Ermənistan separatizmi dəstəkləyir
Siyasət

Ermənistan separatizmi dəstəkləyir

Tarix boyu qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, "böyük Ermənistan" yaratmaq xəyalı ilə yaşayan ermənilər daim terror siyasəti həyata keçirmiş və dəhşətli cinayətlərə əl atmışlar. Başlıca məqsədləri Azərbaycanın torpaqları hesabına öz ərazisini genişləndirmək olan ermənilər müəyyən xarici qüvvələrin maraqlarının ifadəçisinə çevrilmək üçün təcavüzkarlıq siyasətini "milli mübarizə" yolu seçiblər. Həmin xarici qüvvələr də Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün "erməni məsələsi"ndən öz məqsədlərinə uyğun şəkildə istifadə etməyə çalışıblar.

Separatizm getdikcə regional və qlobal səviyyələrdə bəlaya çevrilir. İri dövlətlər isə bu prosesdən başqa ölkələrin daxili və xarici siyasətinə qarışmaq üçün yararlanmağa çalışırlar. Bu isə milyonlarla insanın faciəsi ilə bitir. Dünyada söz sahibi olan böyük dövlətlər və təşkilatlar Azərbaycanın Qarabağ bölgəsində baş qaldırmış erməni separatizminə təəssüf ki, eyni münasibəti göstərməyiblər. Türklərə qarşı yönəldilmiş bu hərəkat müəyyən qədər bəlli olsa da, onun dəhşətli, faciəvi nəticələri beynəlxalq aləmdə hüquqi baxımdan qiymətini almayıb. Birmənalı olaraq görünür ki, ermənilər psixoloji baxımından daha çox şovinist təbiətlidirlər. Çünki erməni kilsəsi tarixən bu xalqın şüuruna "biz məzlum və seçilmiş ermənilər, qatil və düşmən türklərdən qisas almalıyıq" düşüncəsini aşılamışdır. Bunun üçün uydurulmuş "erməni soyqırımı" erməni xalqını psixoloji əsarətdə saxlamağa kömək edir. Heç vaxt dövləti və dövlətçilik tarixi olmayan ermənilər Anadoluda və Qafqazda özlərinə dövlət qurmaq üçün separatizm və terrorizmi seçərək ümumən türk xalqının firavan gələcəyinə kölgə salmışlar. Separatizmin ilk addımlarından sayılan bu aktlar hayların gələcəkdə törədəcəkləri çirkin əməlləri özündə ehtiva edirdi. Bu səbəbdən də, erməni siyasi partiyalarının və gizli silahlı birləşmələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə yanaşı, etnopsixoloji kontekstdə də Ermənistana qarşı beynəlxalq fikir formalaşdırılmalı və bu istiqamətdə adekvat addımlar atılmalıdır. Azərbaycana qarşı aparılan separatçılıq və soyqırımı siyasətinə, törədilən vəhşilik və cinayətlərə görə Ermənistan cəzalandırılmalıdır.

Ermənipərəst Fransa riyakarcasına Cənubi Qafqazda sülh prosesinə əngəl olmaqda davam edir. Onların siyasəti Ermənistanı silahlandırmaq, onu yeni münaqişələrə cəlb etməkdir. Fransanın xarici işlər naziri Ketrin Kolonnanın İrəvana səfəri də məhz bu çirkin missiyanı reallaşdırmağa yönəlib. Azərbaycanla Ermənistan arasında münaqişənin həlli üçün yaradılan ATƏT-in keçmiş Minsk qrupuna rəhbərik etmiş bir ölkə birtərəfli qaydada anti-Azərbaycan siyasəti ilə seçilir, separatizmi dəstəkləyir.

Təbii ki, Fransanın digər planları kimi, Ermənistanla bağlı səyləri də nəticəsiz qalacaq. Ölkəmiz artıq Qarabağda antiterror tədbirləri ilə separatçıların fəaliyyətinə son qoyub. Biz beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarımızda qanunun aliliyini bərpa etməyə başlamışıq. Fransa isə bütün bunlarla barışa bilmir. Ortada qalan, inkişaf və tərəqqidən geri düşən ölkə yenə də Ermənistan olacaq. Bu ölkə hələ də anlamır ki, inkişaf, tərəqqi sülh və əmin-amanlıqdan keçir.

Qeyd etməliyik ki, Avropa Parlamentindən olan bəzi deputatların Ermənistana səfəri baş tutub. Deputatlar Nikolas Bay, Mariyon Marişal və Vinçenzo Sofonun riayət etməli olduqları bütün qayda və davranış normalarını pozaraq, özünü ləğv etmiş və Azərbaycanın Qarabağ regionundan qaçmış keçmiş separatçı rejimin nümayəndələri ilə birbaşa əlaqə yaradıblar. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bununla bağlı narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirib. Bu hərəkətlər 30 il ərzində cinayətləri xarici havadarları tərəfindən ört-basdır edilən separatçılara açıq dəstək verməklə yanaşı, qondarma "demokratiya" carçılarının həqiqi niyyətlərinin bariz nümunəsidir. Bütün bu olanlar, bu qurumun parlamentarilərinin dünyadakı türklərə qarşı nifrətinin aşkar şəkildə nümayişidir.

Azərbaycan bu gün fərqli sivilizasiyalar arasında körpü rolunu oynayır. Ölkə rəhbəri son on ildə mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın təşviqinə yönələn çox sayda təşəbbüslə çıxış edib və beynəlxalq miqyaslı tədbirlər keçirilib. Dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər baş tutub. Azərbaycan bu işə maraq göstərən dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığa həmişə hazırdır. Bununla sülhə, xalqların dinc birgəyaşayışına və qarşılıqlı anlaşmaya sanballı töhfə vermək mümkündür.

Röya RÜSTƏMLİ,

"Respublika".