Azərbaycanın növbəti diplomatik və siyasi uğuru
Siyasət

Azərbaycanın növbəti diplomatik və siyasi uğuru

Bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ötən 80 ilə yaxın bir müddət ərzində ən həssas dönəmini yaşayır. 2008-ci ildən başlayan maliyyə-iqtisadi böhran bir neçə dalğa ilə davam etdi. İndi isə çox ciddi hərbi siyasi böhran dünyanı öz cənginə alır.

Xüsusilə iki slavyan dövləti arasında müharibənin başlanması və Amerika Birləşmiş Ştatlarının “öndərliyi” ilə Qərb dövlətlərinin Rusiyaya qarşı birləşməsi, NATO-nun Şimal qonşumuzun sərhədlərinə yaxınlaşması heç də yaxşı nəsə vəd etmir. Üstəgəl Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi, İsrail-Fələstin münasibətlərinin çox ciddi müharibəyə çevrilməsi, İranın dəstəklədiyi terrorçu qrupların aktivləşməsi və İran-İsrail arasında münasibətlərin kəskinləşməsi ciddi narahatlıq yaradır. 44 günlük müharibədən sonra Azərbaycanın öz torpaqlarını azad etməsindən sonrakı dövrdə Ermənistanın sülh müqaviləsini müxtəlif bəhanələrlə uzatması, verdiyi vədlərdən qaçması, xüsusilə Fransanın yuyulmamış qaşıq kimi özünü ortaya atması, bölgədə İranın çox sürüşkən bir mövqe tutması və Rusiyanın mövqelərinin zəifləməsi əlbəttə, bölgə dövlətlərinin, xüsusilə Cənubi Qafqazda birliyin təmin edilməsini zəruri edir. Heç şübhəsiz ki, Cənubi Qafqazda lider dövlət kimi Azərbaycan və Türkiyə çıxış edir. Azərbaycan və Türkiyənin irəli sürdüyü təkliflər əsasında bölgə dövlətlərinin birləşməsi, birgə siyasət yürütməsi, bəyanatlar verməsi bölgəmizi gələcəkdə daha ciddi qarşıdurmalardan, müharibələrdən və fəlakətlərdən qoruya bilər. Müharibədən sonrakı dövrdə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin daha yüksək səviyyəyə qalxması fonunda təəssüflər olsun ki, digər bölgə dövlətləri belə bir münasibət sərgiləmədilər. 2021-ci il iyun ayının 15-də imzalanan Şuşa Bəyannaməsindən sonra gərək ki, digər dövlətlər də belə ikitərəfli münasibətlərin yüksək səviyyəyə qaldırılması üçün təşəbbüslər göstərərdilər. Xüsusilə Rusiya və İran. Baxmayaraq ki, Rusiya ilə Azərbaycan 2022-ci ilin fevralında belə bir müqaviləni imzalayıb. Amma İranın və Gürcüstanın bu məsələdə mövqelərinin sabit olmaması, Ermənistanın isə tamamilə özünü Fransanın və ABŞ-ın ağuşuna atması bölgə dövlətlərinin birliyinə əngəl törədir. Bakıda keçirilən Qələbə paradında Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “3+3” formatında əməkdaşlığın genişlənməsi ideyası çox təəssüf olsun ki, xüsusilə İran və Gürcüstan tərəfindən dəstəklənmədi. Ermənistan isə ümumiyyətlə sülh müqaviləsini əngəlləyən addımlar atmağa başladı və təcavüzkar siyasətini davam etdirdi. Bu gün bölgə uğrunda imperialist qüvvələrin savaşı artıq faktdır. Amerika Birləşmiş Ştatları, Fransa və Almaniya, onların təhriki ilə isə Avropa İttifaqı Rusiyanın buradan sıxışdırılıb çıxarılması və bölgəyə özlərinin nüfuz etməsi uğrunda açıq-aydın savaşa giriblər. Bu savaşda da həmişə olduğu kimi, Ermənistan maşa rolunu oynayır. Vaxtilə Ermənistan çar Rusiyası tərəfindən Osmanlı Türkiyəsi və Qacarlar İranı kimi böyük imperiyaya qarşı mübarizəsində istifadə üçün Qafqaza gətirildilər. Türkmənçay və Ədirnə müqavilələrindən sonra isə ilk dəfə erməni vilayəti yaradıldı. Sovet hökuməti də Ermənistan Respublikasını yaradıb. Azərbaycanın ərazilərində belə bir dövlət qurmaqla vaxtaşırı Azərbaycan və Türkiyəyə qarşı istifadə etmişdir. Bu gün isə demək olar ki, saatın əqrəbləri artıq geriyə işləməyə başlayıb. Rusiyaya qarşı Ermənistan Fransanın əlində maşa olub. Əlbəttə, bütün bunlar açıq şəkildə deyilməlidir. Xüsusilə hesab edirəm ki, İranın mövqeləri açıq olmalıdır. Çünki bu təhriklərin, bu gərginliklərin yaranması heç də İranın başının üstündən buludları dağıtmayacaq. Əslində, buludların daha da qatılaşmasına dolu və yağış deyil, bombaların yağmasına gətirib çıxaracaqdır. Və İran da bunu başa düşməlidir. Əgər İran bir vaxtlar “Zəngəzur dəhlizi mənim qırmızı xəttimdir”,- deyib haray çəkirdisə, bu gün gərək ki, İrana qarşı həmişə sanksiyalar mövqeyində dayanmış qüvvələrin Ermənistana gəlib yerləşməsinə də öz etirazını bildirsin. Bölgəyə başqa bir dövlətin hərbi kontingenti hər hansı sifətlə gəlirsə gəlsin, bu bölgəyə heç də sülh və əmin- amanlıq gətirmir.

