Azərbaycanlı tələbələrin uğuru
Türk dünyası

Azərbaycanlı tələbələrin uğuru

"Bursa Yunuseli" Hava limanında  keçirilən "Teknofest-2023 Beynəlxalq Pilotsuz Uçuş Aparatları" yarışmasında,  İstanbulun Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsində təhsil alan azərbaycanlı tələbələrdən  ibarət "DroneX" komandası, festivalda iştirak edən  komandalar  arasında birinciliyi qazanıb. Komandanın üzvləri Davud Süleymanov, Həsən Dəmirli, Murad Çadir, Rüstəm Muxtarov, Samir Qənbərli və Məhəmməd Hacızadədir.

İstedadlı azərbaycanlı gənclər Yıldız Texnik Universitetinin 3-4-cü kursunda təhsil alırlar.  İştirak etdiyi bütün yarışmalardan əliboş dönməyən  "DroneX" komandası, 2022-ci ilin avqust ayında Kütahyada keçirilən   ''Teknofest'' və ''Tübitak'' qurumları tərəfindən təşkil olunmuş ''Beynəlxalq Sərbəst Görəv İHA'' yarışması kateqoriyasında 96 komanda arasından yarışmanı 3-cü olaraq bitirmişdir.  Samsunda keçirilən ''Teknofest Qaradəniz'' festivalında da uğur qazanmağa müvəffəq olan "DroneX" komandası festivalın bürünc medalına layiq görülüb.

 "Mübariz" Pilotsuz Uçuş Aparatı ilə "Teknofest-2023 Beynəlxalq Pilotsuz Uçuş Aparatları" yarışmasında birincilik əldə edən "DroneX" komandasının kapitanı Davud Süleymanov mükafat alarkən keçirdiyi hissləri bizimlə  bölüşüb: "Məndə və komandamda böyük bir həyəcan, xoşbəxtlik və qürur hissi var. Biz bu mükafatı kollektivimizin gərgin zəhməti və nizam-intizamlı əməyi nəticəsində qazandıq. Komanda yoldaşlarımın bacarığı, əzmi və əzmkarlığı bizə bu uğuru qazanmağa imkan verdi. Bu gün aldığımız mükafat təkcə nailiyyət sertifikatı və ya medal deyil, həm də əməkdaşlığımızın, komanda ruhunun və inancımızın əhəmiyyətini ifadə edir. Bugünkü mükafat da gələcək hədəflərimiz üçün motivasiya mənbəyi olacaq. Bu qələbə komandamız üçün mühüm mərhələdir və bizi gələcək nailiyyətlərimizdə ruhlandırır". Davud Süleymanov deyib ki, bizim əsas məqsədimiz müharibələrdə düşmənin pilotsuz uçuş aparatlarını ovlaya biləcək bir sistem yaratmaq idi. Buna nail olduq və adını şəhid Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək üçün  "MÜBARİZ" qoyduq. Biz bu yarışmada Mübariz İbrahimovun adını yüksəkliyə qaldırdığımız üçün çox sevincliyik.

"DroneX" komandasının fəal üzvü  Həsən Dəmirli "MÜBARİZ" Silahlı PUA-sı haqqında ətraflı məlumat verib. O deyib: "MÜBARİZ" Silahlı PUA süni intellektin köməyi ilə düşmənin İnsansız Hava Vasitələrini (İHV) aşkar edir, izləyir və məhv edir. Bunun üçün aparatın alt hissəsində 0,68 kalibr sursat məhsulu olan silah yerləşdirilib. Bundan başqa, PUA-nın tam avtonom rejimdə süni intellekt ilə işləyən izləmə və hədəfləmə sistemi, bilinən təhdidlərə dərhal müdaxilə, uzaq məsafəli görüntü transferi, kommunikasiya sistemi, gimballı avtomatik atış sistemi və operator tərəfindən idarə olunan çoxqatlı atəşləmə tədbiri kimi özünəməxsus xüsusiyyətləri var.

Həsən Dəmirli deyib ki, komandamız  iyun ayında ABŞ-da keçiriləcək ''SUAS-2023'' yarışmasına dəvət alıb. Çox əmək sərf edirik və o yarışmada da birinciliyi qazanmaq üçün var gücümüzlə çalışırıq. Məqsədimiz iştirak etdiyimiz bütün yarışmalarda Azərbaycanın adını yüksəkliklərə qaldırmaqdır. Komanda olaraq ən böyük arzumuz gələcəkdə Azərbaycanda bu tipli layihələri inkişaf etdirmək və daha da genişləndirməkdən  ibarətdir.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.