdi.

2016-cı ilin aprelində Lələtəpə və 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Azərbaycan torpaqlarının işğalla barışmayacağını bəyan etdi. Ermənistan bu döyüşlərdən də nəticə çıxarmayaraq Azərbaycana qarşı diversiyaları davam etdirib, erməni siyasətçiləri tərəfindən təxribatçı bəyanatlar verdi. 2020-ci il sentyabrın 27-də isə Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilərək, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən, 2 uşaq həlak oldu. Sentyabrın 27-də cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı çıxışında ermənilərin növbəti təxribatının səbəblərini açıqladı. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi.

 Öncə qələbə müjdələri Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərindən, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklərdən gəldi. Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayılın, Füzulinin neçə-neçə kəndi hərbçilərimizin hünəri ilə geri qaytarıldı. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur, Xırmancıq, Ağbulaq, Axullu kəndləri alındı. Oktyabrın 18-də artıq Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı dalğalandı. Gözümüzü televiziya ekranlarından çəkmirdik. Hər gün bir yeni müjdə, bir yeni qələbə xəbəri eşitməyə adət etmişdik. Cənab İlham Əliyevin xalqa hər müraciəti ilə bir rayonun, bir böyük ərazinin qarı düşməndən təmizləndiyi qalibanə şəkildə bəyan olunurdu.

Ordumuzun döyüş meydanında qələbəsi ilə yekunlaşan ötən hər bir gün Prezident İlham Əliyev həm də diplomatik cəbhədə inamlı qələbələr əldə edir, ölkəmizə qarşı beynəlxalq təzyiqlərin qarşısını peşəkarlıqla, qətiyyətlə alırdı. "Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!", - deyə Prezident İlham Əliyev bildirirdi.

 Vətən deyib irəli atılan, ölümün gözünə dik baxan igidlərimiz addım-addım yürüdülər, əzəli-əbədi torpaqlarımızı qarış-qarış, yamac-yamac, kənd-kənd azad etdilər. Bu, hərbi müstəvidə əldə olunan qələbə idi. Sonra isə siyasi müstəvidə qələbə qazandıq. Ordusunun darmadağın edildiyini, belinin sındırıldığını görən düşmən kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Bunun ardınca noyabrın 15-də Kəlbəcər, 20-də Ağdam, dekabrın 1-də isə Laçın Azərbaycana döyüşsüz təhvil verildi.

Bununla da dövlətimizin başçısı Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, öz fəaliyyətində Azərbaycan dövlətinin maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətə yönəldən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderə çevrildi.

Azərbaycan Ordusunun nəyə qadir olduğunu isə əməliyyatların zirvəsində gələn Şuşa savaşı göstərdi. Yeri gəlmişkən, Vətən müharibəsində silahlı qüvvələrimizin cənub istiqamətində irəliləyişləri inkişaf etmiş texnologiyalardan peşəkar istifadə, rəhbərliyin düzgün planlaşdırması nəticəsində həyata keçirilmişdirsə, Şuşada bunun üzərinə heyətin şəxsi peşəkarlığı amili də əlavə olundu. Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsi müasir döyüş tarixində tamamilə yeni bir səhifənin əsasını qoydu. İyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra Prezident İlham Əliyev bəyanatında bununla bağlı deyib: "Şuşa şəhəri işğaldan keçən il noyabrın 8-də azad edilmisdir. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı".

Müharibə zamanı Azərbaycan humanizm prinsiplərinə, silahlı münaqişələrlə bağlı yazılmamış qanunlara lazımınca əməl etdi. Nə dinc əhalini atəşə tutdu, nə də götürdüyü əsirlərə fiziki iztirablar verdi. Bir dəfə də erməni sakinlərinin yaşayış məntəqələrini hədəf seçmədi. Amma qarşı tərəf dəfələrlə Gəncəni, Tərtəri, Bərdəni və təmas xəttindən uzaq olan digər rayonları raket atəşlərinə tutdu, nə qədər dinc sakinin qətlinə bais oldu.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 91 nəfər həlak olmuş, 405 nəfər isə xəsarət almışdı. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2734 ev, 98 çoxmənzilli yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşmüşdür.

Demək olar ki, 44 günlük İkinci Qarabağ müharibəsindən ötən aylarda Azərbaycanın işğaldan azad edilmiş əraziləri tikinti, quruculuq meydanına çevrilib. Füzuli və Zəngilan Beynəlxalq Hava limanları, uzunluğu 100 kilometrdən çox olan Zəfər yolu, dünyaya səs salan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri çərçivəsində 2022-ci ilin əvvəlində sakinlərini qarşılayan ilk "ağıllı kənd" - Zəngilanın Ağalı kəndləri, baş planı təqdim edilən Ağdam və Şuşa şəhərləri bu işlərin əsas ünvanlarıdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının həm siyasi, həm də iqtisadi əhəmiyyətə malik olduğunu hamı bilir və buna bir ürək tutumunca sevinir. Ölkə başçısı Kəlbəcərə və Laçına səfərindəki çıxışında demişdir: "...Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi...". İndi dünya qalib Azərbaycan dövlətinin qüdrətinin konturlarını olduğu kimi görür.

Bu il 13 sentyabr tarixində yenidən bizə qarşı növbəti erməni təxribatı törədilərkən Azərbaycan Ordusu düşməni öz yerinə oturtdu. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Düşmən bilməlidir ki, Vətən sevgisi Azərbaycan Ordusunun şəxsi heyətinin malik olduğu mənəvi dəyərləri ümumiləşdirir. Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlıq tamamlayır. Bu vəhdət ordunun gücü deməkdir. Ordumuz güclüdür. Bu güc Vətən müharibəsində qətiyyətlə təsdiqləndi.

Biz, Müzəffər Ali Baş Komandanımızın qə

tiyyətli rəhbərliyi, rəşadətli ordumuzun fədakarlığı, xalqımızın birliyi sayəsində buna nail olduq. Bu tarixi zəfər bir xalq olaraq, əlbəttə, başımızı uca, alnımızı açıq etdi. Qədirbilən xalqımız bu möhtəşəm qələbəni öz qanları və canları bahasına qazananları heç vaxt unutmayacaq. Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, onların unudulmaz xatirəsini əziz tuturuq. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizi, bir sözlə, xalqımızı 8 NOYABR - ZƏFƏR GÜNÜ münasibətilə təbrik edirik.

İlham XUDİYEV,

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyinin Məhkəmə

Ekspertizası Mərkəzinin əməkdaşı.