Azərbaycanın şərabçılıq turizmi üzrə imkanları İtaliyada nümayiş olunur
Mədəniyyət

Azərbaycanın şərabçılıq turizmi üzrə imkanları İtaliyada nümayiş olunur

Ölkəmizin qastroturizm və enoturizm imkanlarının təbliğatının bir hissəsi olaraq icma əsaslı şərabçılıq ənənələri İtaliyanın Boloniya şəhərində keçirilən “Slow Wine” yarmarkasında təmsil olunur.

1000-dən çox şərabçı və şərab zavodu nümayəndəsinin, o cümlədən 10 mindən çox ziyarətçinin iştirak etdiyi yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən “F.A. Valley” və “Meyvi Spirits” şərab istehsalçıları təmsil edirlər.

Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov milli stendi ziyarət edib və təqdim edilən məhsullarla yaxından tanış olub.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Rəşad Əliyev “İcma üzümləri: yerli üzüm sortlarının gücləndirilməsi və şərab turizmi” mövzusunda olan panel müzakirələrdə çıxış edərək Mədrəsə üzüm sortunun timsalında unikal yerli üzüm sortları üzərində aparılan işlər haqqında məlumat verib.

Tədbir çərçivəsində, həmçinin “Slow Wine” şəbəkəsinin rəhbəri Ludoviko Rokatello ilə işgüzar görüş keçirilərək beynəlxalq təcrübənin öyrənilməsi və ökəmizdə bu sahədə həyata keçirilməsi planlaşdırılan işlər haqqında fikir mübadilə aparılıb.

“Respublika”.