Azərbaycanın reytinqi etibarlı tərəfdaş kimi yüksəlir
Siyasət

Azərbaycanın reytinqi etibarlı tərəfdaş kimi yüksəlir

Bölgədə yaranmış yeni reallıqlar çərçivəsində ölkəmizlə əməkdaşlıq genişlənir

Münxen Təhlükəsizlik Konfransı, qlobal təhlükəsizliklə bağlı ən mühüm məsələlərin müzakirə olunduğu platformadır və əhəmiyyətinə görə dünyada ilk sırada dayanır. Prezident İlham Əliyevin sözügedən konfransda iştirakı, keçirdiyi görüşlər və səsləndirdiyi fikirlər dünyanın aparıcı media resurslarının və nüfuzlu ekspertlərin diqqət mərkəzində oldu. Şübhəsiz ki, bu, ilk növbədə, Prezident İlham Əliyevin şəxsi nüfuzu, regional və qlobal proseslərə obyektiv yanaşma tərzi, faktlara və reallıqlara söykənən, müstəqil baxış bucağı ilə bağlıdır.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan, təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın mühüm geostrateji mövqeyə malik olan ölkələrindən birinə çevrilib. Azərbaycanın, tamamilə aydın və müstəqil, yalnız milli maraqlara söykənən siyasət yürütməsi, regionda və dünyada baş verən proseslərə çevik reaksiya verməsi, təmsil olunduğu təşkilatların fəaliyyətinə dinamika gətirməsi, qlobal məsuliyyətini yüksək səviyyədə dərk etməsi, öhdəliklərinə və prinsiplərinə sadiq qalması ölkəmizin bütün dünyada, beynəlxalq birliyin əhəmiyyətli hissəsi tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunmasına zəmin yaradıb. Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra, ölkəmizə qarşı həyata keçirilən, beynəlxalq hüquqa, ədalət prinsiplərinə zidd bütün çağırışlara adekvat cavab verib, strateji hədəflərinə doğru, kənar təsirlərə və təzyiq elementləri daşıyan davranışlara məhəl qoymadan inamla addımlayıb. Məhz bu amil, həmçinin bölgədə yaranmış yeni reallıqlar ölkəmizlə əməkdaşlığın geniş perspektivlərini vəd edir, Azərbaycana olan marağın bundan sonra daha da artacağını proqnozlaşdırmağa əsas verir.

Bu konfrans bir də ona görə yaddaqalan oldu ki, Münxendə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında vasitəçiliyə iddia edən ölkələrin iştirakı olmadan görüş baş tutdu. Almaniyanın kansleri bu görüşə, sadəcə ev sahibi kimi qatılmışdı.

Biz torpaqlarımızın işğal altında olduğu zaman danışıqlar prosesində vasitəçilərin hansı missiyanı həyata keçirdiyinin şahidi olmuşuq. Əgər vasitəçilərin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi bir işə yarasaydı, o zaman müharibəyə lokal antiterror əməliyyatlarına ehtiyac qalmazdı. Azərbaycanın timsalında təcrübə onu deməyə əsas verir ki, maraqlı tərəflərin "vasitəçi" adı ilə daxil olduğu prosesdə irəliləyişə nail olmaq mümkün deyil. Çünki hər bir vasitəçi prosesə öz marağını daşıyır və onun təmin edilməsinə çalışır. Tərəflər artdıqca maraqları uzlaşdırmaq mümkün olmur və nəticədə proses uzanır, yaxud tamamilə dalana dirənir. Bu baxımdan, ölkəmiz Ermənistanla münasibətlərin normallaşması prosesində, ilk növbədə, öz təcrübəsindən çıxış edir. Bu təcrübə isə onu deməyə əsas verir ki, yalnız birbaşa təmaslar yolu ilə nəticəyə nail olmaq mümkündür. Ermənistan rəhbərliyi situasiyaya uyğun, perspektivsiz manevrlər etməkdən əl çəkməli və özünü müstəqil hüququn subyekti kimi aparmağı bacarmalıdır.                                                                        

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.