Bu fonda Azərbaycanın uğurlarını biz xüsusilə qeyd etməliyik. Rusiya sülhməramlılarının zamanından əvvəl bölgədən çıxarılmasını Azərbaycanın növbəti böyük diplomatik və siyasi uğuru kimi qiymətləndirməliyik. Əlbəttə, ötən il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatından sonra artıq Rusiya sülhməramlılarının Qarabağda görəsi bir işi qalmamışdı. Onların vaxtından əvvəl gedişi də artıq demək olar ki, həll olunmuş bir məsələ idi. Amma zamanında “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”- söyləyən cənab Prezident vaxtında məqamı gələndə də bu addımı atdı. Artıq Rusiya sülhməramlılarının bölgədən getməsi prosesi başlayıb. İndi bunun fonunda heç şübhəsiz ki, Ermənistan tərəfi də lazımi anlayışlı addımlar atmalı, sülh müqaviləsini bağlamaq üçün ciddi işlər görməlidir. Azərbaycanın verdiyi təkliflər üzərində monopoliyasına son qoymalıdır. Bu təkliflər əsasında da sülh müqaviləsi bağlanmalıdır ki, bölgədə gərginliyin azaldılması və əməkdaşlığın başlanması istiqamətində lazımi işlər görülsün. Fransa və Amerika da dərk etməlidir ki, imperialist siyasətin Qafqazda yeri yoxdur. Bölgədə artıq güclü dövlətlər formalaşıb. Hesab edirəm ki, Ermənistan əgər bir dövlət kimi mövcudluğunu davam etdirmək istəyirsə, Azərbaycan və Türkiyə ilə inteqrasiyaya getməlidir. Əlbəttə, bölgə dövlətlərinin birliyi lazımdır, amma cənab Prezident Milli Məclisdə keçirilən inaqurasiya mərasimi zamanı bütün dünyaya açıq şəkildə bəyan etdi ki, bizim ailəmiz türk dünyasıdır, türk birliyidir. Hesab edirəm ki, biz türk birliyinin daha çox bölgəyə nüfuz, inteqrasiya etməsi və öz gücünü göstərməsi üçün təşəbbüsləri artırmalıyıq.

Musa URUD,

Milli Məclisin deputatı.